Cavadov “sarı” aldı, Maksimov “əla” dedi
109. Səbail – Keşlə 0:1 (0:0)
1. Emil Balayev – 5,0
23. Ayron Stati – 4,5
15. Nikoloz Apakidze – 5,0
4. Rahil Məmmədov – 5,0
5. Kərim Diniyev – 5,0
20. Eltun Yaqublu (k) – 4,5
(7. Fəhmin Muradbəyli, 46) – 5,0
11. Elman Taqayev – 5,0
29. Yevgeni Koçuk – 5,5
13. Faruk Miya – 5,0
18. Aqşin Qurbanlı – 4,5
(10. Nurlan Novruzov, 79) – qiymətsiz
17. Vüqar Nadirov – 5,0
(26. Kamal Qurbanov, 66) – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
3. Tamazi Tsetsxladze
6. Murad Ağayev
8. Aqşin Muxtaroğlu
21. Murtuz Abakarov
24. Ruslan Əmircanov
88. Orxan Qurbanlı
92. Vahid Orazsaxedov
99. Maudo Jarjue
Məşqçi: Səttar Əliyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
15. Orxan Sadıqlı – 5,5
4. Slavik Alxasov – 5,0
3. Denis Silva – 6,0
27. Adrian Skarlatake – 5,5
33. Tərlan Quliyev – 5,5
2. Sərtan Taşkın – 5,0
(39. Əlibəy Məmmədli, 76) – qiymətsiz
40. Nemanya Stoyanoviç – 5,0
90. Ebrima Sohna – 5,0
7. Vaqif Cavadov (k) – 5,0
9. Pərdis Fərcad-Azad – 5,0
(88. Məmməd Quliyev, 46) – 5,5
14. Andre Klennon – 5,0
(24. Fuad Bayramov, 68) – 5,0
Ehtiyat oyunçular
1. Kamran Ağayev
19. Pablo Podio
21. Herve Tçami
22. Məqsəd İsayev
80. Rafael Məhərrəmli
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Denis Silva
Qol: M.Quliyev, 63 (A.Klennon).
Vərəqələr: P.Fərcad-Azad, 23 (hakimi aldatmağa cəhd). A.Skarlatake, 54 (qeyri-idman hərəkəti). V.Cavadov, 69 (hakimin qərarına etiraz). N.Apakidze, 70 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov, Əliyar Ağayev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
20 may. Bakı. Bayıl Arena. 300 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Səbail”li futbolçuların əlacı olsaydı, oyuna çıxmaqdan imtina edib istirahətə vaxtından əvvəl yollanardılar. Deyək ki, “Keşlə” bir həftə sonra kubokun finalında “Qəbələ” ilə qarşılaşacaq və bu matç vacib görüş ərəfəsində yaxşı məşq hesab olunurdu. Üstəgəl, qələbə qazanmaqla əhval-ruhiyyəni bir az da yüksəltmək lazım idi. Meydan sahbləri üçün isə yekun nəticənin zərrə qədər də önəmi yox idi. Artıq güc sərf etməkdən və yorğunluqdan başqa bir şey deyildi.
Buna baxmayaraq, hər iki baş məşqçi meydana əsas heyətlə çıxmışdı. “11-lik”lərdə mövsümboyu nisbətən az şans qazananları görəcəyimizi düşünsək də, əksinə şahidlik etdik. Əsas itki “qırmızılar”ın aparıcı üzvü Sezar Meza Kollinin zədə səbəbindən kənarda qalması idi. Vüqar Həsənlinin premyer-liqada debüt etməsinə görə idi ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov əhəmiyyətsiz oyuna altı hakim göndərmişdi. Əliyarla Orxanın işi cərimə meydançasında yaşananlarla bağlı Vüqara kömək etmək idi.
Oyun haqda ətraflı bəhsə ehtiyac yoxdu. Əvvəla onu demək olar ki, hər iki komandanın mövsümü qələbə ilə başa vurmaq istəyi ilk dəqiqələrdən görünürdü. Mübarizələrdən çəkinməyən, xeyli enerji sərf edən futbolçular qarşılaşmanın əvvəlindən hesabın açılmasında maraqlı idi. “Səbail”lilər tələskənlik ucbatından ciddi heç nə ilə yadda qalmasalar da, qonaqlar Emil Balayevi həyəcanlandıra bilirdilər. 3-cü dəqiqədə Slavik əlverişli mövqedən fərqlənə bilmədisə, 14-cü dəqiqədə Klennonun vurduğu top qapıçıya qismət oldu. 18-ci dəqiqədə “dənizçilər”in ilk təhlükəli hücumunda Vüqarın zərbəsini Orxan ustalıqla zərərsizləşdirdi. Vüqar demişkən, təcrübəli hücumçu qol vurdu, az sonra dirəyi nişan aldı. Lakin hər iki halda laysmanın bayrağı havada idi.
