“Yeni baş məşqçi məsələsi ilə bağlı Müşahidə Şurasının iclası olacaq”
Məşqçi lisenziyasının vaxtı bitdiyinə görə mətbuat konfransında iştirak edə bilməyən “Sabah”ın müvvəqəti baş məşqçisi İqor Ponomaryov oyundan sonra jurnalistlərin suallarını cavabladı.
- Belə uğurlu debütü hər bir məşqçi istəyərdi. Müvəqqəti baş məşqçi olsa belə. Nə baş verdi ki, "Sabah" ilk qələbəsini belə inamla qazandı?
- Hazırlıq proqramımız üzərində işləyirdik ki, istədiyimizi əldə edək. Əlbəttə, klubla bağlı məsuliyyət hər birimizdə var. Elə vəziyyət idi ki, yaxşı oynamaq, qələbə qazanmaq istəyirdik. Həftəboyu funksional hazırlıqla yanaşı, psixoloji hazırlıq üzərində də işlədik. Çətin qarşılaşma oldu. "Səbail" yaxşı təşkilatlanmış komandadı. Əlbəttə, rəqibin əks-hücumlarından ehtiyatlanırdıq. Prinsipcə, futbolçular planlaşdırdığımız, məşq etdiyimiz kimi, oyunda da öz üzərlərinə düşəni yerinə yetirməyə çalışdılar. İlk yarı bir qədər əsəbi alındı. İkinci hissədə isə futbolçular “açıldılar” və bizə ilk qələbəni gətirən qollar vurdular.
- Növbəti turda lider "Qarabağ"la görüçəcəksiz. Səfər matçında uğurun davamını gətirə biləcəksiz? Bu ilk qələbə komandaya psixoloji baxımından hansı üstünlüklər verə bilər?
- Mənə bu haqda danışmaq çətindi. Çünki yalnız ilk oyunumdu. Bu gün emosiyalarla oynadıq, meydanda yaxşı hərəkət etdik. Xüsusilə ikinci hissədə düzgün hərəkət etməyə başladıq. "Qarabağ" Azərbaycan futbolunun lideridi. Oyun hər şeyi göstərəcək.
- "Sabah" bunadək cəmi 2 qol vurmuşdu. İndi isə hesabında 5 qol var. Fərqlənənlər isə ancaq yarımmüdafiəçilərdi. Niyə hücumçularınız qol vura bilmir?
- İnşallah, ümid edirik ki, onlar da fərqlənərlər. Bunun üzərində işləyəcəyik. İnanırıq ki, onlar da qapı torunu silkələyə biləcəklər, meydanda düzgün mövqe tutaraq buna nail olacaqlar.
- 10 ildən sonra Azərbaycan çempionatına qayıtdız. Maraqlıdı, ilk növbədə hansı dəyişikliklər diqqətinizi çəkdi?
- Fikrimcə, ilk növbədə oyun ətrafında təşkilatçılıq məsələləri. İndi işə yanaşma daha peşəkar səviyyədədi. Möhtəşəm stadionumuz var ki, burda oynayırıq. Bəli, Lənkəranda da əla arenamız var idi. Eyni zamanda klubumuzun yaxşı rəhbərliyi var ki, "Sabah"ın uğurlu çıxış etməsini istəyir, buna çalışır. Üstəlik, yaxşı futbol məktəbimizi vurğulayardım. Gənclərimizin inkişafı baxımından bu çox önəmlidi. "Sabah" bu gün futbolun inkişafı yolunda çox iş görür.
- Uzun müddətdi məşqçi işləmədiyinizdən lisenziyanızın vaxtı bitib. Bunu uzadaraq məşqçiliyə qayıtmaq fikriniz var?
- Hələ tələsmək, hadisələri qabaqlamaq istəmirəm. Çünki öz işlərim var ki, onlarla məşğulam.
- İndi hamını "Sabah"la bağlı bir məsələ maraqlandırır - yeni baş məşqçisi kim olacaq? Bu məsələyə klubun Müşahidə Şurasının üzvü kimi fikrinizi bildirməyinizi istərdik. Stadionda matçı izləyən Yuri Vernidub yeni baş məşqçi olacaq? Ümumiyyətlə, optimal variant kimi hansı mütəxəssisi görürsüz?
- Rəhbərliklə yeni məşqçi məsələsi ilə bağlı danışmışıq. Onlar dedilər ki, ilk növbədə bu vəziyyətdən çıxmağa çalışacağıq. Kim baş məşqçi gələcək, bunun üzərində sonra işləyəcəyik. Xahiş etdilər ki, bunda mən də iştirak edim. Yeni baş məşqçi məsələsi ilə bağlı Müşahidə Şurasının iclası olacaq.
- Toplantı nə vaxta gözlənilir? "Qarabağ"la matçda da komandanın "sükanı arxasında” olacaqsız?
- Hələ ki komandanın başındayam. Yəqin ki, çempionatda yaranacaq fasilədə baş məşqçi məsələsinə aydınlıq gələr.
RƏŞAD