Aftandil Hacıyev: “Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq”
Oyunsonrası mətbuat konfransına əvvəlcə “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov çıxdı. Təcrübəli mütəxəssis yetirmələrinin qələbəsinə görə o qədər də sevinmirdi.
- Nə deyə bilərəm, motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadılar. Ya da “Səbail” 3-cü yeri təmin etdiyindən bir qədər rahat idi. Mövsüm ərzində belə oyunlarımız çox oldu. Sadəcə, o vaxt futbolçularda özünəinam yox idi.
- Bu gün Lisenziya Komisiyasının qərarı açıqlanıb və birinci diviziondan heç kimə premyer-liqa üçün lisenziya verilməyib. Qələbədə bu amilin də rolu ola bilərdi?
- Bu xəbəri sizdən eşidirəm. Son bir neçə saat ərzində telefonum bağlı olub. Futbolçular da məlumatlı deyildi. Hər halda, qərar qərardı. Son qərarı AFFA verəcək və buna hörmətlə yanaşırıq.
- Komandada qalacaqsız?
- Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur Axundovun qərarından asılıdı.
- Komandada qalacağınız təqdirdə futbolçuların neçə faizi “Keşlə”də qalacaq?
- Qalacaq? Gəlin, gedənlərin faizini deyim. Heyətin 95 faizi yola salınacaq. Köklü islahat aparılacaq və yeni komanda formalaşdırılacaq.
Bürünc medallarına qovuşmaq üçün “Bakcell Arena”ya tələsən “Səbail”in baş məşqçisi Aftandil Hacıyev buna baxmayaraq, əhatəli danışdı. Gənc məşqçi komandanın transfer planlarını da açıqladı.
- İlk növbədə “Səbail” ailəsini, azarkeşlərimizi təbrik edirəm. Çempionat boyunca əzmkar komanda gördük. Düşünürəm ki, “Səbail” çempionata rəng qatmağı bacardı. Son 2 turda məğlub olmağımız motivasiyasızlıqla bağlıdı. Baxmayaraq ki, bu gün çempionatı pozitiv notda başa vurmaq istərdik. Ancaq həvəsdən düşmürük. Çünki qarşıda bizi Avropa Liqası gözləyir. Qarşıda çox işimiz var. İndi ancaq futbolçuları təbrik etmək istəyirəm. Ən böyük pay sahibi onlardı.
- Heyəti neçə faiz qoruya biləcəksiz?
- İndi bu suala cavab verə bilmirəm. Yalnız yerli futbolçulardan “hə” cavabı ala bilmişik. Legionerlər isə cavab verməyiblər. Bizim də gözləməyə vaxtımız yoxdu.
- Qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün son tarix nə vaxtdı?
- Təxminən bir həftə gözləyəcəyik. Bu dönəmdə futbolçuların qiyməti qalxır. Futbolçuları da qınamıram. Hamısı daha yaxşı şərtlər altında çıxış etmək istəyir. Xüsusilə də nəticə qazananda. Bizim isə bəlli büdcəmiz var. Nə artmır, nə də azalmır. İstənilən halda, heyətlə bağlı məsələləri yoluna qoymalıyıq.
- Heyəti qoruya bilmirsiz. Sökülüb-yığılan komanda isə Avropa Liqasında uğursuzluğa məhkumdu…
- Sözsüz ki, komandanı formalaşdırmağa zaman tələb olunur. Ancaq bəlli büdcəmiz var. Ondan kənara da çıxa bilmirik.
- Bildiyimizə görə, Mirabdulla Abbasovla danışıq aparırsız. Məsələ nə yerdədi?
- Hələ ki rəsmi danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək.
- Abbasovun müqaviləsi növbəti mövsümü də əhatə edir. “Neftçi”dən onu götürmək üçün 100 min manat kompensasiya ödənilməlidi. “Səbail” bu kompensasiyanı ödəməyə hazırdı?
- Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Bu məbləğ azala da bilər. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq.