3-cü yazı
Beləliklə, təkrar oyunda Banişevskinin qolunun sayılmamasına, Bruxtinin ilk yarının sonunda meydandan qovulmasına qəzəblənən, eləcə də Fedotovun ofsayddan fərqləndiyini düşünən “Neftçi” rəhbərliyi SSRİ Futbol Federasiyasına nəticəyə yenidən baxılması tələbi ilə etiraz ərizəsi göndərir. “Neftçi-70: unudulmayan keçmiş” kitabında bu haqda belə yazılıb: “Neftyanik” rəhbərliyi oyundan sonra protest verdi. Amma protest hakimliklə bağlı deyildi. Hər iki matçda paytaxt klubunun formasını əvvəlki mərhələlərdə digər komandaların heyətində oynamış bir neçə futbolçu geymişdi. Yarışların reqlamentinə zidd olsa da, bu qanunsuzluqlara göz yumuldu və protest rədd edildi. Beləliklə, sovet başbilənləri kubokun Bakıya gələn yolunu bağladılar”.
Maslyayev və Yuşka...
Kitabın müəllifləri “bir neçə futbolçu” desə də, söhbət indi də həyatda olan Anatoli Maslyayev ilə Romualdas Yuşkadan gedir. Yuşka 0:0 bitən ilk oyunda 120 dəqiqə oynamış, Maslyayev isə 2-ci hissədə Antoneviçi əvəzləmişdi. Təkrar oyunda Yuşka görünməsə də, Maslyayev əvvəldən axıra qədər oynadı. Bakılıları qəzəbləndirən məqam o idi ki, 1967-ci il aprelin 20-də keçirilən 1/64 final oyununda Qorki (indiki Nijni Novqorod) “Volqa”sının heyətində Kremençuq “Dnepr”inə qarşı mübarizə aparan Maslyayev bu dəfə də “Neftçi”yə qarşı oynamışdı. Yuşka ilə bağlı da vəziyyət oxşar idi. Litvalı hücumçu Lvov SKA-sının heyətində elə həmin il aprelin 9-da – 1/128 final mərhələsində “Terek”ə qarşı oynamışdı. “Neftçi” ilə kubok oyunundan düz bir ay əvvəl – avqustun 15-də ÇSKA-nın heyətində debüt etmişdi.
Təbii ki, SSRİ Futbol Federasiyası “Neftçi”nin ərizəsini rədd etdi. İndi bunun səbəbləri ilə bağlı yalnız gümanlar irəli sürmək olar. Bəlkə də bizimkilər ilk oyundan sonra şikayət etsəydi, vəziyyət fərqli ola bilərdi. Bəlkə də Mərkəzin ağrılı yerlərini yaxşı bilən Heydər Əliyev respublikaya rəhbərlik etsəydi, qərara müdaxilə edə bilərdi. Amma “bəlkə” gerçəklik və dəqiqlik mənasına gəlməyən ifadədi.
Əhməd Ələsgərov nə dərəcədə səmimi idi?
Hakimin qərəzli qərarları öz yerində, ədalət naminə “Neftçi”nin məşqçilər korpusunun səhvlərinə və qeyri-səmimiliyinə də toxunmaq lazımdı. 2-ci yazıda Əhməd Ələsgərovun oyunsonrası açıqlamasını nəzərinizə çatdırmışdım. “Neftçi”nin indi haqq dünyasında olan baş məşqçisi bəzi oyunçuların 120 dəqiqəlik mübarizənin gedişində zədələndiyini, bununla belə, finala çıxmaq həvəsinin hər şeyi unutdurduğunu demişdi. Məntiq onu deyir ki, Əhməd bəy təkrar oyundan 5 gün sonra – sentyabrın 21-də Bakıda “Şaxtyor”la çempionat görüşünə çıxan heyətdə ciddi dəyişikliklər etməliydi. Amma Moskvada ÇSKA-ya 0:2 uduzan heyət evdə donetsklilər önündə də aciz qalır – 1:3. Yeganə dəyişiklik Moskvada meydandan qovulan Bruxtinin Adil Babayevlə əvəzlənməsi idi ki, bunun da səbəbi aydındı.
