“Üzərimdə daha artıq məsuliyyət hiss edirəm”
“Zirə” Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə bağlayıb. 27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında da qəsəbə təmsilçisinin şərəfini qoruyub. O, həmçinin ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarında çıxış edib. “Zirə”nin yeni transferi klubun rəsmi saytına müsahibəsində komandaya qayıdışından və hədəflərindən danışıb.
- Yenidən “Zirə”nin formasını geyəcəksiz. Qayıdışınızla bağlı nə deyə bilərsiz?
- Təbii ki, üç il “Zirə”nin şərəfini qorumuşam. Komandanın ilk premyer-liqa və avrokubok oyunlarında heyətdə olmuşam. “Zirə”nin ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməsi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Oların dəstəyinə ehtiyacımız var. Varlıqları bizə güc verir və bizi daha mübariz komandaya çevirir.
- Qış toplanışı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birlikdəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın başlamasını səbirsizliklə gözləyirik.
- Siz əvvəl də “Zirə”də çıxış edəndə hazırkı baş məşqçimiz Zaur Həşimov da komandada idi. Onunla işləmək sizə nə dərəcədə rahatdı?
- Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Qeyd etdiyiniz kimi, daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandı. Buna baxmayaraq, üzərimdə daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidi. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacam.
- İlk dəfə “Zirə”də birlikdə oynadığınız futbolçuların əksəriyyəti artıq komandada yoxdu. Yeni kollektivə uyğunlaşma necə gedir?
- Əvvəlki heyətdən Tellur Mütəllimovla İlkin Muradov qalıb. Amma istənilən halda, uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardı. Düşünürəm ki, məşqlərdə, oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.
- Qarşıda komandanı iki dövrə gözləyir. Vaxtilə “Zirə”nin heyətində avrokuboklarda çıxış etmisən. Komandanı yenidən qitə səhnəsində görə biləcəyikmi?
- Qarşıdakı oyunlara yaxşı köklənmək lazımdı. Nəzərə alaq ki, 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, Avroliqaya gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı, kubokda da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.