Tərlan Əhmədov nə özü danışır, nə də futbolçulara icazə verir
Əvvəlki əzəmətini geri qaytarmağı hədəfləyən “Neftçi” olduqca çətin dönəmə qədəm qoyur. “Ağ-qaralar” qısa vaxt ərzində bir-birindən çətin oyunlara çıxacaq. Apreldə 7 oyun keçirməli olan bakılılar premyer-liqada “Səbail”, “Sumqayıt”, “Zirə”, “Qəbələ” və “Keşlə”ylə, kubokun yarımfinalında isə “Qəbələ”ylə münasibətlərinə aydınlıq gətirməlidi. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin Avroliqaya vəsiqə qazanmaq şansı kifayət qədər realdı ki, hər şey öz əllərindədi. Bunun üçün apreldəki sınaqlardan üzüağ çıxmaq lazım gəlir. “Neftçi” avrokuboklara vəsiqə qazanacağı təqdirdə işləri yağ kimi gedəcək. Klub rəsmilərinin artıq indidən gələcəyə hesablanan planları belə düşünməyə əsas verir.
Vaxtilə “Petrolul”da layiqli legioner həyatı yaşamış Haiti yığmasının üzvü Soni Mustivarla anlaşmanın əldə olunması atılmaqda olan addımların birincisidi. Yayda heyətin gücləndirilməsi yönündə ciddi işlər görülməkdədi. Hədəfdə olan ilk iki futbolçu isə yığma üzvləridi. “Qarabağ”da əsas heyətdə möhkəmlənə bilməyən Ramil Şeydayevlə Rahid Əmirquliyevin iyuldan etibarən ağ-qara formanı geyməsi kifayət qədər real görünür. Müqavilə ilə “Trabzonspor”a məxsus olan Ramilin “Qarabağ”la icarə anlaşması mövsümün sonunda başa çatacaq. Odu ki, “Neftçi” rəhbərliyi Türkiyə təmsilçisi ilə danışıqlara start verməyə hazırlaşır. Transfer hüququna birdəfəlik sahib çıxmaq olduqca çətin görünsə də, bunun üçün cəhd olunacaq. Ən pis halda yenidən icarə müqaviləsinin bağlanması haqda danışıqlar aparılacaq. Şeydayev özü də keçiddə maraqlıdı. “Neftçi”də Ruslan Abışov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Rəşad Əzizli, Səlahət Ağayev kimi yığma üzvlərinin top qovması və ən əsası, özü kimi Rusiya futbol məktəbinin yetirməsi olan Emin Mahmudovun orda olması hücumçunu həvəsləndirir. Üstəlik, əsas heyət üzvünə çevrilmək imkanı da real görünür.
Rahid Əmirquliyevin də “Qarabağ”la sözləşməsinin müddəti bitmək üzrədi. Ağdamlılarla anlaşmayacağı gün kimi aydındı. Belədə onun üçün “Qəbələ” və “Neftçi” variantları ortaya çıxacaq. Xatırlayırsızsa, “Qəbələ” hələ Rahid “Xəzər Lənkəran”dan ayrılanda, futbolçu üçün qollarını çırmamışdı. Lakin Əmirquliyev Qurban Qurbanovun rəhbərliyi altında çıxış etməyi üstün tutmuşdu. Əsas diqqəti yarımmüdafiəyə ayıran “ağ-qaralar” orta sahədə rəqabət yaratmaq üçün Rahidlə yaxından maraqlanır.
Ceyhun Sultanovun “Neftçi”yə idman direktoru təyin olunmasından sonra “Sumqayıt”lılara diqqət ayrılacağı şübhə doğurmur. Cari mövsümdə “kimyaçılar”ın heyətində özünü yaxşı tərəfdən göstərən və buna görə də 30 yaşında yığmada debüt edən Tural Axundov bakılıların maraq göstərdiyi oyunçulardandı. Axundov da digərləri kimi yayda azad agent statusuna sahib olacaq. Sadəcə, ortada əmma var, avrokubok əmması. “Neftçi” Avroliqaya vəsiqə qazana bilməsə, lakin bunu “Sumqayıt” bacarsa, Tural beynəlxalq matçlarda “kimyaçılar”a kömək edəcək. Yalnız bundan sonra “Neftçi”yə keçidi baş tuta bilər. Ötən yay Səlahət Ağayevin atdığı addım kimi. Avrokuboklarda “İnter”in şərəfini qorudu, avqustda “Neftçi”ylə müqavilə bağladı. Bir sözlə, “ağ-qaralar” dayanmaq bilmir. Hətta yeni transferlərlə bağlı Ceyhun Sultanovun yaxın günlərdə Avropa ölkələrindən birinə səfər edəcəyi deyilir.
Bu cür “qan qaynayan” vaxtda komandanın baş məşqçisi Tərlan Əhmədovla danışmaq, tək bu yox, digər məqamlarla bağlı suallara cavab tapmaq maraqlı olardı. Di gəl ki, təcrübəli çalışdırıcı müsahibə verməkdən boyun qaçırdı. Bunu isə yetirmələrinə “Səbail”lə matça qədər jurnalistlərlə danışmağa qadağa qoyması ilə əlaqələndirdi. Yəni futbolçuya danışmağa icazə yoxdusa, baş məşqçi dünəndən danışmamalıdı. Eybi yox, “Səbail”lə oyundan sonrakı mətbuat konfrasında soruşarıq.
HƏBİB