Xaqani Məmmədovun iki yetirməsi “yandı”
Premyer-liqanın son turu Xaqani Məmmədovun yetirmələri üçün uğurlu alınmadı. Əksinə, iki oyunda kobud səhvlər qeydə alındı. İnqilab Məmmədov Gəncədə, Əliyar Ağayev isə Zirədə “yandı”.
RƏVAN HƏMZƏZADƏ, Sumqayıt – Qarabağ
Ümumilikdə idarəçiliklə bağlı narazılıq olmadı. 12-ci dəqiqədə Tural Axundov Ansi Aqolli ilə mübarizədə yerdə qalsa da, hakim haqlı olaraq penalti cəhdinə aldanmadı. 56-cı dəqiqədə Xəyal Nəcəfova qarşı kobud oynayan Rəşad Sadıqova sarı vərəqə göstərilməliydi, ancaq Həmzəzadə buna göz yumdu. Halbuki “Qarabağ”ın kapitanı əks-hücumu əngəlləmişdi. 87-ci dəqiqədə “Sumqayıt” rəqib qapısına yol tapsa da, Knyaz Əmiraslanovın ofsayd bayrağından sonra qol qeydə alınmadı. İnsafən, yan xətt hakimi haqlı idi.
İNQİLAB MƏMMƏDOV, Kəpəz – Səbail
İlk yarını normal idarə etdi. 23-cü dəqiqədə “Səbail”in qapısına təyin olunan penalti haqlı idi. Qonaq komandanın üzvləri Rahil Məmmədovun cərimə meydançasının kənarında topa əllə oynadığını iddia etsələr də, hakim haqlı olaraq “nöqtə”ni göstərdi. İlk hissədə qonaqların ofsayddan vurduğu qol qeydə alınmadı ki, bu da həm baş hakimin, həm də laysmanın düzgün qərarı idi. Təəssüf ki, fasilədən sonra Məmmədov kobud səhvlərlə yadda qaldı. O, iki futbolçunu meydandan qovmağa borclu idi. Qiuli Mancqaladze və Maudo Jarjue ikinci “sarı”nı, başqa sözlə, “qırmızı”nı haqq edirdilər. İnqilab hətta xəbərdarlıq üçün “Səbail”in futbolçusuna yaxınlaşarkən əlini cibinə də atdı, ancaq ordan “cəsarət çıxmadı”.
ƏLİYAR AĞAYEV, Zirə - Keşlə
FİFA referisi ilk yarıda təşəbbüsü əldən vermədi. Sakit məcrada davam edən mübarizəni nəzarətdə saxlamaq Ağayev üçün çətin deyildi. Ancaq ikinci yarıda hərarət və sürət artdı. Bundan sonra Əliyar kobud səhvə yol verdi. Söhbət 50-ci dəqiqədə Adrian Skarlatakenin cərimə meydançası daxilində əllə oynamasından gedir. Bu epizodu ya hakim görmədi, ya da əlin bədənə bitişik olduğunu düşündü. Belədə fit susdu. Bu isə nəticəyə təsir edən səhv sayılır. Oyuna əlavə olunmuş 1-ci dəqiqədə isə Derlis Meza Kolli cərimə meydançasında yerdə qalsa da, hakim oyunu davam etdirdi. İnsafən, bu dəfə referi haqlı qərar qəbul etdi.
RAUF CABBAROV, Qəbələ - Neftçi
Qəbələdəki matçın yetərincə gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Əksəriyyətin "kubokun böyük məşqi" adlandırdığı görüşdə Cabbarov 8 dəfə əlini cibinə atdı. Bunu 7 dəfə "sarı" üçün, bir dəfə isə "qırmızı"ya görə etdi. Meydan sahiblərinin 3, qonaqların 4 futbolçusunu sarı vərəqə ilə cəzalandıran ədalət təmsilçisi 83-cü dəqiqədə "Qəbələ"dən Yusif Nəbiyevi "qırmızı" ilə meydandan qovdu. Yeri gəlmişkən, hakimin bu qərarının doğru olduğunu qeyd edək. Çünki həmin epizodda Nəbiyev “son ümid folu”na əl ataraq Rəhman Hacıyevi əllə saxlamışdı. Bunun cəzası isə qırmızı vərəqədi. Bundan başqa, 19-cu dəqiqədə Rəhman Hacıyev rəqibin cərimə meydançasında yerdə qaldı. Cabbarov isə ona simulyasiyaya görə "sarı" göstərdi. Doğrudan da həmin epizodda Ürfan Abbasov "Neftçi"liyə qarşı qaydanı pozmamışdı və penaltidən söhbət gedə bilməzdi. İkinci hissədə isə "Qəbələ"nin qolu qeydə alınmadı. Bu qərar laysmanın Vitali Vernidubun ofsaydda olmasını doğru müəyyənləşdirməsinin nəticəsi idi. Ümumilikdə həm vərəqələr, həm də qayda pozuntuları zamanı etirazlar olsa da, Cabbarov matçın nəticəsinə təsir edən hansısa ciddi səhvə yol vermədi.