“Səbail”in vidalaşdığı futbolçuların sayı 5-ə çatıb. Hər halda, klub saytı vasitəsilə rəsmən 5 nəfərlə yolların ayrıldığı bəyan edilib. Daha öncə Tamazi Tsetsxladze və Ruslan Qurbanovun xidmətindən imtina edən Bayıl təmsilçisi Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberrini heyətdə saxlamağa ehtiyac duymayıb.
Onlarla müqavilələrin müddəti sona çatıb və yeni anlaşmaya ehtiyac duyulmayıb. Ancaq "yarpaq tökümü" 5 nəfərlə məhdudlaşmaya bilər. Ən azı Yevgeni Koçukun gedəcəyi dəqiqdi. Moldovalı "Səbail"dəki məvacibinin əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Klubun isə onun şərtlərini qəbul etməyə gücü çatmır. Hələ ki ümidini itirməyən "dənizçilər" onunla bağlı qərarı açıqlamağa tələsmir. Ancaq danışıqların dalana dirəndiyini nəzərə alsaq, çox güman, klub yaxın günlərdə Koçukla da yolların ayrıldığını bəyan edəcək.
Klub transfer çalışmalarını da davam etdirir. Mirabdulla Abbasovun ardından Amil Yunanov da "Səbail"in maraq dairəsinə düşüb. Aftandil Hacıyevə Amilin xidməti təklif olunub. Gənc məşqçi "Keşlə"dən ayrılan hücumçu ilə bağlı qərarını yaxın günlərdə verəcək. Mirabdullaya gəlincə, onunla ilkin danışıqlar olub. Sadəcə, "Neftçi"dən ayrılmaq istəyən hücumçu hazırda ölkə xaricindədi. "Səbail" onun dönüşünü gözləyir ki, danışıqları başa çatdırıb münasibətləri rəsmiləşdirsin.
MİRAĞA