Əvəzedicilər Emin İmaməliyevə tapşırıla bilər
Xəbər verdiyimiz kimi, “Qəbələ” dünən qış təlim-məşq toplanışına start verib. Komanda səhər saatlarında Antalyaya yollanaraq Lara qəsəbəsindəki “Trendi” otelində məskunlaşıb. “Qırmızı-qaralar” yanvarın 17-dək bu oteldə qalacaq. Bölgə təmsilçisi ayın 10-da yerli “Akhisar Bələdiyyəspor”, 14-də Qazaxıstan “Atırau”su, 17-də isə İsveçrə “Sürix” i ilə qarşılaşacaq. Üçgünlük istirahətdən sonra yanvarın 21-də hazırlığın ikinci – Bələk mərhələsi başlayacaq. Komanda fevralın 3-dək “Qloriya Sereniti” otelində məskunlaşacaq. Roman Qriqorçuk bu müddət ərzində yetirmələrini dörd yoxlama oyununda sınaqdan keçirəcək. “Qəbələ” yanvarın 24-də Makedoniya “Rabotniçki”si, 27-də Rusiya “Arsenal”ı, 31-də Çexiya “Bohemians”ı, fevralın 3-də isə Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcək.
Qriqorçuk gəncləri sınayacaq
Ukraynalı mütəxəssisin sərəncamında yeni transfer Təmkin Xəlilzadə ilə yanaşı, əvəzedici komandanın üzvlərindən Abbas Ağazadə, Faiq Hacıyev və Əmrah Zülfüqarlı da olacaq. Yanvarın 29-da 18 yaşı tamam olacaq Zülfüqarlı qapıçıdı. Aqil Məmmədovun “Neftçi”yə keçidindən sonra komandada Dmitri Bezotosnı və Murad Popovdan savayı 3-cü qapıçıya ehtiyac var idi ki, Qriqorçuk da bu boşluğu Əmrahla doldurmağı planlaşdırır. Ağazadəylə Hacıyev isə müdafiəçidi. Hər ikisinin 18 yaşı var. Hərçənd adı çəkilənlərin toplanışdan sonra da əsas komandada qalacağını söyləmək çətindi. Çünki hazırda müdafiə xəttində yetərincə futbolçu var. Çox güman, əcnəbi çalışdırıcı perspektiv vəd edən gənclərə təcrübə qazandırmaq üçün bu addımı atıb.
Təmkin “33”ü seçdi
Qış fasiləsinin “bomba” effektli transferi Təmkin Xəlilzadənin yeni komandasında geyəcəyi formanın nömrəsi də müəyyənləşib. “Zirə”də “28 nömrə” altında oynayan 24 yaşlı futbolçu bölgə təmsilçisində “33” ilə meydana çıxacaq.
Daha bir legioner getdi
“Qəbələ” ötən yay heyətinə qatdığı futbolçularla bir-bir vidalaşır. Xavi Hernandeslə mövsüm başlar-başlamaz yolları ayıran “qırmızı-qaralar” bu yaxınlarda Endi Hallideylə vaxtından əvvəl vidalaşdı. Gözlənildiyi kimi, Deyv Bultuislə də müqaviləyə xitam verilib. Mövsümlərarası fasilədə “Nürnberq”dən transfer edilən sol cinah müdafiəçisi ilə 3 illik anlaşma əldə olunmuşdu. Ancaq Qriqorçuk 2-ci bundesliqada top qovmuş hollanda əsas heyət üzvü gözüylə baxmırdı. Cari mövsüm cəmi 4 oyunda forma geyən Bultuis “Herenven”lə 2,5 illik müqavilə bağlayıb. Deyvin keçidinə görə Hollandiya klubundan 300 min avro tələb edən “Qəbələ” qiymətdə müəyyən güzəşt qarşılığında transferə razılaşıb.
Bultuis keçidi haqda bunları deyib: “Yenidən Hollandiyaya döndüyümə görə çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada - “Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. “Herenven” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.
Baxşıyevin xələfi İmaməliyev ola bilər
Ramin Quliyev U-17 millimizə baş məşqçi təyin olunduqdan sonra Elmar Baxşıyevin Qriqorçukun köməkçiləri sırasına qoşulduğunu bilirsiz. Baxşıyev bunadək əvəzedicilərdən ibarət komandanı çalışdırırdı. Hələ ki Elmarın xələfi müəyyənləşməyib. Böyük ehtimalla əvəzedicilərin yeni baş məşqçisi Emin İmaməliyev olacaq.
SƏRXAN