Ayxan Abbasov isə bu günü nişan verdi
Premyer-liqanın 16-cı turunun maraqlı və dramatik oyunu Qəbələdə baş tutdu. Yerli komanda "Zirə" üzərində əzmkar qələbə (2:1) qazandı. Final fitindən sonra isə meydanda ara qarışdı, məzhəb itdi. Mübahisə yumruq davasına çevildi. Qarşıdurma paltardəyişmə otağına gedən yolda da davam edib. Bir sözlə, İntizam Komitəsinin (İK) bu oyunla bağlı sərt qərarlar verəcəyi gözlənilən idi. Belə də oldu. Komitə dünən keçirilən iclasında bu oyunda yaşananlara hüquqi qiymət verdi. Özü də qurum matçın videoyazısını izlədikdən sonra cəzaları müəyyənləşdirib. "Qəbələ"nin futbolçularından Cavid Hüseynovla Qismət Alıyev, "Zirə"dən isə Riçard Qadze ilə Sadio Tounkara hərəyə 2 oyunluq diskvalifikasiya olunub. "Qartallar"ın baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiramiz ifadələr işlətdiyinə görə 5 matçlıq cəzalanıb. Düzdü, bunun 3-ü şərtidi və yalnız çalışdırıcı qarşıdakı 6 ayda yenidən cəzalansa, həmin 3 oyunluq kənarlaşdırılma da əlavə olunacaq. "Qəbələ" isə təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə cərimələnib.
Bir sözlə, yaşanan qarşıdurma hər iki tərəfə baha başa gəldi. Hələ cəzanın maddi tərəfini bir kənara qoyaq. Belə ki, ümumilikdə klubların hər birinə kəsilən 8 minlik cəriməni ödəmək problem olmaz. Ancaq istər "Qəbələ"nin, istərsə də "Zirə"nin qarşıdakı 2 turda iki əsas heyət üzvünün köməyindən məhrum olması baş məşqçiləri pis vəziyyətdə qoyacaq.
Görəsən, klublardan hansısa cəzalara etiraz edir? "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı bunları dedi: "Cəzalarla bağlı apellyasiya şikayəti verməyəcəyik. Sadəcə, meydanda olanlardan sonra söz-söhbət dəhlizdə də davam edib. Bildiyiniz kimi, paltardəyişmə otağının yanında, dəhlizdə klub mühafizəçilərinin olmasına icazə verilmir. Bizdə də orda asayişə polislər nəzarət edirdi. Ancaq Abbasov özü də deyirsə ki, məni vuran olmayıb, artıq sözə ehtiyac qalmır".
Ayxan Abbasovun fikirləri ilə də tanış olun: "Mənə verilən cəza ilə bağlı sabah (bu gün) klubun rəsmi saytında açıqlamam olacaq. Futbolçulara gəlincə, əlbəttə, heç kimi itirmək istəməzdik. Ancaq komandada onları əvəzləyəcək oyunçularımız var".
FARİZ