“Dünya çempionatında medal qazanmaq mümkünsüz idi”
Kişi və qadın ağır atletlər arasında Türkmənistanın paytaxtı Aşqabadda keçirilən dünya çempionatı finişə yaxınlaşır. Bizim üçün isə mundial bir neçə gündü başa çatıb. Ötən sayımızda 7 atletimizin nəticələrini diqqətinizə çatdırmışdıq. Qısaca xatırladaq ki, Məhəmməd Məmmədli (61 kq) 23-cü, Rüstəm Qasımov (67 kq) 26-cı, Kənan Xəlilov (67 kq) 25-ci, Füqan Əliyev (73 kq) 37-ci, Paşa İbrahimli (73 kq) 41-ci, Kənan Əliquliyev (81 kq) 37-ci, Tarmenxan Babayev (89 kq) isə 28-ci yeri tutub. Nəticələrin həddən artıq zəif olduğunu qeyd etməklə yanaşı, təmsilçilərimizin yaşının azlığını da önə çəkmişdik. Daha konkret olsaq, yığma üzvlərinin orta yaş həddi 18,8-ə bərabərdi. Amma təbii ki, bu ilk növbədə bizim problemdi. Ortada isə konkret rəqəmlər var ki, əsas tutarqa da budu.
Əlbəttə, uğursuzluq varsa, cavab verməli olan şəxsdən hesabat sormalıyıq. Bu isə yığma üzvlərinin hazırlığına və nəticələrinə cavabdeh olan baş məşqçidi. Asif Məmmədov 1 ilə yaxındı bu postu tutur. Gənc mütəxəssisdi, 38 yaşı var. Dünən onunla söhbətdə həm mundialı dəyərləndirdik, həm də yığma üzvlərinin perspektivinə işıq saldıq.
- Atletlərimizin çıxışı yalnız narazılığa yox, həm də narahatlığa səbəb oldu. Hər halda, 7 yığma üzvündən heç biri fəxri kürsüyə qalxmaq bir yana, ilk “20-liy”ə belə düşə bilmədi. Razı qalmaq üçün hansısa əsasınız var?
- Əlbəttə, yoxdu. Mən də bir məşqçi olaraq narazı qaldım. Buenos Ayresdə keçirilən yeniyetmələrin Olimpiadasında və gənclər arasında AÇ-də medal əldə etmişdik. Aşqabadda isə zəif çıxış etdik. Dünya çempionatının səviyyəsi başqadı, ən güclülərin qatıldığı yarışdı. Üstəlik, bu mundial ilk dəfə yeni qaydalarla keçirilir. Əvvəllər Olimpiadaya komandanın çıxışına əsasən vəsiqə qazanılırdısa, indi hər bir idmançı fərdi şəkildə bu hədəfin öhdəsindən gəlməlidi. Bizim heyət isə yenidi, uşaqların yaşı azdı, təcrübə çatmır. Bu üzdən fikrimcə, dünya çempionatında medal qazanmaq mümkünsüz idi. Mən də 1 ilə yaxındı bu heyətlə işləyirəm. Qarşıda daha 6 lisenziya xarakterli yarış var. Yəni şans bitməyib.
- Yığma üzvlərinin yaşının və təcrübəsinin azlığını başa düşdük. Bəs imkanından aşağı çıxış edənlər oldumu?
- Elə də böyük fərq olmadı. Təlim-məşq toplanışlarında və yarışlarda göstərdikləri nəticələrə uyğun çıxış etdilər. Aşağı-yuxarı, demək olar ki, eyni çəkini qaldırdılar. Buna rəğmən, dünya çempionatına qatılmaq çox vacib idi. Uşaqları güclü rəqiblərlə mübarizədə sınadıq, nəyə qadir olduqlarını gördük.
- Diqqətimizi çəkən bir məqam da oldu. Belə ki, bəzi atletlərimiz sonadək mübarizə aparmadılar, yəni “körpücüy”ə çıxmaqdan boyun qaçırdılar.
- Diz qeyd edirsiz. Bunun bir neçə səbəbi var. İdmançı hansısa yanaşmadan sonra özünü yaxşı hiss etməyə bilər. Yüngül zədə də bunda rol oynayır. Bizim idmançılarda da bu problemlər sözünü dedi. Həkimin də məsləhəti ilə “körpücüy”ə çıxmadılar. Yəni başqa səbəb axtarmağa lüzum yoxdu.
- Mundialda yalnız kişilər arasında təmsil olunduq. Məgər ölkəmizdə qadın atlet yoxdu?
- Əlbəttə ki, var. Elə biri Səbinə Əzimova. Yeniyetmələr arasında Avropa çempionudu. Başqaları da var. Sadəcə, böyüklər arasında çıxış etmək üçün hazır deyillər, yəni nəticələri buna imkan vermir. Legionerimiz Boyanka Kostovanın cəza müddəti bitib. Amma qaydalara görə yarışa qatılmaq üçün dopinq-testdən keçməlidi. Boyanka bunu etmədiyindən mundiala apara bilmədik.
- Ümumiyyətlə, zədə üzündən kənarda qalan atlet oldu?
- Yalnız Səbinə Əzimovanın adını çəkə bilərəm. Belində ağrılar var.
- Dopinqdə “ilişən” yetərincə potensiallı atletimiz var. Onlardan hansısa Olimiadaya kimi sıraya dönə biləcək?
- Yalnız Dadaş Dadaşbəylinin cəzasının müddəti gələn il başa çatır. Valentin Xristov, Firudin Quliyev, Elxan Əliquliyev isə 2023-cü ildə sıraya dönəcək. Yəni yaxın gələcəkdə onların qayıdacağı real deyil.
- Sonda narahatlıq doğuran məqama qayıdaq. Mundialda qeydə alınan nəticələr Tokio Olimpiadası ilə bağlı nikbin düşünməyə əsas vermir. Siz necə düşünürsüz, Olimpiadada hansısa atletimizi görə biləcəyik?
- Proqnoz verməyim düzgün çıxmaz. Çünki sabah necə olacağını heç kim deyə bilməz. Əlbəttə, istəyimiz budu ki, hansısa atletimiz Olimpiadaya vəsiqə qazansın. Tarmenxan Babayev bu vəzifənin öhdəsindən gələ biləcək potensialdadı. Füqan Əliyevlə Məhəmməd Məmmədli də perspektiv vəd edən idmançılardı. Gələn il keçiriləcək yarışlarda hər şey bəlli olacaq. Mən baş məşqçi olaraq Olimpiadaya lisenziya qazanacağımıza inanıram.
KƏNAN HƏSƏNOV