Gerye Haitidə ilin ən dəyərli 12 şəxsiyyəti sırasında
Məlum olduğu kimi, “Qarabağ” yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Hazırlıq çərçivəsində ağdamlıların üzləşəcəyi bütün rəqiblər və bu yoldaşlıq oyunlarının günləri artıq bəllidi. Toplanış zamanı “köhlən atlar” 6 yoxlama matçında qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 17-də Rusiya “Kuban”ı, 20-də Polşa “Legiya”sı ilə qarşılaşacaq. Yanvarın 25-nə isə iki oyun planlaşdırılıb. “Qarabağ” öncə Makedoniya "Şkupi"si, daha sonra isə Ukrayna "Mariopul"u ilə üz-üzə gələcək. “Köhlən atlar” 5-ci görüşü Bosniya və Hersoqovina "Sarayevo"suna qarşı keçirəcək. Son yoxlama matçı fevralın 3-də gerçəkləşəcək və ağdamlılar "Mladost"la (Monteneqro) qarşılaşacaq.
“Qarabağ” rumın müdafiəçi ilə maraqlanır?
Rumıniya mətbuatı “Qarabağ”ın Buxarest “Dinamo”sunun müdafiəçisi Steliano Filipi heyətinə qatmaq istədiyini yazıb. Qeyd edək ki, “Dinamo” rəhbərliyi hələ bir müddət öncə Filipi 400 min avro təzminat haqqı qarşılığında başqa kluba buraxmağa razı olduğunu açıqlamışdı. Buxarestlilər müdafiənin sol cinahında oynayan Stelianonun məvacibinin yüksək olmasından narazıdı. Azərbaycan, Türkiyə və İtaliyanın 2-ci liqasından təklif aldığı bildirilən futbolçunun ölkəmizə köçmək şansı daha yüksək dəyərləndirilir. "Qarabağ" azarkeşləri sosial şəbəkədə Filipə mesaj göndərərək, onun Ağdam klubu ilə müqavilə imzalamasını istəyiblər. Onu da bildirək ki, 2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano 2015-dən bəri Rumıniya millisinin heyətində 7 oyun keçirib. Ansi Aqollinin mövsümün sonunda gedəcəyi real göründüyündən, sözügedən transfer təəccüb doğurmur. Bu arada Filipin karyerasını Bolqarıstanda da davam etdirə biləcəyi istisna olunmur. Bu ölkənin yüksək liqasına başçılıq edən “Ludoqorets” 23 yaşlı sol cinah oyunçusunu heyətinə cəlb etmək fikrinə düşüb. “Dinamo”dan ayrılmaqda qərarlı olan müdafiəçi rəhbərlikdən onu buraxmasını xahiş edib. Buxarestlilər isə, qeyd etdiyimiz kimi, onun transfer vərəqəsini 400 min avro təzminat haqqı qarşılığında verməyə hazırdı.
Gerye yenə fərqləndirildi
Vild-Donald Gerye vətənində növbəti dəfə fərqləndirilib. Haiti yığmasının üzvü bu ölkədə geridə qalan 2017-ci ilin ən dəyərli 12 şəxsiyyəti sırasına düşüb. Belə bir seçimi Haitinin nüfuzlu “Le Nouvellist” nəşri edib. Adı çəkilən mətbu orqan Geryenin siyahıya düşməsini belə izah edib: “Vild-Donald Gerye karyerasına yerli çempionatda başlayıb Çempionlar Liqasında çıxış edən ilk haitili futbolçu oldu. “Qarabağ” ilə Avropada elit səviyyədə özünü göstərən futbolçumuz öz mövqeyində KONKAKAF zonasının da ən yaxşısı seçilmişdi. O, 2017-ci ildə Haitinin ən yaxşı təmsilçilərindən biri oldu. Gerye bir daha sübut etdi ki, bu ölkədə istedadlı insanlar yetişir. Ümid edirik ki, o, milli komanda səviyyəsində də bizi sevindirəcək”.
Aqolli: “Bu komanda ilə bağlı daha bir istəyim var”
Hazırda çempionatda yaranan fasilə ilə bağlı ölkəsində olan Ansi Aqolli “TV Klan”a müsahibə verib. Alban müdafiəçi həm “Qarabağ”, həm də yığmadakı çıxışı ilə bağlı danışıb. Ağdam klubunun cari mövsümdəki hədəfinə toxunan Aqolli çempion titulunu qorumaq istədiklərini dilə gətirib: “Əsas məqsədimiz yenidən ölkə çempionu olmaqdı. Bu mövsüm Azərbaycan birinciliyini birinci pillədə başa vurmaq bizim üçün vacibdi. Lakin təkcə bununla iş bitmir. Avrokuboklarda da layiqincə çıxış etməliyik. “Qarabağ”la bağlı daha bir istəyim var. Bu, yenidən Çempionlar Liqasının qrupuna çıxmaqdı”.
Ansi Albaniyanın DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da toxunub: “Məlum olduğu kimi, dünya çempionatının seçmə mərhələsi bizim üçün çox çətin keçdi. Bu da qrupda iki güclü rəqib – İspaniya və İtaliyanın olması ilə bağlı idi. Amma bir qədər bəxtimiz gətirsə və qətiyyətli olsaq, AÇ-2020-nin final mərhələsinə yüksələ bilərik”.
Qurbanov üçün yeni köməkçi
Bolqarıstan ÇSKA-sının məşqçisi Mario Mitov ölkəmizdə işləyə bilər. Bu ölkənin mətbuatı Sofiya klubunun akademiyasından ayrılan 24 yaşlı çalışdırıcının Azərbaycana üz tutduğunu iddia edir. Fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını “Qarabağ”da davam etdirəcəyi bildirilir. O, Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləməlidi. Belə ki, sonuncu ölkəmizdəki fəaliyyətini yığmada davam etdirəcək. Bu üzdən Çakarova əvəzləyici axtaran “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurbanov seçimini gənc çalışdırıcının üzərində dayandırıb. Qeyd edək ki, son bir ili ÇSKA-da keçirən Mario tanınmış futbolçu Dobri Mitovun oğludu. Lakin oğul Mitov zəngin təcrübəyə malik deyil. Blaqoevqradda anadan olan Mitovun futbolçu karyerası qısa çəkib. Yeniyetmə yaşlarında “Liteks” və Blaqoevqrad “Pirin”ində oynadıqdan sonra ikincilərin əsas komandasına yüksəlsə də, bundan artığını edə bilməyib. Nəticədə fəaliyyətini məşqçi kimi davam etdirməyə qərar verib. Amerikada təhsil alıb, ÇSKA-da 15, 17 yaşlılarla işləyib. Klub rəhbərliyi də onun işindən razı qalıb.
FARİZ