Beləliklə, Azərbaycan premyer-liqası start götürdü. Açılış turu 4 günə yekunlaşdı ki, hər gün bir oyun izlədik. İlk üç oyun bir qanunauyğunluqla baş tutdu: qol vuran tərəf qələbəni bayram etdi. "Dalğa Arena"da keçirilən ilk görüşdə "Keşlə" ilə "Qarabağ" münasibətlərinə aydınlıq gətirdi. Qurban Qurbanovun komandası "Linfild"lə Avroliqa görüşü ərəfəsində gerçəkləşən oyuna, demək olar, ehtiyat qüvvə ilə çıxmışdı. Hər halda, avrokubok oyunlarında az şans qazanan, hətta bu vaxta kimi "Qarabağ"da debüt edə bilməyən futbolçular ilk dəqiqələrdən meydanda idi. Qolu da onlardan biri - gənc İsmayıl İbrahimli vurdu. Əslində "Qarabağ" bu oyunla bir daha mesaj verdi ki, ehtiyat qüvvəsi ilə də nəticə qazana bilər və bu üzdən yenə çempionluğa bir nömrəli namizəddi. Açığı, "Keşlə" də pis təsir bağışlamadı. Xüsusilə müdafiə planında komanda etibarlıdı. Hücumda isə imkanların reallaşdırılması baxımından sıxıntı hiss olunur. Elə intizam da qaydasında deyil. Hər halda, meydana çıxıb 12-13 dəqiqə ərzində iki sarı, avtomatik olaraq, qırmızı vərəqə alan və komandasının məğlubiyyətinə səbəb olan Emin Mehtiyevin davranışına başqa izah tapmaq çətindi.
Kubokun son finalçıları Qəbələdə üz-üzə gəldilər. "Sumqayıt" indiyə qədər "Qəbələ"yə səfərdə qalib gələ bilməmişdi. Ayxan Abbasovun komandası həm bu sindroma son qoydu, həm də Naxçıvandakı yenilginin qisasını aldı. Oyun sumqayıtlıların iranlı legioneri Mehdi Şərifinin benefisi ilə yadda qaldı. İran millisinin üzvü olan forvard əks-hücum futbolu oynayan komandada hücumları məntiqi sonluğa çatdıracaq əsas özəlliyə sahibdi. Mövsümə pis başlayan "Qəbələ"ni bu həftə "Qarabağ"la çətin duel gözləyir.
"Səbail"lə "Zirə"nin duelinin taleyini penaltidən vurulan bir qol həll etdi. Beləliklə, texniki nəticəni nəzərə almasaq, "dənizçilər" bu rəqibini ilk dəfə oyunda üstələdi, üstəlik, Bayılda "Zirə"nin qapısına ilk dəfə yol tapdı. Amma oyunun axarı göstərdi ki, "Səbail" və "Zirə" eyni səviyyədə komandalardı. Qəsəbə təmsilçisinin bəxtinin gətirmədiyini, tir və dirəkdən dönən toplarının olduğunu da vurğulayaq.
Tura dünən "Bakcell Arena"da yekun vuruldu. Avroliqanı tərk etməklə azarkeşlərini üzən "Neftçi" çempionata da uğursuz başladı. Hər halda, evdə "Sabah"la görüşdə xal itkisi planlaşdırılmırdı. Axı, "Neftçi" ötən mövsüm bu rəqibi dörd görüşün hamısında yenmişdi. "Sabah" ilk dəfə həmşəhərlilərini büdrətməyi bacardı. Hər iki komanda 1 qol vurdu və 1 xal qazandı.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 1-ci tur
16 avqust
Keşlə - Qarabağ 0:1
17 avqust
Qəbələ - Sumqayıt 0:2
18 avqust
Səbail - Zirə 1:0
19 avqust
Neftçi – Sabah 1:1
Növbəti turun oyunları: 24 avqust - Sumqayıt – Səbail; 25 avqust - Sabah – Keşlə, Qarabağ – Qəbələ, 26 avqust - Zirə – Neftçi.
MİRAĞA