Premyer-liqada artıq 9 turun geridə qalmasına baxmayaraq, “Qəbələ" heyətini gücləndirməkdə davam edir. Belə ki, bölgə təmsilçisi həftənin ilk günü yeni transferə imza atıb. “Qırmızı-qaralar” 2013/14 mövsümündə komandanın uğurları üçün çalışan İbrahima Niasseni rənglərinə bağlayıb. Klubun mətbuat katibi Anar Hacıdan əldə etdiymiz bilgiyə görə, dayaq yarımmüdafiəçi ilə mövsümün sonuna kimi anlaşma əldə olunub. Seneqallı futbolçu artıq kollektivlə birgə məşqlərə başlayıb.
Xatırladaq ki, 31 yaşlı yarımmüdafiəçi Yuri Syominin baş məşqçisi olduğu dönəmdə “Qəbələ”nin heyətində 29 oyuna çıxıb və bir dəfə fərqlənib. Niasse bölgə təmsilçisindən əvvəl isə, daha dəqiq desək, 2012/13 “futbol ili”ndə “İnter”də (Keşlə) çıxış edib. Syomin “Qəbələ”ni “Mordoviya”ya dəyişəndə seneqallını da özü ilə Saransk təmsilçisinə aparmışdı. Bir mövsüm Rusiyada top qovan Niasse sonradan Rumıniyada "Konkordiya", Hindistanda "Odişa", Yunanıstanda "Levadiakos" və Mərakeşdə "Raja Kasablanka"nın formasını geyib.
RƏŞAD