Bordin: “Qarabağ” – “Sumqayıt” oyununda əllə oyuna görə penalti verilməliydi”
16. Neftçi (Bakı) – Keşlə 2:0 (0:0)
1. Səlahət Ağayev – 6,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
5. Anton Krivotsyuk – 6,0
25. Kiril Petrov (k) – 5,5
18. Tural Axundov – 5,5
93. Soni Mustivar – 5,5
6. Qoran Paratski – 5,5
9. Baqali Dabo – 6,0
17. Rəhman Hacıyev – 5,0
(22. Mirabdulla Abbasov, 75) – 6,0
10. Dario Federiko – 5,0
(7. Namiq Ələsgərov, 63) – 5,5
11. Kvame Karikari – 5,0
(28. Slavko Braliç, 90) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
4. Rəşad Eyyubov
26. Ömər Buludov
32. Mirkamil Əliyev
33. Ricat Qarayev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
77. Elvin Sərkərov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Səlahət Ağayev
1. Kamran Ağayev (k) – 6,0
19. Azər Salahlı – 5,5
3. Denis Silva – 5,5
33. Tərlan Quliyev – 5,0
93. Edvinas Girdvainis – 5,5
65. Cabir Əmirli – 4,5
(2. Sərtan Taşkın, 54) – 5,5
22. Nikola Mitroviç – 5,5
90. Ebrima Sohna – 5,5
7. Vaqif Cavadov – 5,0
(17. Samir Məsimov, 66) – 5,0
4. Slavik Alxasov – 5,5
14. Andre Klennon – 5,5
(11. Bahodir Nasimov, 85) – qiymətsiz
Ehtiyat oyunçular
30. Davud Kərimi
9. Amil Yunanov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
21. Herve Tçami
66. Murad Qayalı
88. Məmməd Quliyev
97. Elnur Cəfərov
Baş məşqçi: Mladen Milinkoviç
Komandanın ən yaxşısı: Kamran Ağayev
Qollar: A.Krivotsyuk, 88 (1:0, M.Abbasov). B.Dabo, 90+3 (2:0, M.Abbasov).
Vərəqələr: T.Quliyev, 25 (qeyri-idman hərəkəti). E.Sohna, 58 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 69 (qeyri-idman hərəkəti). K.Ağayev, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
16 sentyabr. Bakı. Bakcell Arena. 1300 tamaşaçı (10260 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Neftçi” bir neçə aylıq fasilədən sonra doğma meydanına qayıtdı. Ot örtüyü yenilənən “Bakcell Arena”ya dönüşün ajiotajla müşayiət olunacağı gözlənilirdi. Ancaq flaqmana gözləniləndən xeyli az dəstək verən vardı. Yenə də fanklublar sağ olsun. Onların sayəsində stadionda azarkeşin olduğu bilinirdi.
Yığmadan zədəli qayıdan Emin Mahmudovun adı oyunun iştirak ərizəsinə salınmamışdı. Onun yoxluğunda Roberto Bordin cari mövsümdə ilk dəfə Rəhman Hacıyevi ilk “11-liy”ə salmışdı.
Görüşə meydan sahibləri kəşfiyyatsız və istəkli başladı. Artıq ilk 10 dəqiqədə rəqib qapısı önündə üç təhlükəli vəziyyət yaradıldı. Krivotsyukun zərbəsi qapının üstündən keçdi, Dabo toru çöldən silkələdi, Hacıyev isə əlverişli mövqedən cərimə zərbəsini boşa verdi. “Keşlə”nin buna cavabı 13-cü dəqiqədə gəldi. Ancaq Vaqifin zərbəsi Səlahəti narahat etmədi. 6 dəqiqə sonra isə Kamran həyəcanlandı. Kornerdən asma zamanı nəzarətsiz qalan Krivotsyuk yüzfaizlik qol imkanını qaçırdı.
Bu dəqiqələrdə “Keşlə” hücumda çoxala bilmirdi. Bunun da əsas səbəbi müdafiədən hücuma çıxmaqda problem yaşamasındaydı. Əsas ümid standart vəziyyətlərə idi. Belə bir fürsət yarımsaatın tamamında ələ düşsə də, cərimə zərbəsindən asmadan sonra Klennon əla şansı boşa verdi. Hissənin son 15 dəqiqəsi meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Ancaq rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmirdilər. Əslində “Neftçi”nin futbolçuları rəqibin cərimə meydançasına soxulmaqda çətinlik çəkmirdi. Ancaq son qərar dəqiq olmurdu. Belə vəziyyətlərin birində Dabo uzun çək-çevirdən sonra heç kimin olmadığı yerə ötürmə verməklə özünü gülüş obyektinə çevirdi. Amma fasiləyə az qalmış hər iki qapı qarşısında yaddaqalan epizod izlədik. Salahlının gözəl zərbəsinə Ağayev əla reaksiya verdisə, Dabo yaxın məsafədən “çərçivə”yə düşə bilmədi.
