13 avq 12:49liqa, reportaj

“Qarabağ” “Neftçi”ni kötəklədi, amma doyunca sevinə bilmədi

“Qarabağ” “Neftçi”ni kötəklədi, amma doyunca sevinə bilmədi
Elxan Abdullayev: “Azarkeşlərdən üzr istəyirik”
1. Neftçi (Bakı) – Qarabağ (Ağdam) 1:3 (0:2)
1. Səlahət Ağayev – 4,0
27. Məqsəd İsayev – 4,0
25. Kiril Petrov – 4,0
6. Pavel Dreksa – 4,0
(12. Daniel Seqoviya, 76) – 4,0
21. Məhəmməd Mirzəbəyov – 4,5
15. Ruslan Abışov (k) – 4,0
23. Tərzin Cahangirov – 4,0
(11. İqnasio Errera, 46) – 4,5
7. Namiq Ələsgərov – 3,5
(22. Mirabdulla Abbasov, 77) – 4,0
10. Derlis Meza-Kolli – 5,0
97. Elnur Cəfərov – 3,5
9. Hüqo Barqas – 3,5
Ehtiyat oyunçular
53. Maksim Vaylo
94. Rəşad Əzizli
3. Mateo Mujek
4. Rahil Məmmədov
5. Anton Krivotsyuk
17. Rəhman Hacıyev
19. Fəhmin Muradbəyli
26. Ömər Buludov
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Derlis Meza Kolli

1. Anton Kanibolotski – 5,5
25. Ansi Aqolli – 5,5
(5. Maksim Medvedev, 75) – 5,5
55. Bədavi Hüseynov - 5,5
52. Yakub Jezniçak – 5,5
30. Abbas Hüseynov – 6,0
2. Qara Qarayev (k) – 5,5
(99. Dani Kintana, 78) – qiymətsiz
91. Coşqun Diniyev – 5,5
11. Mahir Mədətov – 6,5
(39. Zaur Fərzəliyev, 79) – qiymətsiz
7. Rahid Əmirquliyev – 5,5
22. Əfran İsmayılov – 5,5
9. Dino Ndlovu – 6,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
3. Turan Manafov
21. Arif Daşdəmirov
23. Elgün Uluxanov
32. Elvin Yunuszadə
88. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov
Qollar: M.Mədətov, 15 (0:1, Ə.İsmayılov). M.Mədətov, 40 (0:2, D.Ndlovu). D.Ndlovu, 62 (0:3, M.Mədətov). R.Əmirquliyev, 90-öz qapısına (1:3).
Vərəqələr: H.Barqas, 44 (hakimin qərarına etiraz). K.Petrov, 62 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
11 avqust. Bakı. Bakcell Arena. 4800 tamaşaçı (11000 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Çempionatın məhz belə oyunla başlamasına yalnız sevinmək olardı. Ötən mövsüm titulsuz, avrokuboklara vəsiqəsiz qalan meydan sahiblərinin yay fasiləsində lazımi hazırlıq keçdiyini, bir neçə yığma üzvü və legionerlərlə gücləndiyini, “Şalke-04” və “Herta” kimi bundesliqa təmsilçiləri ilə yoldaşlıq görüşləri keçirdiyini nəzərə alsaq, ötən illə müqayisədə bu dəfə fərqli “Neftçi” görəcəyimiz şübhə doğurmurdu. Digər tərəfdə isə son 4 ilin çempionu, ölkədaxili yarışlarda rəqib tanımayan, Çempionlar Liqasının qrupunu döyəcləyən “Qarabağ” idi. “Kopenhagen”lə oyunu düşünən Qurban Qurbanovun heyətlə bağlı riskə getməyəcəyi anlaşılan idi. Odu ki, Şehiç, Medvedev, Miçel və Almeyda kimi aparıcı oyunçular ehtiyatda qalmışdı. Rəşad Sadıqovla Gerye isə zədə üzündən qarşılaşmanı tribunadan izləməyə məcbur idi. Lakin meydana kimlərin çıxmasına baxmayaraq, “Neftçi” və “Qarabağ”ın adı olan oyun sönük keçə bilməzdi.
“Qarabağ”ın ilk dəqiqələrdən üstün təsir bağışlayıb topa sahib olması təsadüfi deyildi. Elxan Abdullayev çempiona qarşı oyunda əks-hücum taktikasına güvənmişdi ki, əsas diqqət müdafiəyə ayrılmışdı. Dreksa, Petrov və Abışov “3-lüy”ü müdafiənin mərkəzinə nəzarət etməliydi. Bu isə “Neftçi”nin irəli xətdəki fəallığını azaldırdı. Qolu çox gözləmək lazım gəlmədi. 15-ci dəqiqədə Əfranın cərimə zərbəsindən qapı önünə havalandırdığı topu Mahir başla qapıdan keçirdi. Daha doğrusu, Səlahətin kobud səhvi sayəsində. “Fola” – “İnter” görüşündə kobud səhvlərlə yadda qalan, “Əl-Əyn”lə yoldaşlıq görüşündə təxminən 35 metrdən qol buraxan Ağayev bu dəfə çıxışda ciddi səhvə yol verməklə “qəbirqazan” rolunu oynadı. 22-ci dədiqədə ağdamlılar növbəti qola yaxın oldu. Bu dəfə cərimə zərbəsindən sonra Əfranın vurduğu top az fərqlə qapının yanından keçdi. Buraxılan qoldan sonra “Neftçi” fəallığı artırmaq əvəzinə yenə müdafiənin qayğısına qalırdı ki, bu da bakılılara baha başa gəldi. 40-ci dəqiqədə sol cinahla irəliləyib cərimə meydançasına daxil olan Dino topu qapı önündə boş qalan Mahirə ötürdü ki, “11 nömrə” dublu rəsmiləşdirməkdə çətinlik çəkmədi.
Meydan sahibləri ikinci hissəyə əvəzetməylə başladı. Əslində ilk yarıda top itkiləri və artıq hərəkətlərlə yadda qalan Elnurun əvəzlənəcəyini düşünsək də, Tərzinin yerinə oyuna Errera qoşuldu. Təhlükəli vəziyyət isə yenə “Qarabağ”dan gəldi. 48-ci dəqiqədə Əfranın uzaq küncə göndərdiyi topu Səlahət barmaqlarının ucuyla kornerə çıxardı. Bir dəqiqə sonra Mahirin het-trik etmək istəyinə zərbəsindəki azacıq dəqiqlik mane oldu. 53-cü dəqiqədə “Qarabağ”lı müdafiəçinin cərimə meydançası daxilində Barqasa qarşı hərəkətini hakimin penalti kimi dəyərləndirəcəyi gözlənilsə də, Əliyar “davam” dedi. 57-ci dəqiqədə ağdamlılar daha bir qol imkanını boşa verdi. Əfranın Rahidlə divar paslaşmasından sonra qapı istiqamətinə vurduğu top qapı torunu içəridən yox, yandan silkələdi. Dəqiqələr irəliləyir, “Neftçi” rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkir, Elxan Abdullayev isə “beşli müdafiə” sistemindən əl çəkmək istəmirdi. Qol özünü çox gözlətmədi. 62-ci dəqiqədə rəqib müdafiəçilərin “yatmasından” istifadə edən Mahir Ndlovuya elə bir ara ötürməsi etdi ki, onu qola çevirməmək günah olardı. Çiyinlərində illərin təcrübəsini daşıyan “9 nömrə” özünəməxsus solaxay zərbəylə Səlahəti məyus etdi. 3 dəqiqə sonra Əfran təkbətəki boşa verdi. 74-cü dəqiqədə stadionu alqış sədalarının bürüməsinə səbəb növbəti qol deyildi. “Qarabağ”ın aparıcı futbolçularından Kintana yarımillik fasilədən sonra rəsmi oyuna çıxdı ki, azarkeşlər sevinməyə bilməzdi. 83-cü dəqiqədə ağdamlı azarkeşlər “qol” deyib ayağa qalxsalar da, Dinonun zərbəsində azacıq dəqiqlik çatmadı. Oyunun son 10 dəqiqəsi “Qarabağ”ın məşqini xatırladırdı. “Ağ-qaralar”ın yorğunluğundan istifadə edən “köhlən atlar” meydanda istədiyini edirdi. Çempion qələbənin dadını çıxarmağa hazırlaşdığı anda tüklər biz-biz oldu. Kintana Derlislə mübarizədə yerdə qaldı və yenicə sağaltdığı zədəsini yenilədi. Həmin an ispanın əsəb və ağrının doğurduğu hayqırtısını eşidib ağlamağa beş ana gərəkərdi. “Qarabağ”lılar Dani şokundan ayılmamış qapısında qol gördü. Elnurun kornerdən qapı qarşısına ötürdüyü topu uzaqlaşdırmaq istəyən Rahid Əmirquliyev tərs vuruşla topu öz qapısından keçirib mövsümün ilk avtoqoluna imza atdı.
