Samir Abasov: “Bütün komponentlərdə rəqibi üstələyə bildik”
83. Qəbələ - Sumqayıt 1:1 (0:0)
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov – 5,0
3. Voislav Stankoviç – 5,0
15. Vitali Vernidub – 4,5
(16. Dion Malone, 58) – 4,5
8. Qismət Alıyev – 4,5
14. Cavid Hüseynov (k) – 5,0
(11. Asif Məmmədov, 75) – 4,5
4. Elvin Camalov – 5,0
28. Stiven Jozef-Monroz – 4,5
(45. Famussa Kone, 90+4) – qiymətsiz
19. Filip Ozobiç – 5,0
10. Ruslan Qurbanov- 5,0
9. Baqali Dabo – 5,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
6. Elvin Məmmədov
18. İlqar Qurbanov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
33. Təmkin Xəlilzadə
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
1. Fərhad Vəliyev – 5,0
19. Azər Salahlı – 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,5
3. Vurğun Hüseynov (k) – 4,5
2. Rail Məlikov – 5,0
18. Tural Axundov – 5,0
5. Vüqar Bəybalayev – 4,5
(77. Elnur Abdullayev, 72) – 4,5
97. Xəyal Nəcəfov – 5,0
32. Rəşad Eyyubov – 5,0
(7. Cavid Tağıyev, 69) – 5,0
10. Cavid İmamverdiyev – 5,0
(17. Nicat Qurbanov, 81) – qiymətsiz
9. Amil Yunanov – 4,5
Ehtiyat oyunçular
36. Süleyman Süleymanov
6. Kamal Mirzəyev
11. Ehtiram Şahverdiyev
25. Süleyman Əhmədov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bəxtiyar Həsənalızadə
Qollar: S.Jozef-Monroz, 55 (1:0, B.Dabo). N.Qurbanov, 83 (C.Tağıyev, 1:1).
Vərəqələr: E.Camalov, 26 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 40 (qeyri-idman hərəkəti). V.Stankoviç, 67 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 80 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
2 aprel. Qəbələ. Şəhər stadionu. 550 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Turun mərkəzi oyunu komandaların adı baxımından səs-küylü görünməsə də, turnir cədvəli sarıdan böyük önəm daşıyırdı. Buna qədər keçirilən son 3 turda “Sumqayıt” “Qarabağ”la heç-heçəyə razılaşıb, “Kəpəz”lə “Səbail”i məğlub etmişdisə, meydan sahibləri “Neftçi”yə uduzub, “Kəpəz”i çətinliklə məğlub edib, “Keşlə”ylə oyunda 1 xal qazanmışdı. Göründüyü kimi, “qrımızı-qaralar”la müqayisədə “kimyaçılar” yüksələn qrafik üzrə hərəkət edirdi.
3-cü pilləni “Zirə”dən alan Samir Abasovun yetirmələrinin bu dəfə ikincilik iddiasına düşməsi anlaşılan idi. Arada cəmi 5 xal fərq varkən, mümkün qələbə fərqi 2-yə endirəcəkdi. Yox, 3 xalı “Qəbələ” qazansaydı, “Sumqayıt” 3-cü pilləni qorumaq haqda düşünməliydi. Yəni qonaqların səfərə qələbə dalınca yollanıb, 1 xalla kifayətlənməsi də qənimət sayılırdı.
Amma bir məqam da var ki, cari mövsümdə buna qədər baş tutan iki oyunun heç birində “kimyaçılar”ın üzü gülməmişdi. Həm 2-ci turda Qəbələdə, həm də 8-ci turda Sumqayıtda qələbəyə sevinən Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv olmuşdu. Odu ki, növbəti dueldə qonaqların məğlubiyyətinə son qoyulub-qoyulmayacağı maraq doğururdu.
Turnir cədvəlində qonşu olan komandaların ilk dəqiqələrdən kəşfiyyata üstünük verəcəyi gözlənilirdi ki, belə də oldu. Qonaqlar əsas diqqəti müdafiəyə ayırıb, qolu ənənəvi əks-hücum taktikasında axtardığı halda, Qriqorçukun yetirmələrinin hücum etməkdən qorxduğunu anlamaq çətin idi. Xüsusilə hücumlar zamanı sürəti artırmağa meyilli olmayan futbolçular əksər hallarda bir-birini anlamaqda çətinlik çəkirdi. Təxminən 15 dəqiqə ərzində meydanda yaşananlar hansısa premyer-liqa qarşılaşmasını yox, həvəskarlardan ibarət komandaların oyununu xatırladırdı. Tempin aşağı olmasının nəticəsiydi ki, qapılar qarşısında təhlükəli vəziyyət adına heç nə yox idi. Yalnız 19-cü dəqiqədə azarkeşlər futbola baxmağa gəldiklərinin fərqinə vardılar. Cavidin əzmkarlıq sayəsində cərimə meydançasına qədər daşıdığı topu Ruslan tələsik zərbə ilə qapının yanından vurdu. “Kimyaçılar” sanki bunu gözləyirmiş kimi hücuma hücumla cavab verdilər. 22-ci dəqiqədə Bezotosnı Eyyubovun uzaq məsafədən vurduğu topu küncə çıxardı. Epizodun davamında, yəni top kornerdən sonra cərimə meydançasına ötürüləndə, bu dəfə Cavid gözlənilməz zərbə ilə ukraynalı qapıçının sayıqlığını yoxladı. Dmitri fantastik seyvlə rəqibin real qol şansını önlədi. Oyunun tempi yenidən aşağı düşdü. Bu dəfə susqunluğu Dabo pozdu. Di gəl ki, “9 nömrə”nin çempionatda növbəti qolunu vurmasına topun qapının yanından keçməsi imkan vermədi. Azarkeşlər ilk hissədə hesabın açılmayacağını düşündüyü anda səhnəyə Bəxtiyar çıxdı. Ucaboy müdafiəçinin zərbəsi Verniduba dəyib istiqamətini dəyişdiyindən qapıya daxil olmadı ki, ilk hissənin qolsuz bərabərliklə başa çatacağı dəqiqləşdi.