Fasilədən sonra nəfəskəsən mübarizəyə şahidlik etdik. İkinci yarının əvvəllərində Klennon və Dabo müdafiəçilərə çətin anlar yaşadırdı. Xüsusən Baqalinin Salahlını aldatdıqdan sonra Kamrana uduzduğu epizod yaddaqalan oldu. 63-cü dəqiqədə isə kapitan sarğısını qoluna taxan Petrovun baş zərbəsində dəqiqlik çatmadı.
Baş məşqçilərin əvəzetmələri oyuna sürət qazandırdı. 70-ci dəqiqədə Mitroviçin cərimə zərbəsindən yaxın “9-luğ”a ünvanladığı topu Səlahət möhtəşəm sıçrayışla kornerə çıxardı. Ağayev heç bir dəqiqə keçməmiş Alxasovun qola sevinməsinə imkan vermədi. “Keşlə”nin pressinqi az qala fayda verəcəkdi. Ancaq Mustivarın kobud səhvindən Klennon yararlana bilmədi. Hücumçu qapıçıyla təkbətək çıxsa da, topu yandan vurdu. “Neftçi” də boş oturmurdu. 77-ci dəqiqədə Karikari Dabonun min bir əziyyətlə irəli daşıdığı topu insafsızca Kamrana “bağışladı”. Bir qədər sonra hücuma qoşulan Mirzəbəyovun yaxın küncə ünvanladığı topu yığmanın “1 nömrə”si dirəyin dibindən çıxardı. Cavab hücumunda Taşkının “mərmi”si qeyri-dəqiq oldu. Az sonra Karikari cərimə meydançasında yerdə qalsa da, hakim penalti olmadığına işarə verdi. Epizodun təkrarında Kvamenin bilərəkdən ayağını rəqibə ilişdirərək, yerdə qaldığı aşkar görünürdü.
Oyunun qolsuz bitəcəyini düşündüyümüz vaxtda “Neftçi” hesabı açdı. Korner asmasından sonra Mirabdulla Antona fantastik ötürmə verdi. Abbasovun başı üzərindən vuruşla qapı önünə yönəltdiyi topu Krivotsyuk tora qovuşdurdu. Az sonra Namiqin zərbəsini Kamran kornerə çıxardı. Ağayev əlavə olunmuş son dəqiqədə diqqət mərkəzinə düşdü. Korner zamanı rəqibin cərimə meydançasına qaçan qolkiper bunun cəzasını çəkdi. Tərlanın top itkisindən sonra boş qapıya doğru şığıyan “Neftçi”nin futbolçuları fərqi artırdı. Ancaq bu qol aşkar ofsayddan vuruldu. Belə ki, Abbasovun öndəki Daboya ötürməsi zamanı laysman Ağayevin qapısında olmadığını unutdu. Qaydalara görə, ötürmə zamanı – topun ayaqdan çıxdığı anda hücumda olan futbolçu rəqibin iki oyunçusundan geridə olmalıdı. Bu vəziyyətdə isə Dabonun qarşısında yalnız bir futbolçu vardı. Qoldan dərhal sonra hakim final fitini səsləndirdi.
SƏRXAN
Gözdən qaçmadı
* Azarkeşlərdən biri 1 manatına qıymayıb, hasarı aşaraq stadionun ərazisinə daxil oldu.
* “Neftçi” azarkeşləri stadiona cəlb etmək üçün maraqlı fan-zona təşkil etmişdi. Oyundan 1 saat əvvəl arenaya gəlməklə müxtəlif əyləncə vasitələrindən yararlanmaq mümkün idi. Ancaq görünür, bu da futbolsevərləri yetərincə stimullaşdırmamışdı. Tribunaların cəmi ondabirinin tutulması acı faktdı.
* Komandalar meydana “Neftçi”nin Cavid adlı fiziki məhdudiyyətli azarkeşiylə birgə çıxdı və futbolçular onunla bir-bir salamlaşdı.
* “Bakcell Arena”nın yeni ot örtüyü göz oxşayırdı. Ancaq bizdə, adətən, qazonun əla vəziyyəti çox çəkmir. Görək bu örtük nə qədər tab gətirəcək.
* 41-ci dəqiqədə stadionun diktoru azarkeşlərə səslənərək fit çalıb, hakimlərin işinə mane olmamağı xahiş etdi.
