San Marinonun Serravalle şəhərində təşkil olunan 16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionuna yekun vurulub. Yığmamız iyulun 10-da Maltaya rahat qalib gəlib – 74:45 (20:12, 15:16, 23:4, 16:13). Cəbrayıl Əkbərov yenə dabl-dabla imza atıb. Həmyerlimiz 22 xal və 17 ribaundla qələbədə əsas pay sahibi olub. Marko Milovanoviç 16, Ramiz Quliyev 12, Simar Bəkirov 10, Fikrət Ələkbərovla Adil Çaybasarski 3, Rəvan Mirzəyev, Qurban Məmmədli, Rüstəm Mürvətov və Məhəmməd Səfixanlı hərəyə 2 xal toplayıb. Rəqibin heyətində Matyu Skerri 21 xal yığıb. Həmin gün digər təsəlliverici görüşdə Şotlandiya Albaniyanı üstələyib - 75:48. Yarımfinalda Andorra Avstriyadan (86:81), Uels San Marinodan (66:56) güclü olub.
Dünən həlledici qarşılaşmalar baş tutub. Moldova Cəbəllütariqi (72:57) məğlub edərək 9-cu, Malta isə Albaniyanı (70:65) yenərək 7-ci yeri tutub. Millimiz 5-ci yer uğrunda oyunda Şotlandiya ilə bacarmayıb – 62:71 (13:22, 15:24, 16:17, 18:8). Milovanoviç 33 xal və 15 ribaundla dabl-dabl edib. Əkbərov isə 10 xal və 22 ribaundla dabl-dabl müəllifi olub. Quliyev 8, Çaybasarski 6, Mirzəyev 3, Bəkirov isə cəmi 2 xal toplayıb. Şotlandların heyətində Kallum Mortimer 23 xalla komandasının qələbəsinin əsas səbəbkarı olub. Beləliklə, Elşən Yusubovun yetirmələri 6-cı yerlə kifayətlənib.
San Marinonu 65:43 hesabıyla devirən Avstriya bürünc medal qazanıb. Finalda isə Andorra Uelsə heç bir şans tanımayıb – 84:49. Hər iki finalçının gələn il B divizionunda mübarizə aparmaq hüququ əldə etdiyini də nəzərinizə çatdıraq.
SƏRXAN