"Qəbələ"nin futbolçusu Fernan Lopes hazırda vətəni İspaniyadadı. Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər olan 25 yaşlı yarımmüdafiəçi karantin günlərini necə keçirməsi haqda danışıb: "Premyer-liqa dayandırılandan sonra heç bir məhdudiyyət, karantin yox idi. Amma bunun baş verməsindən və uzadılmasından qorxurdum. Sərhədlər bağlanmamış İspaniyaya qayıtmağı qərara aldım. Klubumun rəhbərliyində yaxşı insanlar var, icazə verdilər. Vətənə gələndən bir neçə gün sonra karantin elan olundu. Həmin vaxt London ən yaxşı variant idi. Londondan təyyarə ilə Madridə, ordan isə qatarla Viqoya gəldim. Madrid hava limanı boş idi. Mənə heç nə demədilər. Şəhərə çatanda gecə idi, atam məni qarşıladı. Şəhər boş, yolda maşın yox idi. Evə çatanda otağımda 2 həftəlik karantin elan etdim. Çünki atam riskli insanlar qrupundadı. Təhlükəsizlik məqsədilə iki həftəni onlarla ünsiyyətə girmədən keçirdim. Artıq qonaq otağına, eyvana çıxıram və itimi gəzməyə aparıram… Seqoviyada bir dostum var. Getdiyim hər yerə proqram göndərir, bura da göndərib. Həftədə 6 gün məşq, bir gün istirahət edirəm. İki gündən bir "Qəbələ"nin tərcüməçisi və ya idman direktoru mənimlə əlaqə saxlayır, ümumi məlumat verir. Federasiyanın iclasını gözləyirik. Vəziyyət düzələndən sonra Azərbaycana qayıdacam".