“Zirə” Bakıdan çıxmağı planlaşdırır
Karantin rejiminin yumşaldılması, nəticədə bəzi sərt qərarların aradan qaldırılması ilə vəziyyətin yaxşıya doğru dəyişdiyinə ümid etmişdik ki, ötən həftəiçi koronavirusa yoluxanların və ölənlərin sayındakı kəskin artım hökuməti yenidən ciddi addımlar atmağa məcbur etdi. Həftəsonları insanların ticarət mərkəzlərinə, kafe-restoranlara, parklara axınının qarşısını almaq üçün şənbə və bazar günləri evdən bayıra çıxmaq qadağası qoyuldu. Məlum qadağanın futbola birbaşa təsir edəcəyinə şübhə etməyə dəyməz.
Təxminən 3 aylıq fasilədən sonra məşqləri bərpa edən premyer-liqa təmsilçiləri hazırlıq və yoldaşlıq görüşləri ilə bağlı plan qurmuşdular ki, iyunun 21-də baş tutacaq 21-ci turun oyunlarına qədər hazır olsunlar. Lakin ötən həftəsonu tətbiq olunan ciddi karantin rejimi onların da planlarını alt-üst etdi. Eyni durumun qarşıdakı həftəsonlarında yaşanacağı ehtimal olunur.
Belə davam edəcəyi təqdirdə çempionatı keçirməyin nə dərəcədə məqsədəuyğun olacağını ilk turun matçları göstərəcək. Mümkün zədələrdən sonra çətin ki, mövsüm başa çatsın. Bu mövzuda danışmaq üçün əlaqə saxladığımız elita komandalarının baş məşqçilərindən bir çoxu həftəsonlarındakı məcburi istirahətlərin çempionata birbaşa təsir edəcəyini gizlətmədi. Hətta Aftandil Hacıyevlə Ayxan Abasov açıq şəkildə belə çempionat keçirməkdənsə, yarımçıq dayandırmağın faydalı olacağını gizlətmədi. Məsələylə bağlı ölkənin üzdə olan məşqçisi Qurban Qurbanovun fikirlərini dinləmək maraqlı olardı. Təəssüf ki, günboyu “Qarabağ”ın çalışdırıcısıyla əlaqə qurmaq mümkün olmadı.
Füzuli Məmmədov (Neftçi): “3 aylıq fasilədən sonra onsuz da 3 həftəlik hazırlıq planı az idi. Cəmi 3 həftəlik toplanışla komandanı sıx qrafikdə oyunlara çıxarmaq çox çətindi. Tam hazır olmayanda isə ciddi zədə riskləri artır. Hazırlığa həvəslə başlamışdıq, 2 gün məcburi fasilə oldu. Bildiyimə görə, növbəti həftə evdən çıxmaq yasağı 3 gün olacaq. Belədə 20 günlük hazırlığın 5 gününü itirmiş oluruq. Əlbəttə, öz təsirini göstərəcək. Hər mənada əziyyətini çəkəcəyik. Belədə məcbur qalıb planlarımızı dəyişdik. Bundan sonrakı işimizi veriləcək qərarlara uyğun görəcəyik. Bu dəqiqə hər şey edirik ki, futbolçular zədədən uzaq dursunlar. Açığı, çempionatın bərpasını istəyirdik. Amma bu qrafiklə çətin olacaq. Ölkə rəhbərliyinin verdiyi qərardısa, buna uyğun addım atmalıyıq”.
Tərlan Əhmədov (Keşlə): “Həftəsonları üçün nəzərdə tutulan sərt karantin rejimi hazırlıq planımıza mənfi təsir göstərəcək, bu birmənalıdı. Onsuz da uzun fasilədən sonra ortaya çıxan problemləri aradan qaldırmaq üçün 3 həftə yetərli zaman deyildi. İyunun 9-na kimi fasiləsiz məşqlər nəzərdə tutulmuşdu. Həmin gün isə yoldaşlıq görüşünə çıxmalıydıq. Məcburi fasilənin olması planlarımızı dəyişməyə səbəb oldu. Bundan sonra məşq və sınaq matçları ilə bağlı yeni proqram tərtib etməliyik. İstənilən halda belə fasilələr futbolçuların zədə riskini kifayət qədər artıracaq. Onsuz da 3 həftəlik proqram sayəsində futbolçuları çempionat oyunlarına minimum dərəcədə hazırlamağa çalışırdıq. Belə davam etsə, heç minimum hazırlığa da nail ola bilməyəcəyik.
Bir məsələ də var ki, virus bu cür sürətlə yayılmaqda davam etsə, futbolçulara da keçə bilər. Futbol təmas oyunudu, nə qədər qorumağa çalışsaq da, bir-birinə yaxın olurlar, toxunurlar. Ona görə də son dərəcədə diqqətli olmalıyıq”.