Komandalar ikinci hissəyə dəyişikliklərlə başladı ki, bu da “Səbail”in işinə yaradı. Fasilədə paltardəyişmə otağında nə yeyib-içmişdilərsə, ikinci yarının ilk 15 dəqiqəsində onları dayandırmaq olmurdu. Xüsusilə Fəhmin meydana çıxandan sonra hərəkətlilik artmışdı. 51-ci dəqiqədə Vüqarın cərimə zərbəsini Orxan çətinliklə küncə çıxarandan 4 dəqiqə sonra Miyanın eyni vəziyyətdən, lakin nisbətən qapıya yaxın məsafədən vurduğu top cüzi fərqlə “çərçivə”nin üstündən keçdi. 61-ci dəqiqədə Nadirov növbəti dəfə qola yaxın oldu. Amma bu dəfə də zərbəsi qapının yanından keçdi.
Bu qədər əlverişli imkanların boşa verilməsindən sonra “vurmayana vurarlar” prinsipinin işə düşəcəyini düşünənlər gümanında yanılmadı. Adi hücumların birində Klennon topu Məmmədə ötürdü, fasilədən sonra meydana çıxan Quliyev isə dəqiq zərbə ilə Balayevi “mərmi”ni tordan çıxarmağa məcbur etdi. Hesab açılandan sonra komandalar arasındakı mübarizə bir az da qızışsa da, təhlükəli vəziyyətlərin kasadlığı “1-lər”in bərabərləşəcəyinə inam yeri qoymurdu. Sonda belə də oldu. Qarşılaşmanın son saniyələrinə qədər istəyinə çata bilməyən meydan sahibləri mövsümü məğlub başa vurdusa, “Keşlə” son 5 oyunda 4-cü qələbəsini qazandı ki, 26-cı turda Qəbələdən gətirilən 1 xalı da üstünə gələndə, say 13 edir. Əlbəttə, qalib gəlmək yaxşıdı. Amma mənasız qələbə kimə, ya da nəyə lazımdı?
HƏBİB
Gözdən qaçmadı
* Futbolçular meydana çıxanda bir məqam diqqəti çəkdi. Deməli, “Səbail”in futbolçuları qarışıq şəkildə ardıcıllıqla düzülmüşdülərsə, “Keşlə”nin durumu fərqli idi. Öndə beş nəfər azərbaycanlı, onların arxasında ardıcıl altı legioner idi. Öncədən planlaşdırılmışdı, ya yox, demək çətindi. Amma hər imkanda rast gəlinən mənzərə deyil.
* 23-cü dəqiqədə Elton Yaqublunun su içmək üçün komanda yoldaşlarından birinə müraciət etməsinə əks düşərgədə yer alan Kamran Ağayev biganə qalmadı. Təcrübəli qapıçı laysman Mübariz Haşımova xitabən “fasilə yaradın, uşaqlar su içsinlər, yazıqdılar” deməsindən 4 dəqiqə sonra baş hakim su fasiləsi elan etdi.
* Yuri Maksimov ilk hissədə Pərdisin gününü qara etmişdi. Azı beş dəfə “9 nömrə”yə irad bildirən ukraynalı çalışdırıcı bəzən qarşılıq da alırdı. Maraqlıdı ki, Maksimov Fərcad-Azadı fasilədə Məmməd Quliyevlə əvəzlədi.
* Bir tur əvvəl hakimi söydüyünə görə İntizam Komitəsi tərəfindən cəzalanan və texniki zonada yer ala bilməyən Samir Əliyev qarşılaşmanı “Səbail”in ehtiyat oyunçular üçün nəzərdə tutulmuş “butka”sının arxasından izləyirdi. Təmkinli olmağa, səsini yüksəltməməyə çalışan Əliyev 32-ci dəqiqədə özünü göstərdi. Uca səslə irad bildirdiyi isə Vüqar Nadirov idi.
* 34-cü dəqiqədə olduqca maraqlı səhnəyə şahidlik etdim. “Keşlə”nin əks-hücümü zamanı Nemanya yerdə qalmışdı və hakim “üstünlük” prinsipinə əməl edib oyunu davam etdirə bilərdi. Di gəl ki, təcrübəsiz Vüqar Həsənli fitini səsləndirdi və Vaqif Cavadovun sürət yığması işə yaramadı. Bu an Maksimovun rus dilində “bu nədi, bu nə edir?” deyib narazılıq etməsini dördüncü hakim gördü və ona sakitləşməyi tapşırdı. Həmin an Maksimov hiyləgərlik edib sanki hakimə yox, futbolçusuna narazılıq edirmiş kimi davrandı. Üzünü ehtiyat oyunçular skamyasına tutub, köməkçilərinə “Orxan niyə belə edir?” deməsi guya bir neçə saniyə əvvəl kobud səhvə yol vermiş qapıçıya irad idi.
