Topaz premyer-liqasında millinin oyunlarına görə yaranan fasilədən sonrakı tur olduqca vacib idi. Kimin 17-18 günlük boşluqdan necə yararlandığına baxıb qiymət vermək lazım gəlirdi: problemlilər çatışmazlığı aradan qaldıra bilibmi, işləri yolunda gedənlər komandanı tonusda saxlamağı bacarıbmı və s...
“Qarabağ”ın “Sumqayıt”ı çətinliklə, hətta hakimin köməyi ilə məğlub etdiyini vurğulamaq lazımdı. Məlum məsələdi, Qurban Qurbanov və yetirmələrinin bir ayağı Portuqaliyada idi və bu üzdən çempionat matçına köklənə bilməmişdilər. Avroliqa çərçivəsində “Sportinq”lə matç ərəfəsində çox güc sərf etməmək və zədədən yayınmaq vacib idi. Ancaq Nazim Süleymanovun komandasının da haqqını vermək lazımdı. Sumqayıtlılar ən azı heç-heçəni haqq edirdi. Hakimlərin meydan sahiblərinə aşkar rəğbəti nəticənin ədalətli olmasını şübhə altına saldı. Maraqlıdı ki, “Sumqayıt” ilk 4 turda hazırda turnir cədvəlində özündən irəlidə qərarlaşan komandalarla qarşılaşıb. Bu həm də o deməkdi ki, “gənclik şəhəri” təmsilçisi ilk dövrənin sonuna kimi təqvimdən yararlanmalı, mövqeyini yaxşılaşdırmalıdı. Pis olan məqam budu ki, Süleymanovun komandası az qala hər turda azlıqda mübarizə aparmalı olur. Yeganə xal itirmədiyi görüş “Sabah”la olub ki, komanda həmin matçda 3 xal qazanıb. Süleymanov yetirmələrinin intizamsızlığına əncam çəkməlidi!
Bəribaşdan qeyd edək ki, “Səbail” – “Zirə” matçının nəticəsinin ləğv olunacağı gözlənilir. İntizam Komitəsinin bu gün keçiriləcək iclasında qonaq komandanın texniki xətası ilə bağlı qərar veriləcək. Məsələ burasındadı ki, protokolda limitə uyğun olaraq, 1998 təvəllüdlü və daha gənc bir futbolçunun adını qeyd etməli olan qonaqlar bunu unudublar. Bu isə Əsasnaməyə ziddi. Halbuki Samir Abasov “Zirə”nin baş məşqçi postunda debüt oyununda ilk xala sevinmişdi. Texniki məğlubiyyət rəsmiləşəndən sonra qəsəbə təmsilçisi birbaşa “zirzəmi”yə yuvarlanacaq. Artıq özünə gələn “Səbail” isə həm də bəxt sayəsində 4-cü pilləyə yüksələcək.
Tura bazar günü iki oyunla yekun vuruldu ki, hər ikisində meydan sahibləri “quru” hesabla qalib gəldi. “Sabah” “Qəbələ” ilə görüşdə 3 xalı 1 qolla bayram etdi. Debütant yenə 3 xalı Marko Deviçin sayəsində qazandı. Beləliklə, “Sabah”ın premyer-liqada vurduğu 5 qolun hamısı serb əsilli ukraynalının ayağındadı. Bombardirlərin yarışına inamla başçılıq edən Deviç bu gedişlə premyer-liqada son illərdəki məhsuldarlıq rekordunu yeniləyəcək. “Sabah” elitada çıxış etdiyi ilk mövsümdə gümüş medal qazanan “Zirə”ni xatırladır. Komandanın üzərində təzyiqin olmaması nəticələrdə əksini tapır. Belə görünür ki, hazırda 2-ci pillədə qərarlaşan debütant mükafatlar uğrunda mübarizəni davam etdirəcək. Elşad Əhmədovun uzunmüddətli fasilə dövründə də komandanı tonusda saxlaması qeyd olunmalıdı. “Qəbələ”yə gəlincə, insafən, Sənan Qurbanovun komandası “Sabah”la oyunda üstünlüyə sahib idi. Çoxsaylı qol fürsətlərini əldən verən “qırmızı-qaralar”da hələ ki çatışmayan əsas məqam məhz imkanların sağa-sola xərclənməsi, lazımınca dəyərləndirilməməsidi. Demək olar, bütün matçlarda ərazi və oyun üstünlüyünə malik olan komanda bunu nəticədə əks etdirə bilmir. Bölgə təmsilçisini növbəti turda daha bir ağır sınaq gözləyir. Sənan Qurbanovun yetirmələri bazar günü “Qarabağ”ın qonağı olacaq. Ağdamlıların Portuqaliyadan yorğun dönəcəyi gözləniləndi və bu baxımdan cəmi 3 gün sonra baş tutacaq çempionat oyununa tam güclə çıxa bilməyəcəklər. Belədə “Qəbələ” bu imkandan yararlanmalıdı. Sənan Qurbanov üçoyunluq qələbəsiz seriyaya son verə bilsə, komandada işlərin yoluna düşəcəyini güman etmək olar. Birinci dövrənin son iki turu da bölgə təmsilçisinin xeyrinə olacaq. Komanda autsayderlər “Keşlə” və “Zirə”ni sınağa çəkəcək.
“Neftçi” “Keşlə” üzərində çətin, ancaq vacib qələbə qazandı. Mladen Milinkoviçin komandası cari mövsümdə bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Yalnız son 5 dəqiqədə sayıqlığı əldən verən və meydanı xalsız tərk edən “Keşlə”nin növbəti turda “qara zolaqdan çıxacağına” ümid etmək olar. Artıq “bıçaq sümüyə dirənib”, komanda mövsümlə bağlı planlarından uzaqlaşmaqdadı. “Neftçi”yə gəlincə, Roberto Bordin italyan mütəxəssislərə xas bacarıqla hələ ki nəticə qazanır və inamla zirvədən yapışıb. Komandanın əvvəlki oyunlara nisbətən inamsız çıxışı, yalnız sonda təzyiqi artıraraq 3 xala qovuşması qeyd olunmalıdı. “Qarabağ”la birgə məğlubiyyətsiz seriyanı davam etdirən “ağ-qaralar” növbəti turda “Zirə”ni sınağa çəkəcək.
Topaz premyer-liqası
1-ci dövrə, 4-cü tur
14 sentyabr
Qarabağ – Sumqayıt 1:0
15 sentyabr
Səbail – Zirə 1:1
16 sentyabr
Sabah – Qəbələ 1:0
Neftçi – Keşlə 2:0
1. Neftçi 4 3 1 0 7-2 10
2. Sabah 4 3 0 1 5-4 9
3. Qarabağ 3 2 1 0 4-1 7
4. Qəbələ 4 1 1 2 5-4 4
5. Sumqayıt 4 1 1 2 5-5 4
6. Səbail 4 1 1 2 3-7 4
7. Zirə 3 0 2 1 3-5 2
8. Keşlə 4 0 1 3 3-7 1
Bombardirlər: Marko Deviç (Sabah) – 5, Mahir Mədətov (Qarabağ), Kevin Kubemba (Səbail) – 2.
Növbəti turun oyunları: 22 sentyabr – Səbail – Sabah, Zirə – Neftçi; 23 sentyabr – Keşlə – Sumqayıt, Qarabağ – Qəbələ.