Kamran Ağayev zirəli azarkeşlərlə “toqquşdu”
72. Zirə - Keşlə 1:2 (1:1)
62. Abdulla Seyidəhmədov – 5,0
3. Jozef Bum – 5,0
5. Adil Nağıyev – 5,0
23. Yovan Krneta – 5,0
14. Tellur Mütəllimov – 5,0
(11. Viktor İbokoyi, 80) – qiymətsiz
4. Vüqar Mustafayev (k) – 5,0
8. Milan Duriç – 5,5
18. Yani Urdinov – 4,5
(9. Aleksandr Dedov, 67) – 5,0
29. Comal Uilyams – 4,0
(17.Vüsal İsgəndərli, 46) – 5,0
88. Elşən Abdullayev – 6,0
77. Mirsahib Abbasov – 5,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
16. İbrahim Aslanlı
39. Sadiq Quliyev
47. Əmrah Bayramov
87. Müşfiq İlyasov
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Elşən Abdullayev
15. Orxan Sadıqlı (k) – 5,5
4. Slavik Alxasov – 6,5
3. Denis Silva – 5,5
27. Adrian Skarlatake – 6,0
33. Tərlan Quliyev – 6,0
65. Cabir Əmirli – 5,0
19. Pablo Podio – 3,0
(2. Sərtan Taşkın, 35) – 5,5
90. Ebrima Sohna – 4,5
66. (Murad Qayalı, 71) – 4,5
10. Sezar Meza Kolli – 5,5
21. Herve Tçami – 5,0
(88. Məmməd Quliyev, 82) – qiymətsiz
9. Pərdis Fərcad-Azad – 5,5
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
14. Andre Klennon
22. Məqsəd İsayev
39. Əlibəy Məmmədli
40. Nemanya Stoyanoviç
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Slavik Alxasov
Qollar: T.Quliyev, 13 (0:1, A.Skarlatake). E.Abdullayev, 28 (1:1). S.Alxasov, 74 (1:2, P.Fərcad-Azad).
Vərəqələr: M.Duriç, 25 (qeyri-idman hərəkəti). D.Silva, 90+4 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
4 mart. Zirə. İdman Kompleksinin stadionu. 800 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun son oyunu Zirədə keçirildi. Hər iki komandanın heyətində gözlənilməz dəyişikliklər var idi. Başlayaq qonaqlardan. Yuri Maksimov ilk dəfə Tərlan Quliyevə əsas heyətdə yer vermişdi. Müdafiəçi onun etimadını doğrultdu. Ancaq bu haqda bir qədər sonra. Məşqdə dabanından zədələnən Kamran Ağayev “18-lik”də yox idi. Belədə “çərçivə”yə Orxan Sadıqlı keçmişdi. “Zirə”nin qapısında da sürpriz ad var idi. Son vaxtlar səhvləri sıralayan Kamal Bayramov bu dəfə ehtiyat oyunçular skamyasında əyləşmişdi. Maraqlıdı ki, məşqçilər korpusu qapını zədəsini sağaldan Anar Nəzirova yox, 20 yaşlı Abdulla Seyidəhmədova etibar etmişdi. Vüsal İsgəndərli və Aleksandr Dedovun ehtiyatda qalması da sürpriz addım idi.
İlk yarı o qədər də maraqlı keçmədi. Bəlkə də tərəflərin beşli müdafiə sisteminə üstünlük verməsinin bunda müəyyən qədər rolu vardı. Tərəflər hücuma ehtiyatla çıxır, əsasən müdafiənin etibarlılığını düşünürdü. İlk dəqiqələrdən “Keşlə” daha fəal təsir bağışlayırdı. Qonaqların hücumları zamanı müdafiəçilər ön xətt oyunçularına lazımi dəstəyi verirdi. Söhbət əsasən Alxasovla Skarlatakedən gedir. Elə qol da müdafiəçidən gəldi. Korner asmasını rumıniyalı stopper qapıya ünvanlasa da, top “çərçivə”yə paralel getdi ki, belədə özünü hamıdan əvvəl ona çatdıran Quliyev toru silkələdi. Bu, Tərlanın cari mövsüm premyer-liqada ilk qolu idi.
Hesabda geri düşdükdən sonra meydan sahibləri sanki yuxudan ayıldı. Təşəbbüsü ələ keçirən “Zirə” tədricən rəqibi qapısına doğru sıxışdırdı. Təzyiq 28-ci dəqiqədə fayda verdi. Abbasovun zərbəsini Sadıqlı istədiyi kimi dəf edə bilmədi. Orxanın səhvini Elşən bağışlamadı. Beləliklə, Abdullayev “Zirə”də ilk qoluna imza atdı. İlk hissənin qalan dəqiqələrində mübarizə daha çox meydanın mərkəzində gedirdi. Bu üzdən qapılar qarşısında təhlükəli vəziyyət yaşanmadı. Yaddaqalan epizod isə Maksimovun əvəzetməyə əl atması oldu. Ukraynalı mütəxəssis 35-ci dəqiqədə Podionu Taşkınla əvəzlədi.
İkinci hissəyə isə “Zirə” dəyişikliklə başladı. İsgəndərli Uilyamsın yerinə meydana çıxdı. Ən azı “qartallar”ın fasilədən sonra “va-bank gedəcəyi” aydın idi. Artıq oyuna sürət gəlmişdi. 49-cu dəqiqədə Alxasovun cərimə zərbəsini Seyidəhmədov dəf edə bildi. Bundan sonra “Zirə”nin silsilə hücumları başladı. Ayxan Abbasovun komandası daha çox uzaqdan zərbələrə üstünlük verdi. Təkcə Duriç 3 dəfə uzaqdan şansını yoxladı. Bunların birində “çərçivə”ni tapsa da, Sadıqlı barmaqlarının ucuyla topu kornerə çıxardı. 66-cı dəqiqədə Sərtan reydini zərbəylə tamamlasa da, vuruşu zəif və qeyri-dəqiq oldu. Bundan sonra Orxan diqqət mərkəzinə düşdü. Qolkiper əvvəlcə Abdullayevin, ardınca isə Dedovun fərqlənməsinə əla seyvlə imkan vermədi. Sadıqlı bu dəqiqələrdə ayağından zədə alsa da, oyunu sonadək davam etdirdi.
Tam müdafiəyə çəkilən qonaqların bir əks-hücumu öldürücü oldu. Rəqibin hücumunu yarıda qoyan Quliyevin başladığı həmlə əla kombinasiya fonunda qolla nəticələndi. 7-8 ötürmənin yekununda Slavik işlək olmayan sağ ayağı ilə uzaq küncü dəqiq nişan aldı. 85-ci dəqiqədə “Zirə” növbəti əla imkanı boşa verdi. Elşənin asmasını Vüsal yaxın məsafədən “çərçivə”yə göndərə bilmədi. Bundan sonra qapılar qarşısında təhlükəli vəziyyət yaşanmadı və “Keşlə” səfərdə güclü rəqibə qalib gəldi. Bu qarşılaşmanın incə məqamı isə bütün qollara “Neftçi”nin yetirmələrinin imza atması oldu.
SƏRXAN
Gözdən qaçmadı
* Zirədə güclü külək əsirdi. Məhz bu üzdən start fiti ərəfəsində su şırnağı işə düşəndə azarkeşlər islandı.
* Respublika Narkoloji Mərkəzində ölənlərin xatirəsinə 1 dəqiqəlik sükut elan ediləndə iki gənc azarkeşin heç nə olmamış kimi ayağa qalxmaması ürəkağrıdan mənzərə idi.
* Kamran Ağayev zədələndiyindən oyunu press-lojanın aşağısındakı oturacaqlardan birində əyləşib izləyirdi. Hərçənd buna əyləşmək də demək olmazdı. “Keşlə”nin qapıçısı, demək olar ki, oyunboyu oturmadı. O, tez-tez gənc komanda yoldaşı Cabirə tapşırıq və dəstək verir, topla daha çox oynamağı, hücumlar zamanı sürətlə irəli çıxmağı məsləhət görürdü. Epizodların birində Ağayevin yaxınlığında əyləşmiş zirəli azarkeşlərin bir-ikisi “Keşlə”nin hansısa futbolçusunu təhqir etdi. Kamran buna etirazını bildirdi. Problem sülhlə yoluna qoyuldu.
* 86-cı dəqiqədə Slavik Alxasov yerə yıxıldı. Hərəkətsiz qalan futbolçuya doğru ilk qaçan Kamal Bayramov oldu. Rəqib həmkarına ilk yardımı göstərən qolkiper azarkeşlərin alqışını qazandı.
Reaksiyalar
Elnur Codarov: “Bizim üçün iki fərqli hissə oldu. İlk yarıda istədiyimiz kimi hücuma çıxa bilmədik. Ancaq ikinci 45 dəqiqədə etdiyimiz dəyişikliklərdən sonra istədiyimiz hücumları qura bildik. Çatışmayan qol oldu. Bu azmış kimi, ani diqqətsizlikdən rəqib qapımıza 2-ci topu vurdu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün gənc qapıçını oynatdığımıza görə təəssüflənmirik. Üç qapıçımız var və onların üçünə də inanırıq. Dedovun start heyətində yox, ikinci yarıda meydana çıxması taktiki gediş idi”.
Yuri Maksimov: “Bu gün çox güclü rəqibə qalib gəldik. Bu oyunda bəxt də bizim tərəfimizdə oldu. “Sumqayıt”la oyunda 90-cı dəqiqədə qol buraxdıq. O zaman bəxt bizdən üz döndərmişdi. Ötən oyunda 1-ci dəqiqədə qol buraxdıqdan sonra toparlanmaq çətin idi. Psixoloji cəhətdən komandaya təsir göstərdi. Futbolçularla söhbət etdik və nəticənin vacib olduğunu başa saldıq. Bu gün komanda çox istəkli oynadı. Mən istefa verməmişəm. Belə bir şey baş verməyib. Bütün futbolçular mənim nəzərimdə eynidi. Hamıya şans verirəm. Pablonu da meydana buraxdım ki, özünü göstərsin. Kim məşqlərdə daha yaxşı özünü göstərsə, o da meydana çıxacaq. Podionun oyun üslubu sistemimizə uyğun gəlmir. Məqsəd İsayev “Sumqayıt”la oyuna çıxanda xəstə idi. Daha sonra məşqlərdə digər futbolçular ondan daha yaxşı təsir bağışladığından o bu gün ehtiyatda qaldı. 4-4-2 sistemi ilə oynayanda Tərlan Quliyevi ehtiyatda saxlayırdım. 5-3-2 sisteminə keçən kimi ona şans verdim. Quliyev yaxşı müdafiəçidi və ona yenə şans verəcəm”.