* Oyunun fasiləsində meydanı sulayan cinazların işə düşməsi həvəslə məşq edən “Səbail”in bəzi futbolçularını əməlli-başlı çimizdirdi. Lakin onların stadionun işçisinə cavabı qəzəblənmək yox, gülmək oldu.
* Hakimin final fitindən sonra bəzi futbolçular futbolkalarını azyaşlı azarkeşlərə bağışladı. O cümlədən Faruk Miya. Buna görəydi ki, qaradərili futbolçu maykasız qalmışdı və bədəninin görünməməsi üçün dəsmala bürünmüşdü. Azyaşlılardan biri paltardəyişmə otağına daxil olub buts istəyəndə, Maudo Jarjue Miyanın ayaqqabılarını göstərib, “mənimkidi, götürün, verdim sizə” deyəndə, “13 nömrə”nin başına sanki qaynar su töküldü. Əyilib butsunu götürməyə hazırlaşan uşaqları paltardəyişmə otağından necə çıxardığını görməyə dəyərdi. Buts ilə yanaşı, başındakı kepkanı da heç kimə vermədi.
* 69-cu dəqiqədə Vaqif Cavadov hakimə kəskin etiraza görə qarşısında haqlı “sarı” görəndə, Maksimovun kapitanı səsləyib, əli ilə “əla” göstərməsinin səbəbini anlamaq mümkün olmadı. Sarı vərəqə almaq nə vaxtdan əla olub?
Reaksiyalar
Yuri Maksimov: “Mövsümün son oyunu olmasına baxmayaraq, bu matçın yekun nəticəsi xüsusi rol oynamırdı. Sadəcə, son turlardakı uğurlu seriyanın davamını gətirmək istəyirdik deyə, komandanın qarşısına qələbə qazanmaq tapşırığı qoymuşduq. Uşaqlar mübarizə apardılar və xoş nəticə əldə etdilər. Sezar Meza Kolli bir neçə gün öncə zədələnib. Müayinə etdik və məlum oldu ki, beli ağrayır, müalicəyə ehtiyacı var. Qarşıda kubokun final görüşü var, bizə çox lazımdı. Çalışacağıq o vaxta qədər hazır olsun. Pərdisi əvəzləməyimə gəlincə, onu yarımmüdafiəçi kimi görmək istəyirdim. Lakin tapşırıqlarımı yerinə yetirə bilmədi. Ona görə də fasilədə əvəzlədim. Son 5 oyunda 13 xal toplamağımızın səbəbi? Məncə, burda qeyri-adi heç nə yoxdu. Sadəcə, qış fasiləsində içi mən qarışıq bir çoxu yeni gəlmişdi. Hazırlıq keçmək, xətlərarası əlaqəni istənilən səviyyəyə çatdırmaq üçün yetərincə vaxtımız olmadı. Ona görə də fasilədən sonrakı turlarda müəyyən çətinlik yaşadıq. Lakin sonradan işlər qaydasına düşdü. Gizlətmirəm, kubokun finalına yüksəlməyimiz də psixoloji baxımdan müəyyən təsir göstərdi. Qəbələyə oyuna günyarım əvvəl qalmış gedəcəyik. Dəqiq desəm, ayın 26-da günorta orda olacağıq”.
Səttar Əliyev: “Meydana qələbə üçün çıxmışdıq. Ona görə də nəticənin gözlədiyimiz kimi olmadığını deməliyəm. Fikrimcə, yekun nəticə oyuna görə olmadı. Xeyli sayda qol imkanlarımız oldu, istifadə edə bilmədik. Mövsümün sonuncu görüşü idi, futbolçuları oyuna kökləmək çətindi. Bu dəqiqə çantalar legionerlərin əllərindədi, hazırdı. Son matçlarda həmişə belə olur. Həm də turnir cədvəli baxımından prinsipiallıq yox idi. Buna baxmayaraq, oyuna lazımi səviyyədə hazırlaşmışdıq. Əvəzetmələri baş məşqçiylə məsləhətləşəndən sonra edirdik. Əsas Samir Əliyevin fikri önəmli idi. Həftəboyu bir yerdə olmuşduq, məşqləri birgə keçmişdik. Bizi ayıran təkcə 90 dəqiqə oldu. Ona görə də baş məşqçinin yoxluğunu qlobal problemə çevirmək istəmirəm. Həm də uzaqda deyildi, əlaqə qura bilirdik. Düzünü desəm, digər oyunların nəticələri ilə maraqlanmıram. Düzü, indi də nəticələrdən xəbərim yoxdu, maraqlanmamışam da. Matç başa çatan kimi futbolçularımızla söhbət etdik. Bu gün heç bir futbolçuya “bizə lazım deyilsən” deyilməyib. Bütün futbolçularla söhbət olunacaq, rəhbərliklə müzakirə aparılacaq, ondan sonra qərar veriləcək”.