13-cü tur hakim idarəçiliyi baxımından birmənalı qarşılana bilməz. Kiçik səhvlər öz yerində. Birbaşa nəticəyə təsir edən qüsurlar da diqqəti çəkdi. Xüsusilə ölkənin bir nömrəli referisi Əliyar Ağayevin “Sabah”ın təmiz penaltisini görməzdən gəlməsi haqlı narazılıq doğurdu.
Qəbələ - Zirə, RƏVAN HƏMZƏZADƏ
Rəvan Həmzəzadə uzunmüddətli fasilədən sonra premyer-liqa oyununa təyin almışdı. Onun oyun təcrübəsinin azlığından əziyyət çəkdiyi hiss olunurdu. 19-cu dəqiqədə Volkov “Zirə”nin qapısı qarşısında yerdə qaldı, hakim Ampueronun topa oynadığına işarə etdi. Onun bu qərarı doğru idi. Bəzi qərarlarda gecikən gənc referinin 63-cü dəqiqədəki davranışı xüsusilə etiraz doğurdu. Künc zərbəsindən “Zirə”nin qapısına doğru havalandırılan top əvvəlcə Cavid Hüseynovun ayağına, ordan sıçrayandan sonra isə yana doğru geniş açılan əlinə dəydi. Lakin Həmzəzadə penalti olmadığını bildirdi. Üstəlik, etiraza görə “Qəbələ”nin futbolçusuna sarı vərəqə göstərdi. Meydan sahibləri böyük hesabla qələbə qazandığına görə bu epizodun üzərindən keçmək olar, əks halda, mübahisələr uzun müddət davam edərdi.
Keşlə - Sumqayıt, ELÇİN MƏSİYEV
Elçin Məsiyevin idarəçiliyi ikili təəssürat oyatdı. Gənc hakim epizodlara yaxın olmaq, başverənləri diqqətdə saxlamaq üçün meydanda çox hərəkət edirdi ki, bunu müsbət məqam kimi qəbul etmək lazımdı. Ancaq bəzən yersiz fit çalır, “üstünlük” pirinsipinə əməl etmirdi ki, bununla da oyunun tempini aşağı salırdı. Bundan başqa, Məsiyevin Aleksey İsayevə göstərdiyi sarı vərəqə də səhv qərar idi. Cərimə zərbəsindən topu oyuna daxil edən "Sumqayıt"ın futbolçusu hakimdən 9 metr tələb etmədiyindən fiti gözləməyinə ehtiyac yox idi. Ancaq referi Alekseyi məhz fiti gözləmədiyinə görə "sarı" ilə "mükafatlandırdı". 4-cü hakim Fərid Hacıyev isə yaxşı olardı ki, texniki zonada yer alanlarla bir qədər normal ünsiyyət qurmağı öyrənsin. Referi ikinci hissənin ortalarında qonaqların köməkçi-məşqçisi Elnur Çodarovun üstünə elə qışqırdı ki, sanki o məktəb direktoru, Çodarov isə birinci sinif şagirdidi. Bəlkə də Elnur bəyin yerində başqası olsaydı, özünə qarşı belə hörmətsizliyi qəbul etməz, Fəridə eyni tərzdə cavab qaytarardı. Belə davam edəcəyi halda Hacıyevin hakimlik karyarası başlamamış bitəcək.
Səbail – Neftçi, ORXAN MƏMMƏDOV
Yetərincə gərgin keçən oyunun öhdəsindən gəlmək Orxan Məmmədov üçün çətin olmadı. Düzdü, "aydan arı, sudan duru" deyildi, müxtəlif nöqsanları diqqəti çəkdi. Lakin yekun nəticəyə təsir edən səhvə yol verməməklə bir növ işinin öhdəsindən layiqincə gəlməyi bacardı. Şübhəli epizod "Neftçi"nin qapısına təyin olunan penalti idi ki, həmin qərara görə Məmmədova alqış düşür. Həqiqətən də Emin Mahmudov Ağabala Ramazanova qarşı kobud oynamışdı. Orxanın 88-ci dəqiqədə yol verdiyi nöqsan ona baha başa gələ bilərdi. Top Rauf Əliyevdən meydanı tərk edəndə qapıdan zərbə təyin etmək əvəzinə səhvən künc nöqtəsini göstərdi. Həmin vaxt "Neftçi" hesabı açsaydı, referi çətin ki, Frits Stuxlikin "əlindən sağ çıxaydı".
Sabah – Qarabağ, ƏLİYAR AĞAYEV
Əliyar Ağayev oyunu yüksək səviyyədə idarə etdi. Nə özünün, nə də köməkçilərinin gözündən nəsə yayındı. Vərəqələr də yerində idi. Ancaq FİFA referisi matça əlavə olunmuş dəqiqədə bütün əziyyətini yerə vurdu. Belə ki, Əliyar "Sabah"ın haqlı penaltisini vermədi. Rəşad Sadıqovla Bədavi Hüseynov cərimə meydançasında Rocer Roxası kobuduqla dayandırsalar da, hakim davam işarəsi verdi. Təbii ki, FİFA referisinin "Qarabağ"ın adından çəkinib "nöqtə"ni göstərməyə cəsarət etməməsi xoş qarşılana bilməz.