Tərlan Əhmədov “az deyib, saz deyib”
Hər turdan sonra müxtəlif rubrikalara – hakimlərin mühakiməsinə, sitatlara, məqamlara yer verən “Futbol+” mövsümün sonunda bunların hər birinə aid yekun yazı təqdim etməklə bir növ hesabat verir. Bu dəfə məşqçilərin premyer-liqa oyunlarından sonra verdikləri ən çəkici açıqlamaları ümumiləşdirmək fikrindəyik.
İlk öncə qeyd edək ki, 2018/19 mövsümündə 10 məşqçi iş başında olub. “Sumqayıt”, “Keşlə” və “Zirə” iki mütəxəssisin xidmətindən yararlanıb. Ancaq Ayxan Abbasov iki klubda çalışıb. Sitatlara gəlincə, 28 turda 10 məşqçidən 9-u diqqət mərkəzinə düşüb. Bu mənada Samir Abasov şəksiz liderdi. O, 7 çarpıcı açıqlaması ilə diqqəti çəkib. Bunların hamısı gəldiyi ilk dövrlərə təsadüf edib. Demək olmaz ki, nəticələrin pis olması onun “dilini açıb”. Tanıdığımız Abasov çoxdanın “dil pəhləvanı”dı. Tərlan Əhmədov və Qurban Qurbanov isə hərəyə 4 dəfə “turun sitatı”a düşüb. Bu mənada Əhmədovun bir-birini döyən açıqlamalarını yada salmağa dəyər. Təcrübəli mütəxəssis 12-ci turda “Qəbələ” ilə oyundan sonra oyun alğı-satqısı ilə bağlı suala aqressiv, eyni zamanda təkzib xarakterli cavab vermişdi. Hətta “torba” sözünü işlədənlərin özünün keçmişini araşdırmaq gərəkdiyini dilə gətirmişdi. Ancaq mövsümün sonunda komandasından şübhələndiyini etiraf etməklə özünü gülünc vəziyyətinə qoydu.
Çempionatdakı açıqlamaları “seçmə sitatlar” təsnifatına ayırsaq, ilk sırada məhz “Keşlə”nin çalışdırıcısı qərarlaşıb. Onun 3 açıqlamasını “10-luğ”a daxil etmişik. Samir Abasovla Roberto Bordin isə hərəyə 2 dəfə “turun sitatı”nı tutuzdurub.
Samir Abasov – 7 (7, 8, 9, 11, 13, 14, 15-ci turlar)
Qurban Qurbanov – 4 (2, 3, 5, 10)
Tərlan Əhmədov – 4 (12, 19, 23, 25)
Aftandil Hacıyev – 3 (1, 6, 24)
Elşad Əhmədov – 3 (16, 21, 26)
Ayxan Abbasov – 3 (17, 22, 28)
Roberto Bordin – 2 (18, 27)
Nazim Süleymanov – 1 (4)
Sənan Qurbanov – 1 (20)
SEÇMƏ SİTATLAR
“Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib”
Rəşad Sadıqovu məndən yaxşı tanıyan olmaz. Onun karyerasını oyunçu kimi davam etdirməsini mən israrla istədim. Hansı ki, özü karyerasını bitirmək istəyirdi. Ona görə yox ki, gücü qalmayıb. Sadəcə, bu söhbətlərə görə həmin fikrə düşmüşdü. Mən isə davam etməsini israr etdim. Rəşadın gücünə arxayınam. Onun necə bir oyunçu, kapitan olduğunu yaxşı bilirəm. Nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox futbolçuda taparıq. Sadəcə, üzdə olan insan daha çox müzakirə olunur. Onun səhvi daha çox görünür, nəinki yaxşı oyunu, gördüyü iş. Böyük futbolçular daim diqqət mərkəzindədi. Rəşadın həm meydanda, həm də meydandan kənarda nə qədər faydalı bir oyunçu, kapitan olduğunu yaxşı bilirəm. Ona güvənirəm. Rəşad “Qarabağ”, futbolumuz üçün vacib insandı.
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi (2-ci tur, “Səbail”lə oyundan sonra)
“Rəqiblər əziyyət çəkməsin, özümüz qol vurmağa imkan verəcəyik”
Bəxtdən şikayət etmək istəmirəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən danışmağa haqqı yoxdu. Rəqiblər əziyyət çəkməsin, özümüz qol vurmağa imkan verəcəyik. Müdafiədə yaraşmayan, futboldan uzaq hərəkətlər gətirib qola çıxardı. Adam topu çıxaranda bilmir ki, hansı zonaya çıxarmaq lazımdı, hardan təhlükə gəlir. Özüm özümü paltardəyişmə otağında da söyürəm. Hissiyyatım vardı ki, qol buraxağacağıq. Topu vurub çıxarırsansa, elitada oynayırsansa, bilməlisən hansı zonaya çıxarmaq lazımdı. Vəziyyəti dəyişəcək sehrli çubuğum da yoxdu.
Samir Abasov, “Zirə”nin baş məşqçisi (9-cu tur, “Sabah”la oyundan sonra)
“Onların öz keçmişini araşdırmaq lazımdı”
Oyun alğı-satqısı söhbətini ortaya çıxaran, "torba" sözünü işlədən insanlar, deməli, zamanında özləri bununla məşğul olub, indi o sözü işlədirlər. Mən heç vaxt deyə bilmərəm ki, futbolçu kiməsə “torba tikdi”. Kim deyə bilər ki, satmaq necə olur? Necə satılır? Axı mən ömrüm boyunca heç vaxt bunu etməmişəm. İndi necə insanları belə şeylərə görə ittiham edim? Onu işlədənlərdən soruşmaq lazımdı ki, sübuta yetirsin. Heç kimi heç nədən ittiham etmək olmaz. Kimsə kiminsə adına söz çıxarırsa, həmin adamın öz keçmişini araşdırmaq lazımdı ki, necə adam olub. Futbolçuların bu cür işlərlə məşğul olduqlarına inanmıram. Kim deyirsə ki, oyun satılıb, yaxud da “torba tikilib”, bunu sübut etsin.
Tərlan Əhmədov, “Keşlə”nin baş məşqçisi (12-ci tur, “Qəbələ” ilə oyundan sonra)
“Komandamın oyununu faizlə dəyərləndirsək, sıfır...”
İlk hissədə 1 yox, 5-6 futbolçumuz oyundan qopdu. “İp”i əlimizdən verdik, toparlana, yığıb-yığışdıra bilmədik. Bu gün hardasa ümidlərin kəsildiyi bir oyun idi. Hər şey etdik ki, özümüzü çuxura, pis vəziyyətə salaq. Bilmirəm, nə oldu futbolçularımıza... Komanda tapşırıqlarımın neçə faizini meydanda göstərdi? Faizlə dəyərləndirsək, sıfır. Hansısa futbolçunun bilmədiyimiz səbəbdən oyunu getmirsə, həyəcana düşürsə, artıq meydanda rəqibin 10 nəfər qaldığının fərqinə varmır. O, öz ab-havasında oynayır. Təəssüf ki, bu gün belə futbolçularımız çox idi.
Samir Abasov, “Zirə”nin baş məşqçisi (15-ci tur, “Sabah”la oyundan sonra)
“O, oyunçularıma müdaxilə edə bilməz”
Aftandil Hacıyevlə qalmaqal? Oyun epizodunda Daboya qarşı kobudluq edilmişdi. Buna görə oyunçular arasında söz-söhbət ola bilər. Amma məşqçi kimi oyunçularıma müdaxilə edə bilməz. Mənim də iradım buna görə oldu ki, get, öz oyunçularınla maraqlan. O, əl-qol hərəkəti elədi. Dedim ki, çəkiliş var, oyundan sonra gözləyərsən, söhbət edərik, bir-birimizi başa düşərik. Amma o, gözləmədi. Mənə deməyə başqa sözü var idisə, gözləyərdi.
Roberto Bordin, “Neftçi”nin baş məşqçisi (18-ci tur, “Səbail”lə oyundan sonra)
“Zubir bütün komandanı aldadıb qol vurursa...”
Acı məğlubiyyət aldıq. Ustalıq sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji planda kökləmək çətin idi. Əlbəttə, məğlub olmuşuqsa, məndə də günah var. Bu nəticədə hərənin öz payı var. Ancaq Zubir bütün komandanı aldadıb qol vurursa, onda məsələyə real baxmaq lazımdı.
Ayxan Abbasov, “Sumqayıt”ın baş məşqçisi (22-ci tur, “Qarabağ”la oyundan sonra)
“Bacarmadığım yerdə işləməyi mənasız hesab edirəm”
Danışmağa söz tapmıram. Futbolçularda məğlub psixologiyası var və bunu dəyişməkdə çətinlik çəkdim. Əvvəl işlədiyim komandalarda çətinliklə üzləşməyimə baxmayaraq, öhdəsindən gəlmişdim. AZAL-da baş məşqçi üçün canını qoyan kollektiv formalaşdırmışdım. Orda pul olmasa da, mənə görə canların qoyurdular. “Neftçi”ni də çətin vəziyyətdən çıxarıb avrokuboklara daşımışdım. Etiraf edim ki, “Keşlə”də bunu bacarmadım. Ailə yarada bilmədim. Bacarmadığım yerdə isə işləməyi mənasız hesab edirəm. Komandanı sonuncu pillədən qurtarmaq çox çətin görünür. Vəziyyəti bildiyim üçün belə deyirəm. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər.
Tərlan Əhmədov, “Keşlə”nin baş məşqçisi (23-cü tur, “Sumqayıt”la oyundan sonra)
“İkinci hissədə başverənlər bizdə başqa fikirlər formalaşdırır”
Məğlubiyyət olar. Lakin xüsusən ikinci hissədə baş verən hadisələr bizdə başqa fikirlər formalaşdırır. “Zirə” və “Sumqayıt”la oyunlara nəzər salsaq, bütün qolları fasilədən sonra buraxmışıq. Bu komanda yaydan bəri ilk hissənin əvvəlində və sonlarında qol buraxırdı. Qış fasiləsindən sonra isə əsasən ikinci yarıda qapımızda qol görürük. Bu da istər-istəməz adamda bəzi fikirlər yaradır. Bir deyil, iki deyil, beş deyil... Bunlar araşdırılmalıdı. Mənim yerimdə siz olsaz, ağlınıza çox fikir gələr. Kontorlarla işbirliyi? Onun necə oynanıldığını bilmirəm. Ona görə də imanımı yandırıb, kiminsə haqqına girə bilmərəm.
Tərlan Əhmədov, “Keşlə”nin baş məşqçisi (25-ci tur, “Qarabağ”la oyundan sonra)
“Desinlər, biz hakim yetişdiririk, bizə futbol lazım deyil”
Rəqibin vurduğuqu qol zamanı düşündüm ki, hakim oyundankənar vəziyyət qeydə aldı. Matçdan sonra uşaqlar bir daha kadrlara baxıblar. Bilmirəm, bu biabırçılığı necə adlandıraq. Həmişə deyirik ki, hakimlər öz işlərini görsünlər, biz də sakit olaq. Səhvlər olur, bunu başa düşürük. Ancaq bu cür hərəkət başadüşülən deyil. Sanki 90-cı illərə qayıdırıq. Yəqin ki, “Şəmkir”in vurduğu qol yadınızdadı. Ya desinlər, biz hakim yetişdiririk, bizə futbol lazım deyil, ya da...
Elşad Əhmədov, “Sabah”ın baş məşqçisi (26-cı tur, “Keşlə” ilə oyundan sonra)
“Məsuliyyəti üzərimdən atmıram”
Həyatda hər bir insanın səhvi ola bilər. Məsuliyyəti üzərimdən atmıram. Hər bir uğura da, uğursuzluğa da məsul mənəm. Amma uşaqlar sonadək vuruşdular. Futbolçularıma təşəkkür edirəm. Çünki möhtəşəm mövsüm keçirdilər. Bu cür mükəmməl kollektivin baş məşqçisi olmaqdan qürur duyuram. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, əziyyətimizi yerə vurmazdım. Heç kimə imkan vermərəm ki, əziyyətimizin üzərindən xətt çəksin. Bu uşaqlara müxtəlif sözlər deyilə bilər. Lakin mövsümboyu onlarla mən işləmişəm və deyirəm ki, onlarla fəxr edirəm.
Roberto Bordin, “Neftçi”nin baş məşqçisi (27-ci tur, “Qəbələ” ilə oyundan sonra)
MİRAĞA