Məğlubiyyətlər Şəhriyar üçün kiçik ölümdü
Şahmat yığmamızın lideri Şəhriyar Məmmədyarov "Baku" jurnalına müsahibə verib. Hazırda planetin 5-ci şahmatçısı olan qrossmeyster maraqlı məqamlara toxunub. Müsahibəni müəyyən ixtisar və redaktə ilə diqqətinizə çatdırırıq.
- Şahmatçılar ailəsindənsiz. Hətta bacılarınız da Azərbaycan çempionu olublar. Bəs ailənizdə kim şahmat oynamır?
- Anam oynamır. Amma təbii ki, fiqurları tanıyır. Balların hesablanma sistemini də yaxşı bilir və çıxışımızı yaxından izləyir. Yarışlardan canlı yayın olanda isə hamısına baxır və bizə görə çox həyəcan keçirir.
- Oyunlar zamanı üz ifadəniz çox gərgin görünür...
- Oyun zamanı gülümsəmək qəribə olardı. Buna baxmayaraq, bəzi şahmatçılarda bu xüsusiyyət var. Bəzən gediş edirsən,rəqibin də etdiyin gedişə gülümsəyir. Adama elə gəlir ki, elə bil kobud səhv etmisən. Bu, psixolojı hücumdu və oyun zamanı heç də xoş olmur. Ələttə, təbii aktiv mimikalı adamlar da olur. Məsələn, ukraynalı Vasili İvançuk. Hamımız anlayırıq ki,o təbiətcə belədi.
- Hər şey hardan başladı, şahmatla necə tanış oldun?
- Şahmata ilk dəfə Zəngilan şəhərində, Rəşid əmimgildə toxunmuşam. Uşaq idik, fiqurlarla oynayırdıq, ora-bura atırdıq. Sonra atam oyun qaydalarını öyrətdi və mən həmin vaxtdan şahmatla ciddi məşğul olmağa başladım. Böyük bacım Zeynəb də şahmata həvəs göstərirdi. Biz onunla birlikdə şahmat məktəbinə gedirdik. Əvvəllər Zeynəbə uduzurdum. Əslində şahmata çox gec - 9 yaşımda gəldim. Bu gün dünyada ilk “20-lik”də yer alan şahmatçıların hamısı məndən xeyli əvvəl başlayıblar. Məsələn, Teymur Rəcəbov 4 yaşında beynəlxalq turnirlərdə iştirak edirdi, rəhmətlik Vüqar Həşimov 8 yaşında artıq FİDE ustası idi. Mən isə 17 yaşımda belə FİDE ustası ola bilmədim. Ümumiyyətlə, keçdiyim yolu unikal adlandırmaq olar. 14 yaşım olanda FİDE reytinqim belə yox idi. 21 yaşımda isə dünyanın 4-cü şahmatçısı oldum. 8 il ərzində “0”-dan zirvəyə qədər qalxamağı bacardım. Bəziləri yarım əsr oynayır və belə uğura nail ola bilmir.
- Əsgərlikdə də şahmatçı olmusuz. Bu necə baş verdi?
- Bəxtim gətirdi. Çağırışdan iki gün əvvəl 20 yaşlılar arasında dünya çempionu oldum. Məşqlərimə davam etmək və formada qalmağım üçün prezident İlham Əliyevin göstərişi ilə əsgərliyə MOİK-ə göndərildim. Əsgərlikdən sonra ali iqtisadi təhsil aldım. Özü də universiteti qırmızı diplomla bitirmişəm. Baxmayaraq ki, dərslərdən çox şahmatla məşğul olurdum. Gündə 10 saatımı şahmata həsr edirdim.
- Gündə 10 saat şahmatla məşğul olmaq çətin deyil?
– 17-20 yaşlarımda çox rahat idi. İndi isə bir az çətinləşib. Ailə, ev qayğıları və s. Bu yaxınlarda Qaxda keçirilən təlim-məşq toplanışı zamanı gündəlik 18 saat məşğul olmaqla rekord müəyyənləşdirmək istədim. Amma iki gündən sonra anladım ki, bir az da belə davam etsə, məni ən yaxın olan dəlixanaya aparacaqlar.
- Hər gün məşq edirsiz?
- Tal deyib ki, "mən bir gün şahmatla məşğul olmayanda hiss edirəm ki, oyunum qeyri-adi alınır. İki gün məşğul olmayanda isə pis oynadığımı hətta qonşular da deyirlər". Təbii ki, o, zarafat edirdi. Amma sözündə həqiqət var. Hər gün mütləq oynamaq, partiyaları təhlil etmək və oyunları izləmək lazımdı.
