“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Bakı təmsilçisi yarımmüdafiəçi Aleksey İsayevi transfer edib. 24 yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb. İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Yığmaya da dəvət alan futbolçunun son komandası “Sumqayıt” (2018-20) olub. Yeri gəlmişkən, qəzetimizin hələ 7 iyul tarixli sayında “İsayevə ən çox pul təklif edən “Sabah”dı” sərlövhəli xəbərdə Alekseyin Masazır klubunu seçməsinin daha real variant olduğunu vurğulamışdıq.
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.