Sübhan Əliyev: “Qələbə təqdirində müəyyən ideyalarımızı həyata keçirəcəyik”
Ölkənin ən köklü və titullu klubu sayılan “Neftçi” 4 ildi titula həsrətdi. Titul bir kənara, “ağ-qaralar” medalın da nə olduğunu bilmir. Yalnız ölkə kubokunda müəyyən ürəkaçan cizgilər var ki, ona da uğur demək olmaz.
Deməli, 2013 və 2014-cü illərdə ardıcıl iki dəfə kuboku başı üzərinə qaldıran bakılılar növbəti iki mövsümdə finala yüskəlsələr də, həlledici qarşılaşmada “Qarabağ” səddini keçə bilmədilər. Ötən ilin mayında “Qəbələ” – “Qarabağ” duelinə şahidlik etdiksə, mayın 28-də “Qəbələ” “Keşlə” ilə qarşılaşacaq. Bu isə o deməkdi ki, kubok mübarizəsində 2014-dən bu yana vəziyyət heç də yaxşı deyil.
Çempionatdakı durum isə lap betərdi. “Neftçi” “qızıllar”ı sıralayandan, yəni 2011, 2012 və 2013-cü ildə çempion olandan sonra “3-lük”də yer ala bilməyib. 2013/14 və 2014/15 mövsümünü 4-cü pillədə başa vurmağı bacarmışdılarsa, davamı daha biabırçı olmuşdu. 2015/16 birinciliyində 6-cı, ötən mövsüm isə 8 komanda arasında 7-ci. Məhz bunun nəticəsində Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv 8 ildən sonra avrokuboklara qatıla bilməmişdi.
Hazırkı durum “Neftçi”sevərlərin tam ürəyincə olmasa da, qənaətbəxşdi. Hər halda, premyer-liqanın medallarının təqdim olunması ilə bağlı təşkil olunacaq mərasimdə “ağ-qaralar” da iştirak edə bilər. Bunun üçün “Kəpəz”i Gəncədə məğlub etmək lazımdı. Tərlan Əhmədovun gəlişindən sonra sıçrayışa nail olan komandanın səfərdən 3 xalla dönməsi mümkünsüz görünmür. Bu baş verəcəyi halda “Neftçi” həm “bürünc”lə mükafatlandırılacaq, həm də Avroliqada iştirakı təmin olunacaq.
Gəncə səfərində əsas yük azarkeşlərin üzərinə düşəcək. İcraiyyə Komitəsinin “Kəpəz”lə bağlı çıxardığı məlum qərar, üstəgəl “sarı-göylər”in doğma şəhərdə cari mövsümün sonuncu oyununu keçirməsi müsbət mənada yerli tərəfdarların sayına təsir edəcək. Stadionun ən azı yarısının dolacağı güman olunur. Bu isə 10 mindən çox gəncəli azarkeş deməkdi. Belə olacağı təqdirdə “Neftçi”li futbolçuların özlərini tənha hiss etməmələri üçün “Forza Neftçi”nin üzvlərinin tribunada olması mütləqdi. Çox güman, medala gedən yolda Bakıdan Gəncəyə üz tutan bakılı fanatların sayı kifayət qədər çox olacaq.
Lakin dünən əlaqə saxladığımız “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevdən fərqli məlumat aldıq. Əliyev Nizami yurduna təxminən 25-30 nəfərlə yollanacaqlarını söylədi: “Oyun günü öz vəsaitimiz hesabına avtobus kirayələyib, Gəncəyə gedəcəyik. Bazar günü səhər Bakıdan çıxıb, inşallah, günorta çatarıq. Öz aramızda pul yığırıq. “Feysbuk” səhifəmizdə elan yerləşdirmişik, getmək istəyənlər adambaşına 15 manat ödəməlidi. Təbii ki, bu pul avtobus üçün nəzərdə tutulub. Bu dəqiqəyə qədər artıq bir avtobus azarkeş müraciət edib. Bu da təxminən 25-30 nəfər deməkdi. Yenə getmək istəyənlər olsa, əlavə avtobus sifariş etmək mümkündü. Gəncədə “Neftçi”yə azarkeşlik edən 15-ə yaxın tələbə var. Onlar da tribunada bizimlə olacaq. Say niyə belə azdı? Vallah, çox adam getmək istəyir, amma imkanı yoxdu. Belədə kimisə məcbur etmək olmur. Öz imkanımız elə də geniş deyil ki, cibimizdən ödəyək. Həm də bazar günü qəbul imtahanları var. Bəziləri özləri imtahan verir, ya da ailə üzvlərindən kimsə imtahanda iştirak edəcək deyə gedə bilmir. Qorxulu bir şey yoxdu. 40-50 nəfərlə də əla atmosfer yaratmaq olar. Əsas kəmiyyət yox, keyfiyyətdi”.
“Neftçi” qalib gələcəyi təqdirdə, az öncə qeyd etdiyimiz kimi, nəhayət, 5 ildən sonra mövsümü medalla başa vuracaq. Maraqlıdı, “Forza Neftçi”nin bununla bağlı hansısa planı var? Oyundan sonra komanda üzvlərinə təşəkkür etmək üçün yeni ideya fikirləşiblər? Fanklub rəhbəri “kartları açmaq” istəməsə də, yeniliyin olacağını gizlətmədi: “Dəfələrlə demişik ki, bizi çempionluq, ya da kubok maraqlandırır. Tələbimiz tituldu. Amma son vaxtlar yaşananları nəzərə alanda, buna da şükür etməliyik. Əsas ona sevinirik ki, qışdan sonra “Neftçi” özünə gəldi, uğurlu nəticələrlə bizi sevindirdi. Əlbəttə, qələbə təqdirində müəyyən ideyalarımızı həyata keçirəcəyik. Amma təfərrüatını deməyəcəm. İndidən nəsə desəm, sürprizin dadı-duzu qalmaz”.
Bu oyundan sonra “Kəpəz” premyer-liqa ilə vidalaşacaq. Hər halda, AFFA-nın İcraiyyə Komitəsinin çıxardığı qərara əsasən belə düşünmək olar. Halbuki gəncəli futbolsevərlər məlum qərarla razılaşmır, Gəncənin futbol şəhəri olduğunu əsas gətirib, “Kəpəz”ə güzəşt olunmasını istəyirlər. Bu isə o deməkdi ki, oyunun gedişində hansısa xoşagəlməz şüarlar eşitmək, plakatlar görmək qaçılmaz olacaq. Əliyev buna görə narahat deyil: “Kəpəz”in elitadan düşməsi bizim, yaxud “Neftçi”nin günahı deyil. Ona görə də bizə qarşı hansısa təxribatın olacağını düşünmürəm. Bizim üçün getdiyimiz rayonun, şəhərin fərqi yoxdu. Heç kimdən, heç nədən çəkinmirik. Gəncəli fanatlarla münasibətimiz yaxşıdı. Hamıyla necə, onlarla da elə. Səfərdə komandamıza dəstək olub, Bakıya qayıdacağıq”.
HƏBİB