Əvəzedicilər “Keşlə”yə qalib gəldi
“Qəbələ” 3 günlük istirahətin ardından təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Komanda dünən gündüz saatlarında Antalyada bir araya gəlib. Yanvarın 5-dən 18-dək Lara qəsəbəsində hazırlaşan “qırmızı-qaralar” toplanışın qalan hissəsini Bələkdə keçirəcək. Baş məşqçi Roman Qriqorçuk dünən axşam saatlarında “Qloriya Sereniti” otelinin meydanında komandanı məşqə çıxarıb. Toplanışda yalnız 21 yaşadək futbolçulardan ibarət yığmamıza qoşulan oyunçular iştirak etmir.
Xatırladaq ki, fevralın 3-dək davam edəcək hazırlıq prosesi çərçivəsində dörd yoxlama oyunu keçiriləcək. “Qəbələ” yanvarın 24-də Makedoniya “Rabotniçki”si, 27-də Rusiya “Arsenal”ı, 31-də Çexiya “Bohemians”ı, fevralın 3-də isə Makedoniya “Şkendiya”sı ilə münasibətləri aydınlaşdıracaq.
Yeri gəlmişkən, “Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib. Mövsümünün ikinci yarısına hazırlığı Bakıda davam etdirən “qırmızı-qaralar” “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. “İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimov Emin İmaməliyevin yetirmələrinə qələbə qazandırıb. Buna qədər “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan əvəzedicilər qış fasiləsində ilk qələbəsini əldə edib. Paytaxtda baş tutan görüşdən sonra 1 günlük istirahətə buraxılan komanda sabah Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” əvvəldən müəyyən olunmuş plana əsasən yanvarın 26-da təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanacaq.
SƏRXAN