Elşad Əhmədov ciddi problemlərin yaranacağını düşünür
Premyer-liqanın gələcəyi barədə müzakirələr davam edir. Çempionatın bərpa olunacağı aşağı-yuxarı bəlli olsa da, oyunların necə davam edəcəyi və komandaların hazırlığı üçün nə qədər vaxt veriləcəyi bilinmir. Üstəlik, nəzərə almalıyıq ki, görüşlər sıx təqvimdə keçiriləcək. Komandalara hazırlıq üçün 3 həftə vaxt verilsə, fasilədən sonrakı ilk tur iyunun sonuna təsadüf edəcək. Yay fəslində ölkəmizdəki hava şəraiti bəllidi. İstidə həftədə iki görüş keçirməyin futbolçulara necə təsir edəcəyini indidən təxmin etmək mümkündü. Hələ bütün bunlar komandaların iyunun əvvəlində məşqləri bərpa etməsi təqdirində baş verəcək. Əks halda, ümumiyyətlə, mövsümün davamından söhbət gedə bilməz.
Ötən sayımızda “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə söhbətimiz zamanı mütəxəssis açıq şəkildə çempionatı inididən bitirməyin daha məqsədəuyğun olduğunu açıqlamışdı. Yuxarıda qeyd olunan səbəbləri əsas göstərən gənc mütəxəssis indidən gələn mövsümə hazırlaşmağın doğru olduğunu bildirmişdi. Bu dəfə mövzu ilə bağlı “Sabah”ın prezidentinin müşaviri Elşad Əhmədovla danışdıq. Paytaxt təmsilçisinin sabiq çalışdırıcısının premyer-liqanın gələcəyi ilə yanaşı, Amin Seydiyevin komandaya keçidi və müzakirə olunanan beş əvəzetmə ilə bağlı fikirlərini də öyrəndik: “Mayın 31-ni gözləyirik. Yəqin ki, bu tarixdən sonra bir çox şeyə aydınlıq gələcək. Ancaq icazə verilsə belə, çətin olacaq. Bu qədər fasilədən sonra futbolçuların yenidən oyunlara köklənməsi, formaya düşməsi asan deyil. Komandalara hazırlaşmaq üçün minimum 3 həftə, bəlkə də daha çox vaxt lazımdı. Fasilədən sonra start götürən Almaniya çempionatını izləyirik. Hər turdan sonra nə qədər zədəli futbolçular olur. Havaların isinməsi də var, bu da əlavə problemdi. İyunda, iyulda necə isti olduğunu bilirik. Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun. Düzdü, idman prinsiplərini götürsək, mövsüm davam etsə, yaxşı olar. Ancaq çətinliklər qaçılmazdı. Hamımız istəyirik ki, mövsüm tamamlansın”.
Təcrübəli mütəxəssis sözünə belə davam etdi: “Oyunlarda beş əvəzetmə olacaq. Fikrimcə, düzgün qərardı. Adi nümunə göstərim: fasilədən sonra “Borussiya”nın oyununu izlədim. Mövsüm ərzində oyunboyu dayanmayan, sürətli reydlər edən müdafiəçi Əşrəf Hakimi artıq 15-ci dəqiqədə təngənəfəs olmuşdu. Bu, oyunçuların hazırlıqsız olduğunu göstərir. Yorğunluq mütləq olacaq. Buna görə də əvəzetmələr doğru qərardı. Almaniya çempionatında komandalar 7-8-ci turda arı kimi çalışır, sürətli oynayırlar. O gün “Şalke-04” – “Aqusburq” görüşünə (0:3) baxdım. 0:2-dən sonra komandalar sanki dayanmışdı. Udan tərəfi hardasa başa düşdük, məğlub olan komanda belə tərpənmək istəmirdi. Halbuki uduzan tərəf irəli getməli, hücumlar təşkil etməlidi. Hələ bunlar Almaniya çempionatında baş verir. Beş əvəzetmənin oyun planına mənfi təsir göstərəcəyini isə düşünmürəm. Üç dəyişiklik olanda da plan dəyişirdi. Komandalar hazırlaşacaq və əvəzetmə olanda necə oynayacaqlarını biləcəklər. Məncə, faydalı olacaq. Mövsümün bərpasından sonra turnir cədvəlində ciddi dəyişikliyin olacağına da inanmıram. İlk üç pillədə dəyişiklik olmayacaq. 4-cü pillədə isə ola bilər. Kimin sonuncu olacağı da bəlli deyil”.
Əhmədov “Sabah”ın yeni transferi haqda belə dedi: “Amin göstərdiyi performansla diqqətləri üzərinə çəkib. Ölkənin gənc və perspektvli oyunçularındandı. Özünü yaşı tərəfdən göstərə bilsə, komandaya xeyri dəyəcək. Amin kimi gənclərin ölkədən çıxa bilməməsi uzun söhbətdi. Məncə, bu problem yalnız oyunçulardan asılı deyil. Avropada oynayacağına ümid etdiyimiz çox oyunçumuz olub. Mahir Əmrəli, Bəhlul Mustafazadə və s. Çoxdan dediyim bir söz var, futbolçularımızın Avropaya çıxması menecerlərimizdən asılıdı. İstedadlı oyunçuları xarici klublara onlar təklif etməlidi. İnanmıram ki, erməni və gürcü oyunçular bizimkilərdən daha üstün olsunlar. Burda agent məsələsi böyük rol oynayır. Futbolçuların xaricə gedə bilməməsi yalnız pulla bağlı deyil. Məgər bu gün Türkiyənin və Rusiyanın birinci liqalarında az maaş verirlər? Bunlar söz-söhbətdi. Mən bu ölkələrin klublarından təklif olmadığını yox, bir az kobud çıxmasın, malı satmağı bacarmadığımızı deyirəm. Məsələn, Emil Balayev getdi, yaxşı da oynadı. Sadəcə, orda müəyyən şeylər oldu ki, onun bəxti gətirmədi. Başqaları da getməli, özünü sınamalıdı. Oyunçularda istək olmalıdı. Ola bilər ki, gedəndən sonra ehtiyatda qalmağı, əsas heyət üzvü olmamağı qəbul etmirlər. Hər halda, futbolçu psixologiyası var. Ancaq yenə də dözmək lazımdı”.
HƏSƏN