Belə görünür ki, “Sumqayıt” rəhbərliyi və konkret Riad Rəfiyev kubokun finalındakı uğursuzluğu, bu böyük şəhərin növbəti dəfə Avroliqadan kənarda qalmasını Ayxan Abbasova bağışlaya bilmir. Kubokun finalından artıq 13 gün ötsə də, baş məşqçinin taleyinə aydınlıq gəlməməsi başqa cür düşünməyə imkan vermir. Bizdə olan bilgiyə görə, Riad bəy artıq ölkə xaricində, konkret Ukraynada çalışdırıcı axtarır. Klubda onun sağ əli sayılan şəxs hətta Avroliqanın finalını izləməyə gələn Ukrayna klublarından birinin vitse-prezidenti ilə dünən görüşərək, ilkin danışıq aparıb, daha doğrusu, bu yöndə kömək istəyib. Təbii ki, kimin kimlə danışıq apardığı bizə bəllidi, lakin etik mülahizələr üzündən hələlik adları açıqlamırıq. Sadəcə, “Sumqayıt”ın əsas şərti – heyətdə mütləq azərbaycanlılar və Azərbaycan əsillilər olmalıdı! – ukraynalı çalışdırıcını düşünmək üçün vaxt istəməyə vadar edib. Prosesin axarı ilə bağlı növbəti saylarımızda bilgi verəcəyik.
ORXAN