Ən çox Türkiyə klubları ilə qarşılaşmışıq
Avqustun 10-da premyer-liqanın 2018/19 mövsümünə start veriləcək. Ötən “futbol ili”ndə olduğu kimi, elitada yenə də 8 komanda mübarizə aparacaq. Artıq yay fasiləsinin yavaş-yavaş qüruba yaxınlaşdığını demək olar. Komandalar geridə qalan müddətdə mövcud problemləri həll etmək və yeni marafona hazırlaşmaq üçün müəyyən proqram üzrə təlim-məşq toplanışı keçdilər. Kimin yeni mövsümə nə dərəcədə hazır olduğunu isə zaman göstərəcək. Hamıya bəllidi ki, çatışmazlıqları, problemli mövqeləri üzə çıxarmağın ən yaxşı yolu yoxlama oyunlarıdı. Düzdü, avrokubok təmsilçilərimiz həm də rəsmi matçlar keçiriblər. Lakin biz yay fasiləsində premyer-liqa iştirakçılarının keçirdiyi yoldaşlıq görüşlərini xatırladacağıq, həmin qarşılaşmaların nəticələrini, kimin necə təsir bağışladığını yada salacağıq. Qeyd edək ki, artıq klublardan heç biri yoxlama oyunu keçirməyəcək.
Avstriya, Sloveniya, Türkiyə
Bir daha qeyd edək ki, komandaların əvəzediciləri ilə görüşlərini siyahıda nəzərə almırıq. Bu qarşılaşmaların ikitərəfli oyun xarakteri daşıdığı, istənilən an ikinci heyətdən kiminsə əsas komandaya cəlb olunduğu hamıya məlumdu. Fərqli komandalar arasında keçirilən duellərə gəlincə, ümumilikdə yay fasiləsində 37 yoxlama oyunu reallaşdı. Bunlardan 30-u ölkə xaricində, qalanı isə Bakıda baş tutdu. Bütün komandalar toplanış üçün vətəni tərk etdi. “Qarabağ”la “Qəbələ”nin digər klublardan başqa məkanda toplanış keçdiyini də vurğulayaq. “Köhlən atlar” Avstriyanı, “qırmızı-qaralar” Sloveniyanı seçmişdi. Premyer-liqanın qalan 6 klubu isə qardaş Türkiyəyə üz tutmuşdu. Yalnız “Qarabağ” Bakıda sınaq matçına ehtiyac görmədi. Klublarımızdan altısı əcnəbilərlə 4 sınaq matçında qüvvəsini sınadısa, “Keşlə” və “Qəbələ” 3 qarşılaşmaya çıxdı. Təmsilçilərimiz həmin matçlarda 8 qələbə qazandı, 11 dəfə uduzdu, 11 görüşdə isə qalib müəyyənləşmədi. Xarici klublarla keçirilən yoxlama oyunlarında rəqib qapılarına 33 qol vuran komandalarımız 39 topu öz qapılarından çıxarmalı oldular. Göründüyü kimi, ümumi balansda bizimkilər geri qalır. İndi isə elita iştirakçılarının həm ölkədə, həm də xaricdə keçirdiyi sınaq matçlarını diqqətinizə çatdıraq.
Qarabağ
Ludoqorets (Bolqarıstan) 1:1
Vakker (İnsbruk, Avstriya) 0:0
Suriya yığması 0:1
Dinamo (Kiyev, Ukrayna) 0:1
Qəbələ
Kukesi (Albaniya) 1:1
Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Krakoviya (Polşa) 0:1
MOİK 1:1
Keşlə 2:0
Neftçi
Şkupi (Makedoniya) 2:0
Dunarea Kalaraşi (Rumıniya) 2:0
Çelik (Bosniya və Hersoqovina) 4:1
Politexnika (İaşi, Rumıniya) 3:1
Keşlə 2:0
Zirə
Əl-Haritiya (Qətər) 1:1
Girəsunspor (Türkiyə) 0:0
Osmanlıspor (Türkiyə) 1:0
Traktorsazi (U-23, İran) 3:0
Sabah 2:0
Sumqayıt
Əl-Şəhaniyyə (Qətər) 1:1
Alanyaspor (Türkiyə) 0:7
Yeni Malatyaspor (Türkiyə) 3:1
Girəsunspor (Türkiyə) 1:0
Sabah 2:0
Keşlə
Çelik (Bosniya və Hersoqovina) 0:2
Levadiya (Estoniya) 2:3
Traktorsazi (İran) 0:2
Neftçi 0:2
Qəbələ 0:2
Səbail
Gənclərbirliyi (Türkiyə) 0:3
Əl-Şəhaniyyə (Qətər) 2:2
Sivasspor (Türkiyə) 1:2
İstanbulspor (Türkiyə) 0:1
Sabah 1:1
Sabah 0:0
Sabah
Girəsunspor (Türkiyə) 1:1
Osmanlıspor (Türkiyə) 1:1
Sancaktəpə Bələdiyyəspor (Türkiyə) 2:2
Alanyaspor (Türkiyə) 1:1
Səbail 1:1
Zirə 0:2