“Qarabağ” aparıcı futbolçularının yoxluğunda qazandığı qələbəylə növbəti çempionluğa iddiasını gizlətməsə də, Kintananın sıradan çıxması qələbəni doyunca bayram etməyə imkan vermədi. Hər halda, hakimin final fitindən sonra üzlərdəki bədbinlik bundan xəbər verirdi.
HƏBİB

Reaksiyalar
Qurban Qurbanov: “Çempionatın başlaması münasibətiylə sizi və futbol ictimaiyyətini təbrik edirəm. Bütün komandalara uğurlar arzulayıram. Bu oyun derbi sayılırdı. Belə matçda qalib gəlmək bizim üçün xoşdu. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Qarşıda vaxt az olsa da, “Kopenhagen”lə görüşə hazırlaşmalıyıq. Kintananın zədəsi ilə bağlı dəqiq fikir söyləyə bilməyəcəm. Sabah müayinənin nəticəsindən sonra biləcəyik. İlin əvvəlində zədə aldığı həmin ayağıdı, amma deyəsən, həmin nahiyə deyil. Hər halda, özü belə dedi. Videotəkrara baxdıq, uyğun olmayan tərzdə yıxıldı. Rəqib də onun üstünə düşdü. O ki qaldı stadionda “Kopenhagen” rəsmisinin olmasına, həmin şəxsə görə oyunumuzu gizlətdiyimizi deməzdim. Onsuz da hələ optimal formada deyilik. Gizlədəsi heç nə yoxdu. Rəqiblər bütün oyunlarımızı izləyir, lazım olan məlumatları toplayırlar. Hər şey göz qabağındadı. Çərşənbə axşamı Rəşadla yanaşı, mikrozədələri olan Riçard, Miçel və Geryenin meydana çıxmaq ehtimalı çoxdu”.
Elxan Abdullayev: “Mövsümün başlamasını səbirsizliklə gözləyirdik. Amma istədiyimiz alınmadı. İlk yarıya nisbətən ikincidə yaxşı oynadıq. Bu cür məğlubiyyətdən sonra danışmaq çətindi. Komandaya dəstək verən azarkeşlərdən üzr istəyirik. Belə olmasını biz də istəmirdik. Elnur Cəfərov xeyli vaxtdı 90 dəqiqə oynamır. Matçın sonlarına yaxın yorulmuşdu. Sadəcə, dəyişiklik limiti bitdiyi üçün onu əvəzləyə bilmədik. Elnur hələ gəncdi, gələcəyi irəlidədi. İkinci hissədə pis oynamadı. Uduzmuşuqsa, heç kimdən razı qala bilmərəm. Məndən olsa, “Qarabağ”ın əsas heyətlə oynamasını istərdim. Bir də ki onlarda birinci, yaxud ikinci heyət anlayışı yoxdu. Bu qədər milli üzvünün yer aldığı heyətə “ikinci” demək olmur. Ehtiyatda qalan futbolçular özlərini daha çox göstərmək istəyir. İstənilən halda, təcrübə özünü göstərdi. Uzun illərdi bir yerdə oynayan futbolçulardı. Bizdən üstün olmaları normaldı. Birinci qol oyun planımızı pozdu. Səlahətə nə olduğunu deyə bilmərəm. “Fola”yla oyunda buraxdığı səhvləri mühakimə etməyim düzgün olmaz. Yəqin ki, etdiyi səhvi özü təhlil edib, nəticə çıxaracaq. Amma birinci qolda qapını tərk etməməliydi. Çıxmışdısa belə, topu uzaqlaşdırmalıydı. Səhvdi də, buraxdı. Derlisin oyunundan razı qaldım. Bu gün meydanda ən az səhvə yol verən futbolçulardan biri, bəlkə də birincisiydi. Ötürmələrdə dəqiq olmağa çalışırdı. “Neftçi”də Derlis kimi futbolçuya ehtiyacım var. Zaman keçdikcə “artıracaq”.
Tahir Gözəl: “Çempiontın ilk oyunu idi, xeyirli olsun. Bu qələbə avrokubok oyunu ərəfəsində komandamız üçün yaxşı motivasiya olacaq. “Neftçi” heyətini yeniləyib, gələcəkdə daha güclü olacaqlarına inanıram. Daninin zədələnməsi məni narahat etdi. Sabah onu xəstəxanaya götürəcəyik. Ola bilər, ayyarımn gecikmə olsun. Meydanda ancaq “Qarabağ” var idi deməzdim. Qarşıdakı turlarda güclü “Neftçi” görəcəyimizə inanıram. İstənilən halda “Neftçi” “Neftçi”di. Bu arada səfərə də yollanmalıyam. Döndükdən sonra media ilə bir ayara gəlməyi düşünürük. Bakıda “Kopenhagen”lə oyunda ümidimiz qol buraxmadan qələbə qazanmaq olacaq. Amma komandamızın rəqib meydanında da yaxşı oyun keçirdiyinin şahidi olmuşuq. Cütün taleyi Bakıdakı oyunda həll olunmayacaq. Ümidimi komandama bağlayıram. “Kopenhagen” üçün çətin matç olacaq Bakıda. Biz səfərdə azarkeş ordusu gözləyirik. Avropada 1 milyondan artıq türk var və bir ölkədən digərinə 50 avroya uçmaq mümkündü. Onların gələcəyinə inanıram və dəvət edirəm. Azarkeşin rolu böyükdü. Media vasitəsilə onları stadiona səsləyirəm. Bu işdə səfirliklər də kömək etməlidi. Yeni transferlərlə bağlı iş gedir. Avropada bir-iki futbolçu var, danışıqlar davam etdirilir. Ad çəkməyəcəm, desəm, çətinliyə düşə bilərik. Yaxın günlərdə sürpriz transfer ola da bilər, alınmaya da. Hansı mövqedə çıxış edirlər, onu da deyə bilməyəcəm. Amma komandaya faydalı futbolçu olacaq. “Qarabağ”ın legionerləri həmişə keyfiyyəti ilə seçilib. Yeni futbolçumuz da belə olacaq. Sadəcə, ad çətib özümüzü çətin vəziyyətə salmaq istəmirəm. Yeri gəlmişkən, yüngül atletimiz Ramil Quliyev dünya çempionu oldu. Tarixdi, təbrik etmək lazımdı. Türkiyəni, Azərbaycanı dünyada tanıdan, duyuran hər kəsə təşəkkür edirik. Böyük uğurdu”.
Pavel Dreksa: “Yaxşı start olmadı. Amma işimizi davam etdirməli, pozitiv olmalıyıq. Növbəti oyunlar haqda düşünməli, qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. “Qarabağ” çox güclü komandadı. Onlar gələn həftə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcəklər. Üstəlik, biz də oyun zamanı bir neçə ciddi səhvə yol verdik. Məğlubiyyətin də əsas səbəbi budu. Bu ilk oyunumuz idi. “Neftçi”ni bu matçdan sonra hesabdan silməyək. Daha çox çalışmalıyıq və ikinci turdakı oyunda mütləq qələbə qazanmalıyıq. “Qarabağ”da ciddi dəyişiklik yoxdu. Ötənilki sistemlə oynayırlar. Əlbəttə, “Kopenhagen”i udmaq üçün şansları var. “Qarabağ”a uğurlar arzulayram”.
Elnur Cəfərov: “Qalib gəlmək istəyirdik. İstək bizdə həddən artıq çox idi. Lakin öz səhvlərimizdən qollar buraxdıq. Qələbə də qazana bilərdik. Bizdə yaxşı futbolçular, yaxşı kollektiv var. Amma bu gün meydanda bacardığımızı ortaya qoya bilmədik. Çünki qarşımızdakı rəqib “Qarabağ” idi. Üstəlik, kobud səhvlər buraxdıq. Bütün bunları düzəltmək lazımdı. Mən peşəkar futbolçuyam. Peşəkarlığımı artırmaqğa çalışıram. Mənim üçün hansı formada çıxış etməyin fərqi yoxdu. “Xəzər Lənkəran” azarkeşlərinin sosial şəbəkələrdə məni tənqid etdiyini görməmişəm. Çünki sosial şəbəkələrdən istifadə etmirəm. Lakin tanışlar deyirlər ki, “Xəzər Lənkəran” azarkeşləri narazıdı. Bəli, bu gün bura sabiq klubum “Tondella”nın çantasıyla gəlmişəm. İstəyirəm bunu xatirə kimi saxlayım”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar