Peyman İrana dönmək istəmir
Bu yay “Sumqayıt”dan ayrılacağı gözlənilən futbolçulardan biri də Peyman Babayidi. “Kimyaçılar”ın iki il öncə “Maşınsazi”dən icarəyə götürdüyü forvardın icarə müddəti iyunun sonunda başa çatacaq. Bu üzdən 26 yaşlı hücumçu bu ayın sonunda artıq İrana qayıtmaq məcburiyyətindədi. Təbii ki, sərhədlər açılacağı təqdirdi. Bəs görəsən, Peyman özü Təbriz klubuna dönmək istəyir, yoxsa kareyarsını Azərbaycanda davam etdirməkdə maraqlıdı? Onu da qeyd edək ki, “ağ-göylər”in “Qəbələ” ilə keçirdiyi yoxlama görüşündə “8 nömrə” zədə səbəbindən meydana çıxmamışdı. Onunla söhbətə də bundan başladıq: “Üç gün əvvəl məşqdə zədələnmişəm. Bu üzdən də “Qqəbələ” ilə yoxlama görüşündə meydana çıxa bilmədim. Klubun həkimləri qısa vaxtda zədəmin sağalması üçün əllərindən gələni edirlər. Yaxın günlərdə MRT müayinəsindən keçəcəm. Ondan sonra durumuma tam aydınlıq gələcək. İndi bütün fikrim zədəmi qısa müddətdə müalicə edib kollektivlə birgə məşqlərə qatılmaqdı. Bizi qarşıda bir-birindən əhəmiyyətli 8 tur gözləyir. Çox istərdim ki, həmin qarşılaşmalarda komandama yardım edə bilim. İndi elə bir vaxtdı ki, hamının sirada olması çox vacibdi. Təqvim sıx olduğundan hər oyunçu qiymətlidi”.
Yuxarıda qeyd etdiyimiz kimi, Babayi müqavilə ilə “Maşınsazi”yə məxsusdu. “Sumqayıt”la icarə müqaviləsinin müddəti başa çatdığından yenidən Təbriz klubunun düşərgəsinə dönməlidi. Ancaq forvard bizimlə söhbətdə karyerasını Azərbaycanda davam etdirmək istədiyini bildirdi: “Əslində bu məsələ klub prezidentindən və baş məşqçidən asılıdı. Onlar lazım bilsələr, müqavilə ilə məxsus olduğum İran təmsilçisiylə yenidən danışıqlar masasına otura bilərlər. Hər halda, “Maşınsazi” rəhbərliyi bu məsələ ilə bağlı müzakirə aparmağa razı olar. Məndə olan məlumata görə, Təbriz klubu xidmətimdə maraqlıdı. Ancaq mən karyeramı Azərbaycan premyer-liqasında davam etdirməyə üstünlük verirəm. Artıq iki ildi burdayam. Özümü çox rahat və xoşbəxt hiss edirəm. Bəlkə də gəldiyim ilk ildə nədəsə çətinlik çəkmişdim. Ancaq bu mövsüm heç bir problemim yoxdu və özümü evdəki kimi hiss edirəm. “Sumqayıt” da mənim üçün doğma olub. Şəhərə, komanda yoldaşlarıma, azarkeşlərimizə çox öyrəşmişəm. Sözün düzü, buranı heç tərk etmək istəmirəm. Ancaq təəssüf ki, bu məsələdə heç də hər şey mənim istəyimdən asılı deyil. Müqavilə şərtlərinə əməl etmək məcburiyyətindəyəm”.
Peyman “kimyaçılar”la Avropa Liqasında oynamaq istəyini də gizlətmədi: “Sumqayıt” gənclərə güvənən, gənc məşqçisi olan bir komandadı. Klub prezidentini də bu sıraya aid etmək olar. Fikrimcə, komanda olaraq Avroliqada oynamağı haqq etmişik. İki ildi bu məqsədlə yola çıxmışıq. Ötən mövsüm son anda bəxtsizliyə düçar olduq. Ölkə kubokunun finalında qalib gəlsəydik, Avropanın qapıları üzümüzə açılacaqdı. Ancaq gördüyünüz kimi, heç kim həvəsdən düşmədi və cari “futbol ili”ndə yenə eyni istəklə çempionata başladıq və hazırda 4-cü pillədəyik. Komanda qitəmiqyaslı turnirə yollanacağı halda, çox istərdim ki, həmin heyətdə mən də yer alım. Hər halda, “Sumqayıt”ın uğur qazanmasında, bu yerlərə çatmasında mənim də az-çox xidmətim var. Mən onsuz da Azərbaycana avrokuboklarda oynamaq eşqi ilə gəlmişəm. Bizlərdə belə deyim var: qismətdən artıq yemək olmaz. İndiki durumum bəllidi. Ayın sonunda “Sumqayıt”la icarə müqaviləmin müddəti bitir. İki klub arasında danışıqların necə nəticələnəcəyini deyə bilmərəm. Qismətimdə varsa, qitəmiqyaslı turnirdə iştirak edə biləcəm, yoxdusa, olmayacaq. Ancaq bunun üçün çempionatın necə sona çatacağını gözləmək lazımdı. İstənilən halda mən oldum-olmadım, “Sumqayıt” avrokuboklara vəsiqə qazansa, onların uğurlu olması üçün dua edəcəm. İndi əsas odu, dünyamız korona adlı bəladan qutulsun”.
Babayi sonda pandemiya ilə bağlı İrandakı son durumdan danışdı: “Təbrizdə yaşayan valideynlərimlə gündə bir neçə dəfə əlaqə saxlayıram. Orda da vəziyyət burdakı kimidi. Bir ara yoluxma sayında azalma müşahidə olunsa da, son günlərdə yenidən artıb. Ancaq insanlar artıq koronavirusla yaşamağa alışıblar. Təbrizdə heç bir karantin yoxdu. Adamlar istədiyi vaxt çölə-bayıra çıxa bilirlər, iş yerləri adi qaydada olduğu kimi fəaliyyət göstərir. Allaha şükür ki, bizim yaxınlarımız arasında pandemiyaya yoluxanlar yoxdu. Ancaq yenə də ehtiyatlı tərpənirlər, özlərini qorumağa çalışırlar”.
RƏŞAD