Qriqorçuk: “Ömrüm boyunca belə oyun keçirdiyim yadıma gəlmir”
71. Qəbələ - Neftçi (Bakı) 1:2 (1:0)
22. Dmitri Bezotosnı - 4,5
34. Ürfan Abbasov (k) - 4,5
3. Voislav Stankoviç - 4,5
15. Vitali Vernidub - 3,5
(18. İlqar Qurbanov, 78) - qiymətsiz
10. Ruslan Qurbanov - 5,5
4. Elvin Camalov - 4,5
(16. Dion Malone, 84) - qiymətsiz
6. Elvin Məmmədov - 5,0
(33. Təmkin Xəlilzadə, 67) - 4,0
45. Famussa Kone - 4,0
19. Filip Ozobiç - 4,5
74. Yusif Nəbiyev - 5,0
9. Baqali Dabo - 5,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
62. Faiq Hacıyev
72. Kamran Quliyev
77. Samir Qurbanov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Ruslan Qurbanov
94. Rəşad Əzizli - 5,5
5. Anton Krivotsyuk - 5,5
15. Ruslan Abışov (k) - 5,5
25. Kiril Petrov - 5,5
2. İlkin Qırtımov - 5,5
8. Emin Mahmudov - 6,0
10. Derlis Meza Kolli - 5,5
7. Namiq Ələsgərov - 6,5
17. Rəhman Hacıyev - 6,0
(12. Mayk Kampaz, 86) - qiymətsiz
11. İqnasio Errera - 6,0
22. Mirabdulla Abbasov - 6,0
(9. Lukas Qomes, 80) - qiymətsiz
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
20. Elnur Süleymanov
26. Ömər Buludov
3. Fərid Abbaslı
77. Elvin Sərkərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: E.Məmmədov, 34 (1:0, Y.Nəbiyev). M.Abbasov, 59 (1:1, E.Mahmudov). İ.Errera, 73 (1:2, M.Abbasov).
Vərəqələr: R.Hacıyev, 19 (hakimi aldatmağa cəhd). B.Dabo, 38 (hakim qərarına etiraz). E.Camalov, 56 (qeyri-idman hərəkəti). E.Mahmudov, 76 (qeyri-idman hərəkəti). K.Petrov, 87 (qeyri-idman hərəkəti). V.Stankoviç, 88 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 90+1 (qeyri-idman hərəkəti) - sarı. Y.Nəbiyev, 83 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək) - qırmızı.
Hakimlər: RAUF CABBAROV, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
4 mart. Qəbələ. Şəhər stadionu. 3000 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
"Qəbələ" doğma meydanda “Neftçi”ni sınağa çəkirdi. Bu görüşü “yarımfinalın böyük məşqi” də adlandırmaq olardı. Ötən tur “Səbail”ə uduzan meydan sahibləri liderlə xal fərqinin daha da artmaması üçün qələbəni hədəfləmişdi. "Qarabağ"ın bir gün öncə heç-heçə etməsi də Qriqorçukun yetirmələrinin iştahını artırmışdı. Əvvəlki iki görüşdə qalib gələ bilməyən qonaqlar isə ilk “dördlüy”ə yaxınlaşmaq üçün mübarizə aparacaqdı. Bununla belə, hər iki komanda meydana ciddi itkilərlə çıxamışdı. Rəşad Sadiqov sabiq komandasına qarşı oynaya bilmirdisə, “Qəbələ”də İntizam Komitəsi tərəfindən 2 oyunluq uzaqlaşdırılan kapitan Cavid Hüseynov və Qismət Alıyevdən başqa, Asif Məmmədov da yox idi. Sonuncu sarı vərəqə cəzalısıydı.