Sumqayıt 0:2
Səbail 0:0
Göründüyü kimi, yoxlama oyunlarında ən yaxşı nəticə bütün qarşılaşmalarda qalib gələn “Neftçi”yə məxsusdu. “Ağ-qaralar” əcənəbilərlə 4 dueldən, eləcə də “Keşlə” ilə matçdan qalib ayrılmağı bacardı. Ancaq Roberto Bordinin komandası Avroliqanın ilk mərhələsində mübarizəni dayandırmaqla azarkeşlərini üzdü. “Zirə” və “Sabah” da Türkiyədən məğlubiyyətsiz döndü. Lakin sonuncular qardaş ölkədə keçirdiyi bütün matçlarda heç-heçə etdi. Elitanın debütantı, eləcə də “Qarabağ”, “Qəbələ”, “Səbail” və “Keşlə” xaricdə keçirdiyi yoxlama oyunlarında qələbənin nə olduğunu bilmədi. Ağdamlılar ÇL-dəki çıxışı ilə yoxlama matçlarındakı nəticələrin o qədər də önəmli olmadığını göstərdi. “Qəbələ” ilə “Keşlə” isə Avroliqada da uğursuzluq yaşadı, hər ikisi ilk mərhələdə “cırtdan” ölkə təmsilçisinə uduzdu. Maraqlıdı ki, Mladen Milinkoviçə həvalə olunan sabiq “bankirlər” vətənə döndükdən sonra iki yoxlama oyunu keçirsə də, yenə qələbə görmədi. Həm “Neftçi”, həm də “Qəbələ” paytaxt klubunu 2 cavabsız qolla yendi. “Sabah”la “Səbail”in iki yoldaşlıq oyunu keçirməsi və hər iki qarşılaşmanın “sülh”lə bitməsi diqqəti çəkən məqamdı.
Türkiyə hamıdan öndədi
Klublarımız 14 ölkə təmsilçisi ilə üz-üzə gəldi. Ən çox Türkiyə komandaları ilə qarşılaşmışıq – 12 dəfə. Ən böyükhesablı məğlubiyyət də qardaş ölkə təmsilçisi ilə dueldə qeydə alınıb. Belə ki, “Alanyaspor” “Sumqayıt”ı 7 cavabsız qolla məğlub edib. Ən böyük qələbələrimizin gerçəkləşdiyi matçlarda isə 3 top fərqi qeydə alınıb. “Neftçi” “Çelik” üzərində 4:1 hesablı qələbə qazanıbsa, “Zirə” “Trakstorsazi”nin U-23 komandasını 3 cavabsız qolla məğlub edib. Yeri gəlmişkən, “Çelik” “ağ-qaralar”dan öncə “Keşlə” ilə də yoxlama oyunu keçirmişdi və təmsilçimiz həmin matçda bosniyalılara uduzmuşdu (0:2). Qətər “Əl-Şəhaniyyə”si həm “Sumqayıt”la (1:1), həm də “Səbail”lə (2:2) heç-heçə edib. “Alanyaspor” və “Girəsunspor” da iki təmsilçimizlə yoxlama oyunu keçirən rəqiblərdəndi. Onu da qeyd edək ki, yığma ilə qarşılaşan yeganə komandamız “Qarabağ” oldu. “Köhlən atlar” Suriya millisinə minimal hesabla uduzdu. Beləliklə, hansı ölkələrin təmsilçiləri ilə neçə dəfə qarşılaşdığımızı, hansı nəticələrə imza atdığımızı və “əldə etdiyimiz xal”ı əks etdirən cədvəl yaradaq.
Türkiyə 12 3 5 4 11-19 14
Rumıniya 2 2 0 0 5-1 6
Makedoniya 1 1 0 0 2-0 3
Bosniya və Hers. 2 1 0 1 4-3 3
İran 2 1 0 1 3-2 3
Qətər 3 0 3 0 4-4 3
Albaniya 1 0 1 0 1-1 1
Avstriya 1 0 1 0 0-0 1
Bolqarıstan 1 0 1 0 1-1 1
Estoniya 1 0 0 1 2-3 0
Polşa 1 0 0 1 0-1 0
Suriya 1 0 0 1 0-1 0
Ukrayna 1 0 0 1 0-1 0
Xorvatiya 1 0 0 1 0-2 0
Ölkədən kənarda keçirilən oyunlara görə turnir cədvəli hazırlasaq, klublarımızın sıralaması belə olacaq:
1. Neftçi 4 4 0 0 11-2 12
2. Zirə 4 2 2 0 5-1 8
3. Sumqayıt 4 2 1 1 5-9 7
4. Sabah 4 0 4 0 5-5 4
5. Qarabağ 4 0 2 2 1-3 2
6. Qəbələ 3 0 1 2 1-4 1
7. Səbail 4 0 1 3 3-8 1
8. Keşlə 3 0 0 3 2-7 0
Yay fasiləsindəki bütün sınaq matçlarını nəzərə alanda isə turnir cədvəlindəki sıralamada bəzi yerdəyişmələr olur:
1. Neftçi 5 5 0 0 13-2 15
2. Zirə 5 3 2 0 7-1 11
3. Sumqayıt 5 3 1 1 7-9 10
4. Sabah 8 0 6 2 6-10 6
5. Qəbələ 5 1 2 2 4-5 5
6. Səbail 6 0 3 3 4-9 3
7. Qarabağ 4 0 2 2 1-3 2
8. Keşlə 5 0 0 5 2-11 0
FARİZ