Meydan sahibləri ikinci hissəyə təzyiqlə başladı. Bunun nəticəsi kimi 47-ci dəqiqədə Fərhad dərindən “ah” çəkməli oldu. Təcrübəli qapıçı Ürfanın uzaqdan qüvvətli zərbəsini dəf etdi. Gözlənilən qol 55-ci dəqiqəyə təsadüf etdi. Cinaha çəkildikdən sonra olduqca təhlükəli təsir bağışlayan Dabonun ötürməsindən sonra Vurğunun diqqətindən yayınan Jozef-Monroz bir toxunuşla topu qapıdan keçirdi. Bundan 10 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirmək üçün növbəti real qol şansı əldə etsə də, Bezotosnı bu dəfə də keçilməz idi. Amillə Dmitrinin duelində qapıçının ustalığı hər nə qədər vacib rol oynadısa, İmamverdiyevun Yunanova verdiyi daban ötürməsi bir o qədər göz oxşadı. Qol vurmaq istəyindən əl çəkməyən “Sumqayıt”ın arzusunu 66-cı dəqiqədə Xəyal həyata keçirə bilərdi. Bezotosnı bu dəfə də səhvsiz oynadı. Hesab açılandan sonra meydan sahiblərinin əsas diqqəti müdafiəyə ayırmasının, dolayı yolla ikinci qolu vurmaq üçün ciddi cəhd göstərməməsinin nəticəsı ağır ola bilərdi ki, belə də oldu. Futbolda nadir hallarda rast gələ biləcəyimiz olayla rastlaşdıq. Cavid İmamverdiyevi əvəzləyən Nicat sürətlə cərimə meydançasına irəlilədi ki, bir neçə dəqiqə öncə meydana çıxan Cavid Tağıyevin qapı qarşısına etdiyi asma Amili keçib onun qarşısına düşdü. Qurbanov uzaq küncü nişan almaqda çətinlik çəkmədi. “Qəbələ” qolun şokundan ayılmamış qapısında daha bir top görə bilərdi. 87-ci dəqiqədə Nicatın dubl etməsinə tələskənliyi imkan vermədi. Oyunun sonlarında matçda gərginlik artsa da, qapılara qol vurulmadı.
“Sumqayıt” çətin Qəbələ səfərində də uduzmamaqla məğlubiyyətsiz oyunların sayını 9-a çatdırdı. “Qəbələ” isə bu gedişlə mövsümdə çətin ki, ciddi uğura imza atsın.
HƏBİB
Gözdən qaçmadı
* Oyundan əvvəl martın 16-da dünyasını dəyişmiş Böyükağa Hacıyevin xatirəsi birdəqiqəlik sükutla yad olundu.
* “Sumqayıt”ın “Qəbələ”dən icarəyə götürdüyü iki futbolçu – Bəhlul Mustafazadə ilə Ülvi İsgəndərov meydana çıxmaq imkanından məhrum idi. Bu da tərəflər arasındakı icarə müqaviləsinin şərtinə görəydi.
* Matçdan bir saat əvvəl hər iki komandanın gənc oyunçuları – vaxtilə “Qəbələ”də, “Sumqayıt”da və yığmalarda komanda yoldaşı olmuş Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Vüqar Bəybalayev, Amin Seydiyev, Yusif Nəbiyev, Hacıağa Hacılı və Amin Seydiyev meydanın mərkəzində dayanıb şirin-şirin söhbət edir, zarafatlarından qalmırdılar.
*Qonaqları dəstəkləmək üçün Qəbələyə 20-yə yaxın sumqayıtlı fanat gəlmişdi ki, əsasən gənclərdən ibarət dəstə 90 dəqiqə boyunca susmaq bilmədi.
* Oyunu izləyənlər arasında “Qəbələ”nin yeni transferi Rauf Əliyev də vardı. Görüşü əvəzedicilərin baş məşqçisi Emin İmaməliyevlə yanaşı, jurnalistlər üçün ayrılan sektora bitişik yerdən izləyirdi.