- Məyus olduğunuz anlar olur?
- Əlbəttə. Ardıcıl məğlubiyyətlərdən sonra istəyirsən ki, turnir tez bitsin. Fərqi yoxdu, hansı nəticə ilə, amma dərhal bitsin. Bir dəfə yarışda ardıcıl 6 oyunda uduzdum. Bu yarışa getməməliydim, sadəcə, imtina edə bilməzdim. Bu, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan birinci turnir idi. Məğlubiyyətlər olur. Ötən il Fabiano Karuana Veyk-an-Zeedə 30 əmsal itirdi,ardınca isə gedib İddiaçıların Turnirinin qalibi oldu. Məndə bir dönəm olmuşdu ki, 16 ay ərzində cəmi 6 dəfə uduzmuşdum, “ağlar”la isə, ümumiyyətlə, məğlub olmurdum.
- Məğlubiyyətlər də yəqin ki, nələrisə öyrədir?
- Karlsen bununla razılaşmayacaq (gülür). Baxmayaraq ki, onun da uğursuz turnirləri olur.
- Uduzanda həyəcanlanırsız?
- Bəli. Hər bir yenilgi mənim üçün kiçik bir ölümdü. Amma qorxmuram. Risk etməsəydim və qorxsaydım, bu qədər qələbə qazana bilməzdim.
- Turnirlərdən sonra necə dincəlirsiz?
- Baxır turnirə. Uğurlu turnir olanda ailəmlə, dostlarla qeyd edirəm. Uğursuz olanda isə yenə də çalışıram ailəmlə və dostlarımla bunu unudum. Arada harasa, heç kimin uduzduğumu bilmədiyi yerlərə gedirəm. Bir dəfə maraqlı əhvalat yaşandı. Sergey Karyakinlə oyunda çox sadə bir vəziyyət var idi. “Şah” və “top” məndə, “şah” və “piyada” Sergeydə idi. Vaxtım da Karyakindən xeyli çox idi. Mən, sadəcə, “top”la “piyada”ya hücüm etməliydim, ikinci gedişlə “piyada”nı götürürdüm. Amma nədənsə bu gedişi görmədim. Sonradan özüm də təəccübləndim. Rahat udacağım oyun heç-heçə ilə nəticələndi. Görüşdən sonra qrossmeysterlər mənə yaxınlaşıb soruşurdurlar ki, "top b6 gedişini görmədin?". Dedim nə bilim, belə alındı. Sonra həmin sualı mənə 1-ci dərəcəli şahmatçılar və hətta tamaşaçılar da verdilər. Onlara da eyni cavabı verdim ki, hərdən belə də olur. Düşdüm dayanacağa ki, maşına minib gedim. Bu an mənə "stoyanşik" yaxınlaşdı və "topla piyadanı vura bildiyini görmürdün?" Ayağımı basdım qaza və ordan uzaqlaşdım (gülür).
- Dahi şahmatçılarla görüşlər sizə nələri qazandırdı?
- Adətən, şahmatçılar çox qapalı olurlar. Sirlərini və ideyalarının bölüşməyi xoşlamırlar. Hətta iki dost şahmatçı görüşəndə belə, onlar şahmatdan çox az danışırlar. Amma istisnalar da olur. Məsələn, Vasili İvançuk çox saf və xoşniyyətli insandı. Vaxtilə mənə xeyli dəyərli məsləhətlər verib. O vaxt 17 yaşım var idi və təcrübəli dost məsləhətinə böyük ehtiyacım var idi.
- XIX əsrdə ən güclü şahmatçı Vilhelm Steynits idi, XX-ci əsrin ilk yarısında Lasker, Kapablanka və Alyoxin. Sonradan Fişer, Botvinnik, Tal, Karpov… Bu nəsillər nə ilə fərqlənir?
- Mən yeni başlayanda Steynits və Kapablankanın partiyalarından öyrənirdim. Amma indi onların oyunlarında yeniliklər tapa bilmirəm. Əminəm ki, 50 ildən sonra şahmatçılar bizim partiyalara baxanda gülümsəyəcəklər. Çünki səhvsiz şahmat dövrü gələcək. Kompüter insana çox şeylər öyrədəcək. Əvvəllər başqa cür oynayırdılar. Çoxlu təxirə salınan oyunlar olurdu və s. İndi Maqnus Karlsenin oynadığı aqressiv oyunlar keçmişdə, ümumiyyətlə, yox idi. İnana bilmirəm ki, illər sonra Maqnusdan da güclü şahmatçı olacaq. Bu adam, demək olar ki, səhv etmir.
