Macarlarla oyunun başlama saatı açıqlandı
Avroliqanın 1-ci təsnifat mərhələsində "Neftçi"nin "Uypeşt"lə qarşılaşacağını bilirsiz. “Ağ-qaralar”ın Macarsıtan təmsilçisi ilə ilk oyununun başlama saatı bəlli olub. İyulun 12-də "Dalğa Arena"da keçiriləcək görüş saat 21.00-da start götürəcək.
Bu arada baş məşqçi Roberto Bordinin heyətdə görmək istəmədiyi legionerlərdən biri ilə yollar ayrılıb. Paraqvaylı Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
"Neftçi"nin Türkiyədəki ilk yoxlama oyununda Makedoniya "Şkupi"sini məğlub etdiyini (2:0) xəbər vermişdik. Həmin matçda həm məhsuldar ötürmə, həm də qol ilə yadda qalan Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib: "Komanda bir araya gələndən sonra ilk oyunumuz idi. Şadam ki, qol vura bildim. Amma əsas odu ki, Avroliqaya qədər hazır olaq, tam optimal formanı yığaq. Komandada ab-hava yaxşıdı, çalışırıq məşqçilərin bütün tapşırıqlarını yerinə yetirək”.
Yeri gəlmişkən, "Neftçi" "Uypeşt"i keçəcəyi halda 2-ci mərhələdə İspaniya "Sevilya"sı ilə qarşılaşacaq. Paytaxt klubunun sabiq ispan hücumçusu Anyete ölkəsinin mətbuatına açıqlamasında “ağ-qaralar”a şans tanımayıb: "Neftçi"nin "Sevilya" ilə oyunlarda şansı yoxdu. Çünki İspaniya komandası xeyli üstündü. Məsələn, "Qarabağ" Çempionlar Liqasında "Atletiko"ya qarşı yaxşı oyunu ilə diqqətləri cəlb etdi. "Neftçi"nin də səviyyəli oyunçuları var, maddi cəhətdən güclü komandadı. Ötən mövsüm İqnasio Errera kimi yaxşı yarımmüdafiəçiləri var idi. Amma hazırda nəyə qadir olduqlarını bilmirəm. Çünki yeni transferlərindən xəbərsizəm. Fikrimcə, "Sevilya" Bakıya çarter reysi ilə yollanacaq. Bu səfər üçün 5 saatlıq yol qət etmək lazım gələcək. Əks halda "Sevilya" əvvəlcə İstanbuladək, ordan isə Bakıya uçmalıdı. Hər iki şəhərə uçuş müddəti təqribən eynidi”.
2015/16 mövsümündə “Neftçi”də top qovan Anyete həmin günləri də xatırlayıb: "Bu komandaya qoşulanda yaxşı formada idim, qollar vururdum. Lakin sonradan zədələndim. Bərpa müddətim 3 aya qədər çəkdi. Yaxşı komandamız var idi. Azərbaycan kubokunda finala qədər irəliləyərək, Avroliqaya vəsiqə qazanmışdıq. Azərbaycan karyeramı xüsusi qeyd edərdim. Çünki başqa bir mədəniyyət gördüm".
FARİZ