* Yerli fanatlar iki il əvvəl aprel döyüşlərində dünyasını dəyişən şəhidləri unutmamışdılar. Onların açdığı “Şəhidlər ölməz, vətən bölünməz” plakatı məhz həmin şəhidlərə həsr olunmuşdu.
* Stadionun tablosu öz “kefində” idi. Yalnız matçın dəqiqəsi göstərilən, saniyə yeri boş qalan tabloda ara-sıra görüntü itirdi. Maraqlıdı ki, fasilədən sonra problem aradan qaldırıldı.
* Nicat Qurbanov bərabərlik qolunu vuran kimi ona şans verən Samir Abasova tərəf qaçıb baş məşqçisini qucaqladı. Həmin an Abasov texniki zonadan təxminən 5 metr aralıda – meydanda idi.
* “Sumqayıt”lı azarkeşlər maraqlı plakatla diqqət mərkəzinə düşdülər. Parçanın bir tərəfinə klubun, digər tərəfinə Avroliqanın loqosunu həkk edən tərəfdarlar ortaya “Niyə də yox?!” yazmışdılar. AFFA-ya bağlılığı ilə seçilən, yeni prezidenti AFFA-dan gələn klubun azarkeşlərinin DÇ-2018-in seçmə mərhələsində yığmanın devizi olan ifadəyə güvənməsi başadüşüləndi.
Reaksiyalar
Samir Abasov: “Məncə, bütün komponentlərdə rəqibi üstələyə bildik. Ağıllı müdafiə olunur, hücumlara sürətli çıxırdıq. Hətta qələbə də qazana bilərdik. Süni meydanda məşq edən futbolçuların təbii qazonda çətinlik çəkməsi başadüşüləndi. Üstəlik, Qəbələnin dəniz səviyyəsindən yüksəkdə olması təngnəfəslik yaradır. Hiss olunur ki, Bakıda hazırlıq keçən “Qəbələ”nin futbolçuları da eyni problemdən əziyyət çəkirdi. Hər iki komanda ilk 45 dəqiqədə çətinlik çəkdi. Oyun ağır gedirdi. Fiziki cəhətdən heç bir problemimiz yoxdu. Tural Axundovun sonuncu dəqiqələrdə hücuma keçməsinin özü yorğunluğun olmamasının göstəricisidi. İkinci pillədə yer alan komandayla səfərdə heç-heçə etməyin özü nədənsə xəbər verir. Cavid İmamverdiyevin oyununun istənilən səviyyədə alınmamasına görə üzülürəm. Fasiləyə qədər yaxşı temp yığmışdı. Nicat sağ olsun, məşqçisinin üzünü ağ elədi. Sonradan daha bir neçə şansımız da oldu. Amil o cür imkandan necə yararlana bilmədi... Kaş o vuraydı. Kimi əvəzləyəcəyimi bilmirdim. Amillə Caviddən hansını dəyişməli olduğumu götür-qoy edirdim. Hərəkətli olduğuna görə Amilə toxunmadım. Hakimliklə bağlı narazılığım yoxdu, idarəçilik əla idi. “Qarabağ”la “Qəbələ” xallar itirirsə, deməli, rəqiblər güclənib”.
Roman Qriqorçuk: “Bu gün qələbə qazanmaq istəyirdik, meydana da bunun üçün çıxmışdıq. Sıx təqvimə başlamamışdan əvvəl psixoloji cəhətdən hazır olmaq olduqca vacibdi. Qalib gəlsəydik, vəziyyət xeyli yaxşılaşardı. Matç heç-heçə başa çatdı. Təhlil edib, nəticə çıxarmalıyıq. Buna qədər demişdim, yenə deyirəm, “Qarabağ” bütün cəhətlərdə bizdən daha üst səviyyədə yer alıb. Onlara boy verməyə çalışsaq da, bu gün üçün bacardığımız budu. Düzdü, “Qarabağ”la şəxsi görüşlərimiz pis alınmır. Amma digər rəqiblərlə oyunlarda xallar itiririk. Çempion adını şəxsi görüşlərdə üstün olan tərəf qazanmır. Çempion olmaq istəyən bütün komandaları məğlub etməlidi. Bunun üçünsə ustalıq yüksək səviyyədə olmalı, qol imkanları sağa-sola xərclənməməlidi. Vaxtaşırı “Qarabağ”ı udsaq da, digər rəqiblərə uduzmuşuq. Ən böyük problemimiz də budu – ustalıq səviyyəsinin “Qarabağ”dakı qədər olmaması... “Sumqayıt”a qarşı ideal futbol oynadığımızı deməzdim. İdeal oyun hücumda yüksək məhsuldarlıq göstərmək, ən azı hücumda daha çox vaxt keçirmək, topa daha çox nəzarət etmək deməkdi. Bunları edə bilməsək də, futbolçuları qınaya bilmərəm. Hər biri əlindən gələni etməyə çalışdı. Qələbə istəyiriksə, hücumu qolla tamamlamağı bacarmalıyıq”.