- Dahi şahmatçılarla görüşləri xatırlayırsız?
- Moskvada keçirilən Tal Memorialında mənə dahi Korçnoy yaxınlaşıb dedi ki, "sən mənim ən sevimli oyunçumsan, sənə azarkeşlik edirəm". Onun sözlərinin şokundan ayılmamış dedi ki, “gözlə, gəlirəm”. Hədiyyə ilə qayıtdı - mənə şampan hədiyyə etdi. Bu görüş mənim üçün çox xoş idi. Deyəsən, növbəti gün turnirdə uduzdum, amma başqa şeyə görə heyfsilənirəm. Viktor Lvoviçə çox sözüm vari idi, necə bir dahi olduğunu ona demək istəyirdim, amma gecikdim. Fişerlə görüşmək şansım da var idi. İslandiyada keçirilən turnirdə administrator dedi ki, Fişer kitabxanada oturub,amma kefi yerində deyil və heç kimi görmək istəmir. Düşündüm ki, birdən mənimlə kontakta girməz və bu mənə yarış ərəfəsində pis təsir edər. Amma indi düşünürəm ki, kaş onunla görüşməyə cəhd edəydim.
- Kompüterə qalib gəlmək olar?
- Gələcəkdə bütün güclü şahmatçılar bir yerə toplaşsa, bəlkə kompüterlə heç-heçə edə bilərlər. Kompüteri insan yaradıb. Deməli, insan ona qalib gəlməyin yolunu da tapacaq. Mən bir dəfə kompüterə qalib gəlmişəm. Məsələ burasındadı ki, kompüter ancaq qələbəyə köklənib. Onun heç-heçəyə oynamaq kimi xüsusiyyəti yoxdu, amma mən heç-heçəyə oynadım. Bir anda kompüter qələbə üçün riskli gediş etməli oldu. Etdi və uduzdu.
- Yaddaşınız necədi? Gözüyumulu neçə partiya oynaya bilərsiz?
- Rahat 10 partiya oynaya bilərəm. Amma özbək Timur Qareyev var, o bu yaxınlarda 50 lövhədə oynadı və 48-də qalib gəldi. Bu çox böyük yüklənmədi.
- Həyatda güclü yaddaş köməyinizə çatır?
- (gülür) Elektron ünvanımın parolunu tez-tez unuduram, mobil telefonumu restoranlarda masanın üstündə unuduram. Elə bil ki, yaddaşımın dolmasından ehtiyatlanıram. Ona görə də şahmatdan kənar şeylərlə yaddaşımı doldurmuram. Bir dəfə turnirdə partiyaları yazmırdım. Yarış bitəndə isə oturdum və keçirdiyim 18 oyunun hamısını yazdım. Yoxlayanda gördüm ki, səhvsiz yazmışam. Sizə bir sirr açım, heç də bütün şahmatçılar yaxşı yaddaşa malik deyil. Bəziləri həmişə eyni debütdən istifadə edir.
- Şahmatçının ağlı adi insanın ağılından nə ilə fərqlənir?
- Deyirlər şahmatçının riyazi düçüncə tərzi var. Amma məncə, riyazidən daha çox intuitivdi. Tutaq ki, “şah”ı g1 xanasından hara çəkməlisən ki, 20 gedişdən sonra o zərbə altında qalmasın. Bunu hesablamaq mümkünsüzdü. Amma intuisiya kömək edə bilər. Anatoli Karpov çox güclü intuisiyaya malik şahmatçı idi.
- İntuisiyanı inkişaf etdirmək olar?
- Olar. Qəribəsi də odu ki, bir çox gənc şahamatçı və onların müəllimləri bunu etmirlər. Xeyli məşqlər var. Ən sadəsindən başlayaq: qəpik hansı əlimdədi? Vaxtilə düz tapa bilmirdim. Sonradan taktikamı dəyişdim və düşündüyümün əksini deməyə başladım. Bu taktika nəticə verdi. Şahmatda, adətən, ağlına gələn ilk fikir 90 faiz düz çıxır. Çox düşünəndə, tərəddüd edəndə tapdığın düz cavabın üstündən keçə bilərsən. İntuisiya çox önəmlidi. Mən sürətli şahmatı sevirəm. Məhz ona görə da sürətli şahmat üzrə dünya çempionu olmuşam.