Bazar günü “Əlincə Arena”da iki premyer-liqa təmsilçisi – “Sabah”la “Səbail” sınaq matçında üz-üzə gəldi. Bəribaşdan qeyd edək ki, bu komandalar iyulun 7-də də qarşılaşmış və 1:1-lik heç-heçəyə razılaşmışdılar. Əslində mövsümə hazırlığı yoxlama oyunu ilə tamamlamaq istəyən tərəflərin qayğıları başdan aşır. Hər iki komandada itkilər yetərincədi. Üstəlik, bu oyunda da sıradan çıxanlar oldu.
Başlayaq “Sabah”dan. İlk turda “Keşlə”nin qonağı olacaq debütant iki futbolçusunun - Cavid İmamverdiyev və Filip İvanoviçin xidmətindən istifadə edə bilməyəcək. İmamverdiyev üç gün öncə məşqlərin birində əzələsini dartıb və təxminən 2 həftə komandadan ayrı düşəcək. İvanoviç isə Türkiyə toplanışı zamanı xəsarət alıb. Onun ikinci turun oyununa qədər tam hazır olacağı gözlənilir.
"Səbail"in kapitanı Eltun Yaqublu Türkiyədə ciddi zədə alıb. O, Almaniyada əməliyyat olunacaq. Müdafiəçi dünən Almaniyaya yollanıb. Bundan başqa, Ruslan Qurbanovun yüngül zədəsi var, bu səbəbdən “Sabah”a qarşı oynamadı. Üstəlik, oyunun gedişində daha iki futbolçu sıradan çıxdı. İlk yarının gedişində Vüqar Bəybalayev xəsarət aldı. Həm də ad günündə arzuolunmaz vəziyyətlə üzləşən yarımmüdafiəçi yerini baxışda olan meksikalı Edqar Paçeçoya verdi. Yeri gəlmişkən, 28 yaşlı futbolçu təxminən 3 həftə öncə “Doha” klubu ilə danışıq aparıb və razılıq əldə edib. Lakin o, bir müddət sonra komandadan ayrılmaq qərarı verib. Edqarın sonuncu klubu “Ermis” olub. O, karyerası ərzində “Atlas”, “Uanl Tiqres”, “Leon”, “Mineros de Sakatekas”, “Keretaro”, “Kanvon”, “Əl-Nayma” kimi komandalarda çıxış edib. Futbolçu Meksikanın əsas yığmasının heyətində 5 oyun keçirib və 1 qol vurmağı bacarıb.
İlk müşahidəmizə əsasən “Əlincə Arena”da ilk dəfə oyun keçirən “Sabah”ın Masazırda azarkeş baxımından əziyyət çəkməyəcəyini deyə bilərik. Hər halda, yoxlama oyunu olmasına baxmayaraq, tribunalarda 70-80 nəfər var idi. Düzdü, onların 15-20-si futbol adamı idi. Yeri gəlmişkən, “Sabah”ın ilk turda qarşılaşacağı Mladen Milinkoviç də öz köməkçiləri ilə oyunu izləməyə gəlmişdi.
Oyuna gəlincə, tərəflər meydana aşağıdakı heyətlə çıxdı:
Sabah: Saşa Stamenkoviç, Vanderson, Kərim Diniyev (k), Eltun Turabov, Məqsəd İsayev, Erik Ramos, Tərzin Cahangirov, Vadim Abdullayev, Vitali Kvaşuk, 8. Elşən Abdullayev, Elgün Nəbiyev.
Səbail: Emil Balayev, Şəhriyar Rəhimov, İqor Korotetski, Tome Kitanovski, Maudo Jarjue, Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Enrike Moura, Fəhmin Muradbəyli, Kevin Brandon Kubemba.
Rauf Cabbarov, Azər Əsgərov və Knyaz Əmiraslanovdan ibarət hakimlər briqadasının idarə etdiyi və tempin aşağı olduğu qarşılaşmada ilk yarı “Sabah”ın, ikinci hissə isə “Səbail”in üstünlüyü şəraitində keçdi. Qol vəziyyətlərinin az olduğu görüşdə qapılara qol vurulmadı və tərəflər bir ay əvvəl olduğu kimi “sülh”ə razılaşdılar.
MİRAĞA