İlk 30 dəqiqədə qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Xüsusən meydan sahiblərinin istəksiz davranmasını anlamaq çətin idi. Bu müddətdə ən diqqətçəkən an Rəhmanın rəqibin cərimə meydançasında yerdə qalması oldu. Lakin hakim bu epizoda görə penalti təyin etmədi, haqlı olaraq "Neftçi"liyə simulyasiyaya görə "sarı" göstərdi. Nəhayət, 30-cu dəqiqədə Ozobiçin topu itirməsindən sonra qurulan əks-hücum zamanı qonaqlar hesabı açmağa yaxın oldu. Namiqin qüvvətli vuruşundan sonra top tirdən döndü. Cəmi 3 dəqiqə sonra "Qəbələ" "atəşkəsi pozdu". Filipdən topu qəbul edən Yusif qapı önünə ötürmə etdi. Elvin isə "çərçivə"ni dəqiq nişan aldı. Hərçənd həmin epizodda Məmmədov sanki topa zərbə vurmaq yox, onu saxlamaq istəyirdi. Hər halda, hesabın açılması qalan dəqiqələrdə daha baxımlı mübarizənin gedəcəyindən xəbər verirdi.
İkinci yarının əvvəli sakit keçsə də, 51-ci dəqiqədə meydan sahibləri üstünlüyünü bir qədər də möhkəmlədə bilərdi. Ancaq Ozobiçin cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı top dirəyi sürtüb keçdi. Həmin vəziyyətdə Qurbanov "kürə"yə azca toxunsaydı, qol olacaqdı. Az sonra Famussa diqqət mərkəzinə düşdü. O Dabonun ötürməsindən sonra "çərçivə"ni nişan alsa da, Əzizli qola imkan vermədi. 58-ci dəqiqədə isə "status-kvo" bərpa olundu. Antondan ötürmə alan Namiq bir qədər irəliləyib Emini gördü. Əslində Mahmudovdan öncə Vernidub təhlükəni sovuşdura bilərdi. Ötən oyunda avtoqolla yadda qalan Vernidub bu dəfə də kobud səhvə yol verərək topu Mahmudova "oğurlatdı". Emin isə "kürə"ni daha yaxşı mövqedə olan Mirabdullaya ötürdü, sonuncu tək toxunuşla toru silkələdi. Düz 10 dəqiqə sonra Ozobiç komandasını yenidən hesabda önə keçirməyə yaxın idi. Ancaq xorvat yarımmüdafiəçi cərimə meydançası daxilində yaxaladığı fürsəti qeyri-dəqiq zərbəylə tamamladı. 73-cü dəqiqə "qırmızı-qaralar" növbəti dəfə mərkəzə dəvət olundu. Abbasov autdan topu müdafiəçilərin arxasına atdı, İqnasio bir qədər irəliləyib "Neftçi"nin 2-ci qolunu vurdu. 83-cü dəqiqədə isə "Qəbələ" daha bir şok yaşadı. Qonaqların əks-həmləsi zamanı Hacıyevi əllə saxlayan Nəbiyev “sonuncu ümid folu”na görə qarşısında "qırmızı" gördü. Bundan sonra komandalar ardıcıl iki qol vəziyyəti yaratdı. Meydan sahiblərindən Ozobiç, qonaqlardan Ələsgərov təhlükəli cərimə zərbəsi ilə yadda qaldı. Namiq son dəqiqələrdə də Bezotosnının sayıqlığını yoxlasa da, ukraynalı qapıçı qola imkan vermədi. Beləliklə, "Qəbələ" ardıcıl 2-ci oyunda məğlub oldu. "Neftçi" isə yeni rəhbərliyin gəlişindən sonra ilk qələbəsini qazandı.
FARİZ
Gözdən qaçmadı
* Start fitindən öncə turun digər oyunlarında olduğu kimi 1 dəqiqəlik sükut elan olundu. Narkoloji Mərkəzdə baş verən yanğında faciəvi şəkildə həyatını itirənlərin xatirəsi ehtiramla yad olundu.
