Beləliklə, premyer-liqa həsrəti bitdi. Hərçənd buna “həsrət” demək bir qədər qəribə səslənir. Belə görünür ki, çempionatın həsrətini elə biz jurnalistlər və bir qism fanatlar çəkirmiş. 15-ci turun dörd oyununda ümumilikdə 5500 azarkeş olub. Bu isə çox aşağı göstəricidi. Amma bu da var ki, geridə qoyduğumuz həftənin bütün oyunları paytaxtda keçirilib. Bir daha sübuta yetirildi ki, Bakıdakı görüşlərdə anşlaq yaşanmır. Zorla deyil ki...
3-cü dövrənin ilk turunu “sülh həftəsi” adlandıra bilərdik. Ta ki sonuncu qarşılaşmayadək. “Neftçi” son dəqiqələrdə qələbə topunu vuraraq, turun heç-heçə halqasını qırdı. Məhsuldarlığa gəlincə, azarkeşlər 4 qarşılaşmada cəmi 5 qol görübsə, əlavə şərhə ehtiyac yoxdu. Yeri gəlmişkən, bu tur bombardirlərdən heç biri fərqlənmədi.
İndi isə oyunlara ayrılıqda nəzər salaq. Qış fasiləsi Zirədə başa çatdı. Təmkin Xəlilzadənin gedişindən sonra meydan sahiblərinin necə çıxış edəcəyi maraqla gözlənilirdi. İlk yarını qonaqların hesabına yazmaq olar. “Sumqayıt” bir neçə yüzfaizlik qol fürsətini qaçırdı. Fasilədən sonra isə “Zirə” üstünlüyü ələ aldı. Qollar qapıçıların kobud səhvi nəticəsində vuruldu.
Turun mərkəzi oyunu Suraxanıda baş tutdu. “Qəbələ”nin oyun üslubu ürək açmadı. Komanda sanki Bakıda 1 xal üçün mübarizə aparırdı. Hər halda, “qırmızı-qaralar”ın qol ümidi Baqali Dabonun zədələnərək erkən sıradan çıxması da planları alt-üst etdi. Əvəzində “Qarabağ” qələbə üçün var gücünü ortaya qoydu. Ancaq qol fürsətlərindən yararlanmaq mümkün olmadı. Heç-heçə çempionluğa iddialıları sevindirə bilməz. Aradakı 6 xallıq fərq isə olduğu kimi qalır.
Yuri Maksimovun çempionatımızda debütü heç-heçə ilə nəticələndi. “Səbail”in qış fasiləsində “Neftçi”dən icarəyə götürdüyü Fəhmin Muradbəyli ilk hissədə hesabı açsa da, fasilədən sonra Pərdis Fərcad-Azad “status-kvo”nu bərpa etdi. Bu “sülh”ü debütantın hesabına yazmaq olar. Çünki “Keşlə” 5 xallıq fərqi əridə bilmədi.
Yuxarıda da qeyd etdiyimiz kimi, turu “sülh həftəsi” adlandırmağa “Neftçi” imkan vermədi. “Bakcell Arena”da susqunluğa Mirabdulla Abbasov son qoydu. Yoxlama oyunlarında bərbad çıxış edən flaqman 3-cü dövrənin ilk turundan ən karlı çıxan komanda oldu. Bu qələbə “ağ-qaralar”ı “Səbail”dən uzaqlaşdırıb, “Sumqayıt”a yaxınlaşdırdı. İndi “Neftçi”ni 4-cü yerdən cəmi 2 xal ayırır.
Topaz premyer-liqası
3-cü dövrə, 15-ci tur
10 fevral
Zirə - Sumqayıt 1:1
Qarabağ – Qəbələ 0:0
11 fevral
Keşlə - Səbail 1:1
Neftçi – Kəpəz 1:0
1. Qarabağ 15 12 2 1 25-6 38
2. Qəbələ 15 10 2 3 28-14 32
3. Zirə 15 9 4 2 24-12 31
4. Sumqayıt 15 6 3 6 18-18 21
5. Neftçi 15 6 1 8 18-16 19
6. Səbail 15 4 2 9 10-22 14
7. Keşlə 15 2 3 10 10-25 9
8. Kəpəz 15 2 1 12 10-30 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 9, Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) – 6.
Növbəti turun oyunları: 17 fevral – Sumqayıt – Neftçi, Qəbələ - Zirə, Səbail – Qarabağ, Kəpəz – Keşlə.
SƏRXAN