...və ya yığmanı tarixi uğurdan uzaqlaşdıran detallar
Təxminlərimizdə yanlmadıq. Skokholmda İsveçə biabırçı oyun fonunda 0:3 hesabı ilə yenilən kişilərdən ibarət voleybol yığmamız AÇ-nin final mərhələsi ilə bağlı ümidləri məhv etdi. Tarixi ilklə bağlı arzuların digər qruplarda baş tutan oyunlardan sonra “suya düşməsi” rəsmi təsdiqini tapdı. Düzdü, Yunanıstanın aşkar liderliyi fonunda Fərid Cəlalovun komandası, son yenilgiyə rəğmən, ikinci pillədəki mövqeyini qorudu. Bununla belə, 5 ən yaxşı qrup ikinciləri sırasına düşmək və bununla da tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində mübarizə aparmaq fürsəti əldən çıxdı.
Bizim üçün qanqaraldıcı detallara keçid alaq. Reqlamentə əsasən riyazi hesablamalar aparılarkən qrup sonuncusu olan komanda ilə oyunların nəticəsi nəzərə alınmayacaqdı. Bildiyiniz kimi, yığmamızın yer aldığı G qrupunun autsayderi Lüksemburq oldu. Millimiz isə xal ehtiyatını əsasən “cırtdan”la oyunlarda nəzərəçarpan dərəcədə zənginləşdirdi. Səfərdə bu rəqibi 3:2 yenməklə 2, evdə 3:1 qalib gəlməklə 3 xal qazandıq. Yunanıstana isə hər iki oyunda uduzduq - səfərdə 0:3, evdə 2:3. Bu isə cəmi 1 xal deməkdi. İsveçlə qarşılaşmaların nəticəsi də bəllidi - evdə 3:2, səfərdə 0:3. Yəni skandinavlarla duellərdə qazancımız 2 xal olub. Burdan belə qənaətə gəlmək olur ki, yığmamız əslində 8 yox, cəmi 3 xalla qrup ikinciləri arasında yer alıb. Bu isə, təbii ki, yetərincə zəif göstəricidi. Halbuki 66 dəqiqəyə sığan son oyunda qazanılacaq istənilən hesablı qələbə, hətta 2:3 hesablı yenilgi belə yığmanı hədəfinə yaxınlaşdıracaqdı. Stokholmda xalsız qalması isə komandamızın 7 qrupun ikinciləri arasında sonuncu olmasını şərtləndirdi. İsrail də 6-cı kimi kənarda qaldı. Xoşbəxt “5-lik”də isə bu yığmalar yer aldı: Slovakiya, İspaniya, Finlandiya, Avstriya, Makedoniya. Fransa, Sloveniya, Hollandiya və Belçikanın şərikli evsahibliyi edəcəyi AÇ-də həmçinin Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa, Türkiyə, Belarus, Estoniya, Yunanıstan, Monteneqro, Portuqaliya, Rumıniya və Ukrayna mübarizə aparacaq.
Son söz əvəzi nə demək olar? Ədalət naminə qeyd edək ki, kişilərdən ibarət yığmamız, bu seçmə mərhələni nəzərə almasaq, heç vaxt azarkeşlərini bu dərəcədə ümidləndirib, intizarda saxlamayıb. Yox, bunun səbəbini komandanın gücündə, potensialında, səviyyəsində axtarmağın tərəfdarı deyilik. Sadəcə, Avropa Voleybol Konfederasiyası (CEV) bizim kimi kiçik, zəif komandaların da marağını nəzərə alaraq seçmə mərhələni daha münasib edib, üstəlik, AÇ-nin final mərhələsində komanda sayını artırıb. Çünki əvvəlki analoji yarışların mükafatları uğrunda əsasən 12, 16 komanda mübarizə aparıb. Bu dəfə isə say 24-ə çatdırılıb.
Yığmanın hədəfinə çata bilməməsində rol oynayan obyektiv səbəbləri də sadalayaq. Əsas bolkçu Dmitri Obodnikovun yoxluğu öz yerində, Stokholmda Vüqar Bayramov da bizə bəlli olmayan səbəblərdən meydanda görünmədi. Halbuki Vüqar Lüksemburqla oyunun ən məhsuldar (13 xal) voleybolçularından idi. Digər vacib məqam yığmanın lazımi səviyyədə təlim-məşq toplanışı keçməməsi və güclü rəqiblərlə sınaq görüşlərində üz-üzə gəlməməsidi. Bura ölkə çempionatının yeni mövsümünün dekabrın sonunda start götürməsini və indiyədək cəmi 1 turun baş tutmasını da əlavə edə bilərik. Bir sözlə, yekun nəticəyə təsir edən, həllini gözləyən problemlər başdan aşır. Bu isə ilk növbədə federasiya rəhbərliyinin üzərinə düşən vəzifədi. O ki qaldı Fərid Cəlalovun məsuliyyət yükünə, növbəti saylarımızda onun da dəlillərini diqqətinizə çatdırmağa çalışacağıq.
KƏNAN HƏSƏNOV