* Yığmanın baş məşqçisi Qurban Qurbanov da qarşılaşmanı izləyənlər arasında idi.
* Elvin Məmmədov fərqlənəndən sonra "Red Black Army" azarkeş qrupuna yaxınlaşdı və fanatlardan biri ilə əl toqquşdurdu.
* Oyundan sonra "Neftçi"nin futbolçuları "Forza Neftçi"nin qərarlaşdığı tribunanın önünə gəldi. Yadınızdadısa, ötən turda bu fanklubla oyunçular arasında xoşagəlməz "atışma" olmuşdu. Bu dəfə fanatlar kapitan Ruslan Abışovla qısa dialoqdan sonra komandanı alqışladılar.
Reaksiyalar
Tərlan Əhmədov: "Komandam bu gün iradə, əzmkarlıq nümayiş etdirdi. Fikrimcə, layiqli qələbə qazandıq. Əvvəl də demişdim ki, pillə-pillə irəliləyəcəyik. Bura gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun yüksək tempdə keçməsə də, yaxşı çıxış etdik. Uşaqların oyunundan razı qaldım, onları təbrik etdim. Üçüncü dövrə başlayanda da demişdim ki, komanda yavaş-yavaş inkişaf edəcək. Bugünkü nəticə də göstərdi ki, düzgün yoldayıq. Rəhbər dəyişikliyi haqda fikirləşməmişəm. Yalnız komandamın oyunlarına köklənmişəm. Başqa şeylərə vaxt ayırmıram. Klubun idarə heyəti, sponsorları, rəhbərliyi var. Dəyişikliyi onlar edib. Mən bu işlərə qarışmıram. Qarşıda hələ oyunlarımız, fasilə var. Kubok haqda düşünməmişik. “Çərçivə” ilə bağlı rotasiyalara gəlincə, bu gün Rəşad daha hazırlıqlıdı. Onun keçən matçda şans qazanmamasına səbəb qrip olması idi. Həm Rəşad, həm də Səlahət eyni səviyyəli qapıçılardı. Gələcəkdə Səlahət də şans əldə edəcək. Bu vaxt həmin fürsətdən istifadə edə bilər. Kim daha hazırlıqlıdısa, o da oynayacaq".
Roman Qriqorçuk: "Çox pis hisslər keçirirəm. Matçdan sonra komandama dedim ki, bunun öhdəsindən gəlməliyik. Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Ömrüm boyunca belə oyun keçirdiyim yadıma gəlmir. İtkilərimiz var idi. Bu gün isə qırmızı vərəqə aldıq, Ruslan Qurbanov zədələndi. Bəlkə də onun ayağında sınıq var. Ancaq bunları bəhanə etmək istəmirəm. Stadiona çoxlu azarkeş gəlmişdi. Futbol ab-havası var idi. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik... Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbət etdik. Hətta zarafatla dedim ki, “necə ola bilər ki, müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan?” Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz həmin epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq bu gün oynamasaydı, deyə bilmərəm ki, fərqli nəsə olardı. Komandamın istəksiz olması fikri ilə razılaşmıram. Deməzdim ki, mübarizə aparmadıq. Sadəcə, oyun alınmadı. Kobok haqda fikirləşirik? Necə yəni? Demək istəyirsiz ki, biz çempionat barədə düşünmürük? Çempionatdan əlimizi üzməmişik. Qarşıda xeyli oyun var. Təkcə kubok haqda fikirləşmirik. Hər iki yarışa ciddi yanaşırıq. Komandamın turnir cədvəlində aşağı pillələrdə olan rəqiblərlə matça köklənə bilmədiyini deməzdim. “Səbail”lə matç tam fərqlidi. Bu gün bizim üçün çox uğursuz oyun oldu. Ötən görüşdə pis oynamamışdıq. Buna baxmayaraq, məğlub olduq. Ötən mövsümdə də yaxşı oynayıb, uduzduğumuz matçlar olmuşdu".