* “Neftçi”nin qolu Kamran Ağayevi özündən çıxardı. Qolkiper bu epizodda qayda pozuntusu olduğunu iddia edirdi. Qarşısında sarı vərəqə görən yığma üzvü topu götürüb mərkəz nöqtəyə qoydu. Ağayev son dəqiqələri sanki sahə oyunçusu kimi irəlidə keçirirdi. Final fitindən sonra Kamran qəzəbindən özünə yer tapa bilmirdi. Kənardakı oturacağa əyləşən Ağayevi bir də “Neftçi”nin əqli çatışmazlığı olan azarkeşi qıcıqlandırırdı.
Reaksiyalar
Mladen Milinkoviç: “Əlbəttə, uduzduğumuz üçün məyusuq. Heç də pis oynamadıq. İkinci hissədə daha yaxşı oynadıq. Ancaq bəxtsizliklə üzləşdik. Ələ düşən imkanlardan yararlana bilmədik. Bu gün taktiki cəhətdən çox yaxşı oynadıq. “Neftçi”nin güclü hücum xətti var. Futbolda qələbə qazanmaq üçün qol vurmaq lazımdı. Bunu da rəqib bacardı. Bugünkü “Keşlə” tam fərqli komanda idi. Yaxşı mübarizə apardı. Ancaq nəticə qazana bilmədi. Klennon bu gün yaxşı oynadı, hər an təhlükəli vəziyyət yarada bilirdi. Ona görə hücumçunu gec əvəzlədiyimi düşünmürəm. Final fitinə bir dəqiqə qalmış Kamranın qapını boş qoymasının artıq bir mənası yox idi. 0:1 və ya 0:2-nin heç bir fərqi yoxdu, məğlubiyyət məğlubiyyətdi. Referi oyunu yaxşı idarə etdi. Ancaq məncə, ikinci qol oyundankənar vəziyyətdən vuruldu. Hərçənd bunun elə bir anlamı yoxdu. Düzdü, Amil Yunanov sürətli oyunçudu. Ancaq mən şəraitə uyğun olaraq, Bahodir Nasimova üstünlük verdim. Sən yaxşı məşqçi ola bilərsən. Amma əsas futbolçuların meydanda verdiyi qərarlardı. Əlbəttə, sonuncu pillədə olduğumuz üçün özümüzü yaxşı hiss etmirik. Məğlubiyyətlər komandaya psixoloji cəhətdən mənfi təsir göstərir. Futbolda hər şey mümkündü. Albaniyada işləyəndə 6 oyuna 3 xal toplamışdım. Ancaq sonda Avroliqaya vəsiqə qazandıq”.
Roberto Bordin: “Komandamın oyunundan çox razıyam. İkinci hissədə yetərincə yaxşı oynadıq. Meydana sonradan çıxanlar da ümidləri doğrultdu. 88 dəqiqə meydanda var-gəl edirdik? Bəlkə siz başqa oyuna baxırdız. Mümkünsə, ciddi sual verin. Bu qələbəni haqq etdik. Çünki yetərincə qol vəziyyəti yaratdıq. Cəmi 1-2 təhlükəli vəziyyət fonunda qalib gəlsəydik, onda bəxt sayəsində uğur qazandığımızı söyləmək olardı. Rəhmanın oyunundan razı qaldım. Emin Mahmudov hücumameyilli yarımmüdafiəçidi və yaxşı oyunçudu. Amma Hacıyev onun yerini doldura bildi. Dario Federiko və Baqali Dabo fərdi keyfiyyətləriylə seçilir. Dario yorulduğuna görə onu əvəzlədim. Ümumilikdə bu futbolçuların çıxışından razıyam. Emin Mahmudov yığmadan zədəli gəlib. Növbəti turda meydana çıxıb-çıxmaması bərpa prosesinin gedişindən asılıdı. “Qarabağ” – “Sumqayıt” oyununda əllə oyuna görə penalti verilməliydi. Bu o qədər aşkar görünürdü ki, həmin epizodda penalti verməmək mümkün deyildi”.
Anton Krivotsyuk: “İnanırdım ki, qol vuracam. İki şansımı boşa vermişdim, nəhayət, üçüncüdə qol vurmalıydım. Qolu tribunada oturan çox yaxın dostuma həsr etdim. Vacib qələbə idi. Hər iki komanda üçün çox çətin oyun oldu. Qalib gəlmək üçün çox güc sərf etdik. Komandamız hər oyuna son matç kimi köklənməlidi və çıxmalıdı. Hər şey hələ irəlidədi. Artıq növbəti oyunu fikirləşirik”.