Maraqlıdı, finala çıxmaq imkanları rəqiblə müqayisədə daha yüksək qiymətləndirilən “Neftçi”nin baş məşqçisi oyuna hazırlıqda, taktiki sxemdə hansı səhvlərə yol vermişdi? O vaxt həyatda olmayan, indiyə qədər oyunun videoyazısına baxmayan birinin, yəni bəndənizin bu sualı müzakirəyə çıxarması bəlkə də düzgün deyil. Amma quru qəzet yazıları da müəyyən təsəvvürlərin formalaşmasına imkan verir. Məsələn, ilk oyunda meydanın mərkəzinə nəzarət edən bakılılar hücuma o qədər də can atmadan Banişevski və Tuayev istiqamətinə rəqib üçün heç bir təhlükə yaratmayan ötürmələri sıralayıblar. “Hərbçilər”in çox çəkindiyi, sol cinahda fəal görünən Yaşar Babayev – Valeri Hacıyev dueti hücum etmək əvəzinə, adətən, müdafiəçilərin yardımına tələsib. Bakılıların cinah asmaları da hücum oyunçularına yox, rəqib qapısı önünə göndərildiyindən Kudasov həmin topları ələ keçirməkdə çətinlik çəkəyib. Gözləmək olardı ki, Ələsgərov səhvlərdən nəticə çıxaracaq, hədsiz ehtiyatlı oyun üslubundan uzaqlaşacaq, təkrar oyunda fərqli gedişlərə əl atacaq. Amma yox... ÇSKA-nın baş məşqçisi Vsevolod Bobrov 2-ci oyunda Dudarenkonu hücuma buraxmaqla həmkarını təəccübləndirib. “Neftçi”nin istedadlı BMT “üçlüy”ü isə təkrar oyunda da “hərbçilər”in fərdi və zona müdafiəsini yara bilməyincə iş bitib. Bakılılar tarixində ilk dəfə bu qədər yaxınlaşdığı finalın biraddımlığında dayanıb. Bu məqamda əvvəlki yazılarda adını çəkdiyim Nikolay Qlebovun hesabatından bir hissəni də oxumağa dəyər: “Neftyanik” yarımfinaldakı məğlubiyyətinə tənqidi yanaşmalıdı. Bakılıların “bürünc komanda” adını özündə saxlamaq imkanı var. Çempionatın və kubokun son oyunları göstərir ki, onlar yarımmüdafiə xəttinin oyununu yaxşılaşdırmalıdılar”.
“Neftçi”nin SSRİ kubokunda iştirak tarixindən, sadəcə, bir duel götürüb, uğursuzluğun səbəblərini araşdırmağa çalışdıq. Təəssüf ki, bakılıların tarixində çoxlu belə uğursuzluq, çoxlu izaholunmaz məğlubiyyət olub. İnşallah, başqa belə oyunlara da növbə çatacaq.
HUŞƏNG
Boris Xetaqurovun xatirələrindən...
(həkim Xetaqurov “Neftçi”nin həmin oyunda iştirak edən və bu gün də həyatda olan 5 üzvündən biridi. Tuayev, Markarov, Lyoqki və Yaşar Babayev də yaşayır)
Komandamız Neft Sənayesi Nazirliyinin mehmanxasında qalırdı. Neft sənayesi naziri, keçmiş bakılı (indiki Bakıxanov qəsəbəsindən) Nikolay Fyodoroviç Şaşin “Neftçi”nin böyük azarkeşi idi. İmkan daxilində komandaya yardım edirdi. Komandanın nazirliyin mehmanxanasında yerləşdirilməsi də Şaşinin göstərişi idi. Sentyabrda oynadıq. Əlavə vaxt da heç-heçə bitdiyindən ertəsi bir də qarşılaşdıq. Hər iki oyunu Kaunasdan olan Kestutis Andzyulis idarə etdi. İlk oyuna görə ona ümumilikdə elə bir ciddi irad olmasa da, ikincidə açıq-aşkar “hərbçilər”in tərəfini tutdu. Hesab 0:0 olanda Banişevski qol vurur, Andzyulis “ofsayd” deyib saymır. Üstəlik hesab 1:0 ÇSKA-nın xeyrinə olanda Andzyulis Bruxtinn “kobud oyun”a görə qovdu, hərçənd stadionda olan jurnalistlərin böyük əksəriyyəti oyundan sonra Volodyanın heç bir kobudluğa yol vermədiyini dedi. Tezliklə ÇSKA 2-ci qolu vurdu və “Neftçi”nin təhlükəli vəziyyətlər yaratmasına baxmayaraq, 0:2 uduzduq. Oyundan sonra SSRİ Futbol Federasiyasına etiraz yazdıq. Bir çox mütəxəssislərin bizi dəstəkləməsinə baxmayaraq, nəticəni ləğv etmədilər. Biz Həmkarlar İttifaqının komandasıydıq, SSRİ Həmkarlar İttifaqının Könüllü İdman Cəmiyyəti də bizim etirazı dəstəklədi. Amma finala ÇSKA və Moskva “Dinamo”su çıxdı. Yadımdadı ki, “Trud” qəzetinin şərhçisi Yuri Vanyat Andzyulisin idarəçiliyini və SSRİ Futbol Federasiyasının qərarını pisləyən məqalə yazmışdı. Bu oyundan sonra Andzyulisi bizim oyunlara təyin etmədilər, onun adı isə pis hakimliyin rəmzi oldu. İllər boyunca azarkeşlər hakimlikdən narazı olanda “Andzyulis” qışqırırdılar.
Daha bir məqam yadımdadı, bilmirəm oxucular üçün nə dərəcədə maraqlıdı. İlk oyundan sonra mehmanxanaya dönəndə qapıçımız Sergey Kramarenkonun hərarəti qalxmışdı. Görünür, soyuqlamışdı. Bütün gücə onun üzərində çalışdım. Vitaminlər və bərpa preparatları ilə “yükləyəndən” sonra oyun saatına qədər hazır vəziyyətə gətirdik.