Ayxan Abbasov (Sumqayıt): “Düz qeyd etdiz, məcburi fasilə biz məşqçiləri pis vəziyyətə salıb. 3 aydan sonra komandalar hazırlığa start verdilər. Hər bir məşqçi həm yoldaşlıq görüşləri, həm də məşq prosesi ilə bağlı plan qurmuşdu, işləri ona uyğun tənzimləmişdik. Komandanı iyunun 21-nə qədər hazır duruma gətirmək istəyirdik. Lakin 3 həftəlik məhdud vaxtda araya bu cür fasilənin girməsi hamımızı çıxılmaz vəziyyətə saldı. Bunu həmkarlarım da təsdiq edə bilər. Bütün planlarımız alt-üst oldu. Çempionat görüşünə qədər yoldaşlıq oyunları vacib idi, ona görə də tarixləri müəyyənləşdirmişdik. Lakin ilk oyunun vaxtını dəyişməli olduq, ikincinin nə vaxt baş tutacağı bilinmir. Bu dəfə 2 günlük karantin oldu, bu həftəsonu 3 günlük karantin gözlənilir. Belə olacağı halda planlarımız, ümumiyyətlə, alt-üst olacaq. Hazırlıq üçün 20 gün vaxt verilmişdi. Bunun 5 günü karantinə düşsə, 2 həftə vaxt qalır. Vəziyyət bu cür davam etsə, yəni şənbə-bazar məşq etmədən bazar ertəsi və ya çərşənbə axşamı oyuna çıxmalı olsaq, nələrin yaşanacağını bir Allah bilir. Şəxsi fikrim budu ki, həftəsonları qadağası davam etsə, çempionat dayandırılmalıdı”.
Zaur Həşimov (Zirə): “Açığı, belə vəziyyətin yaranması hər birimiz üçün gözlənilməz oldu. Hamı kimi biz də iki gün məşq edə bilməyəcəyik. Şənbə günü futbolçulara istirahət verilmişdi, bazar günü onlayn məşq təşkil olundu. 3 aya yaxın idi meydanda məşq etmirdik. Sizi inandırım, məşqlərin başlamasına necə həvəslənmiş, necə sevinmişdik. Düzdü, çıxarılan qərar insanların sağlamlığı üçündü və bunu anyalışla qarşılayırıq. Bu həftəsonu necə olacağını indidən demək çətindi, gözləməliyik. Yenə ciddi karantin rejimi tətbiq olunsa, çox güman, 2-3 günlük toplanış üçün bölgələrdən birinə yollanarıq. Onu da başa düşürük ki, həftəsonları evdən çıxmaq yasağı qoyulsa, çempionatın bərpası risk altına düşəcək. Çünki həftədə 2 oyun keçirmək lazım gələcək ki, bu da normal hazırlıq keçməyən komandalar üçün ciddi təhlükədi. Həftədə 3 gün məşqə, 2 gün də oyuna vaxt qalır ki, bu formada çempionat keçirmək çətin olacaq”.
Jelko Sopiç (Sabah): “Bu qədər ölüm və yoluxma olan halda ciddi karantin rejiminin qoyulması vacibdi. Çünki hər birimiz üçün vacib olan cansağlığıdı. Ölkə rəhbərliyi bu cür qərar çıxarıbsa, nə edə bilərik?! Bazar ertəsindən cümə gününə qədər məşq etdik. Şənbə günü futbolçulara istirahət imkanı yaratdıq, bazar günü isə onlayn məşq etdik. Əlbəttə, ortaya məcburi fasilənin girməsi planlara təsir edir. Amma bizlik bir şey yoxdu, barışmalı, dözməliyik. Bu proses növbəti həftəsonlarını da əhatə etsə, çətin olacaq. Yenə də ümid edirəm ki, virusa yoluxanların və ölənlərin sayında azalma olar və bu həftənin sonu rahat şəkildə məşqlərimizi davam etdirərik. Əks halda çempionata hazırlaşmaq çox çətin olacaq”.
Aftandil Hacıyev (Səbail): “Məşqlərin bərpa olunmasına görə çox sevinmişdik. Həftəiçi məşqlərdə hamının üzü gülür, həvəslə çempionat görüşlərinə hazırlaşırdıq. Sərt karantin rejimini heç birimiz gözləmirdik. Bu qərardan sonra hazırlığın ilkin mərhələsi üçün hazırladığımız plan alt-üst oldu. Yenidən proqram tərtib etməliyik. Karantin rejimi hər həftəsonunu əhatə etsə, çempionat oyunlarına necə çıxacağımız böyük sual doğuracaq. Bu dəfə 2 gün məcburi istirahət oldu, deyilənə görə, bu həftə 3 gün olacaq. Bu qrafiklə, yəni həftədə 4-5 gün məşq etməklə növbəti mövsümə hazırlaşmaq olar. Amma cari mövsümə hazırlaşmaq olduqca çətin görünür. Bu qrafiklə hazırlaşıb oynamaq öz əlimizlə futbolçuları zədənin altına atmaq deməkdi. Adi bir şey deyim, iyunun 1-də 28 nəfərlə məşqə başlamışdıq. Cümə günü baş tutan hazırlıqda cəmi 20 futbolçu iştirak edirdi. 8 nəfər müxtəlif zədələrə görə fərdi məşqlərlə kifayətlənmək məcburiyyətində qalıb. Kimlərsə fikrimi başqa cür başa düşə bilər. Amma sırf işin peşəkarlığı tərəfdən deyirəm ki, hissələrə bölünən 14-15 günlük hazırlıqla çempionata başlamaq mümkün deyil. Belə davam etməkdənsə, mövsümü bitirmək yaxşı olardı. Belədə sağlamlıq baxımından qazanclarımız itirəcəklərimizdən çox olar. Amma yenə də qərarı çempionatı təşkil edən qurumlar verəcək”.
Elmar Baxşıyev (Qəbələ): “Karantin rejiminin bizə aidiyyatı yoxdu. Çünki komanda hazırda Qəbələdədi və məşqlərimiz əvvəlki qaydada davam edir. Bildiyiniz kimi, həftəsonu karantin rejimi Qəbələyə aid deyil. Ona görə də hansısa çətinliklə üzləşdiyimizi deyə bilmərəm. Yeganə çətinlik yoldaşlıq görüşlərinin təşkili ilə bağlı ola bilər ki, bunun üçün bir şey fikirləşəcəyik”.
HƏBİB