Çempionatla bağlı əsas suallara aydınlıq gəlməyib. Yalnız “Neftçi” ilə “Qarabağ”ın avrokuboklara vəsiqəni təmin etməsi rəsmiləşib. Ancaq qızıl medallar, həm də elitada qalmaq uğrunda mübarizədə olduqca mürəkkəb vəziyyətdi. Əslində “filan komanda premyer-liqadan düşəcək” sözünü əminliklə söyləmək olmur. Çünki AFFA İcraiyyə Komitəsinin (İK) qərarından çox şey asılıdı. Ola bilər İK qərar versin ki, yüksək dəstədə 10 komanda olsun və birinci diviziondan yalnız iki komanda lisenziya tələblərinə cavab verdiyindən sonuncu olan elitada qalsın. Yaxud da “aşağıdakılar”ın heç biri şərtlərə cavab verməsin və məcburən 8-ci yeri tutan komandanı güclülər dəstəsində saxlasınlar. Ancaq biz məsələyə Əsasnamədəki kimi yanşmalıyıq və reqlament belədi ki, turnir cədvəlində sonuncu yeri tutan komanda elitanı tərk edir. Hazırda isə sıralamada ən aşağı pillədə “Keşlə” qərarlaşıb. Bəs görəsən, ölkə kubokunun son qalibinin hazırda turnir cədvəlinin sonuncusu olmasının səbəbi nədi?
Bünövrəsi əyri qoyulan ev
Dünya şöhrətli şairimiz Nizami Gəncəvinin “bünövrəsi əyri qoyulan evin, bir gün dörd divarı uçacaq, yəqin” misralarına nümunə kimi müəyyən mənada “Keşlə”nin durumunu göstərmək olar. Hərçənd paytaxt təmsilçisinin “divarlar”ı hələ “uçmayıb”. Qarşıda 5 tur var və bu müddətdə hər şey dəyişə bilər. Nəzəri cəhətdən Tərlan Əhmədovun komandasının 15 xal qazanmaq imkanı var və bu hətta Avroliqaya vəsiqə üçün də yetərlidi. Ancaq çox güman, sabiq “bankirlər”i hazırda düşündürən əsas məsələ sonuncu yerdən qurtulmaqdı. Hə, qayıdaq bünövrəyə. Əslində “Keşlə” mövsümə heç də yaxşı başlamadı. Yayda Sezar Meza Kolli və Pərdis Fərcad-Azad kimi kubokun qazanılmasında əsas rol oynayan futbolçularının gedişi ilə razılaşan klub AL oyunlarından sonra Yuri Maksimovla da yolları ayırdı. Yeni gələn Mladen Milinkoviçin isə edəcəyi çox şey yox idi. Çünki həm gec gəlmişdi, həm də istədiyi futbolçuları yığa bilmədi. Nəticədə o da 8 turdan sonra postunu tərk etməli oldu. Onun rəhbərliyi altında 8 oyundan 5-də uduzub, 1-də qalib gələn paytaxt təmsilçisi 2 matçda heç-heçə etmişdi. Beləcə serb mütəxəssis komandanı 5 xalla 7-ci pillədə təhvil verib getdi. Həmin vaxt “qırmızı-ağlar” yalnız “Zirə”ni 1 xal qabaqlayırdı. Bir sözlə, mövsümə hazırlıq zamanı baş məşqçi dəyişikliyinin gerçəkləşməsi və yeni gələnin postunda cəmi 8 oyun duruş gətirməsi “futbol ili”nin “Keşlə” üçün elə də yaxşı keçməyəcəyindən xəbər verirdi. Belə də oldu.
Heyət...
Tərlan Əhmədovun gəlişi ilə “Keşlə”nin çətin günlərini geridə qoyacağı proqnozlaşdırılırdı. Bunun üçün də səbəb var idi. Belə ki, Əhmədov daha öncə istər heyətinə, istərsə də büdcəsinə görə bütün klublardan geri qalan AZAL-ı döyüşkən kollektivə çevirmişdi. Ötən mövsüm isə 1 xalla 7-ci yerdə olan “Neftçi”yə bürünc medal qazandırmışdı. Halbuki “futbol ili”nin sonlarında rəhbərliklə Tərlan bəyin ulduzlarının barışmaması haqda söz-söhbət gəzirdi. Zaman da bunu təsdiqlədi və çalışdırıcı flaqmanı Avroliqaya çıxarmadan postundan istefa verdi. Ancaq Əhmədov “Keşlə”ni çətin durumdan çıxara bilmədi. Ötən tur “Sumqayıt”la oyundan sonra mətbuat konfransında Əhmədov heyətlə bağlı bunları deyib: “Bu il mənə qədər komandada iki baş məşqçi dəyişib. Təbii ki, onlar da uğursuzluğa görə gediblər. Yayda yetərincə yaxşı futbolçular götürmək lazım idi. Qışda isə cəmi 6 oyunçu götürdük”. Əslində “Keşlə”nin heyətinin “Zirə” və “Sumqayıt”dan zəif olmadığı, əksinə, güclü olduğu sirr deyil. Dərd burasındadı ki, qışda komandaya cəlb olunan futbolçular da istənilən səviyyədə olmadı. İstər yerlilər, istərsə də gəlmələr. Müəyyən mənada Con Kamaranın fərqləndiyini demək olar. Ancaq nə Angelo Pena, nə də Valeri Kutsenko komandanın gücünə güc qatdı. Bundan başqa, Bahodir Nasimovla Vaqif Cavadovun göndərilməsi böyük müzakirələrə yol açdı. Emin Mehdiyevin transferi zamanı diqqətsizliyə yol verilməsi də öz yerində. Belə deyək, qış “transfer pəncərəsi”nin “Keşlə” üçün faydalı keçdiyini söyləmək olmaz. Heyətlə bağlı tez-tez rotasiyaların edilməsi, bu baxımdan sabitliyin olmaması da komandanın çıxışına təsir edir.
...və başqa səbəblər
Hadisələrin uğursuz axarına baxmayaraq, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun Əhmədovu göndərməməsi klub rəhbərliyinin baş məşqçiyə güvəndiyini göstərir. Halbuki Axundovu nəticə ürəkaçan olmayanda, tez-tələsik baş məşqçi dəyişikliyinə əl atan biri kimi tanıyırıq. Hazırda onun Əhmədova göstərdiyi etimad aysberqin görünən tərəfidi. Bəs görəsən, klubdaxili məsələlərdə də hər şey bu qədər qarşılıqlı anlayış və dəstək şəklində tənzimlənir? Belə bir məlumat dolaşır ki, komandaya “Sabah”la oyuna görə söz verilən mükafat hələ də çatmayıb. Bəlkə son oyunlarda qeydə alınan nəticələr də bununla bağlıdı? Olmaya Əhmədovun “ailə yarada bilmədim” cümləsi təkcə kollektivə yox, kluba ünvanlanan ismarıc imiş? Bu mənada suallar çoxdu və nə qədər ki onların cavabı tapılmayıb, “Keşlə”nin durumunun düzəlməsi çətin görünür.
FARİZ