İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyi sona yaxınlaşır. 1/8 finalda Maqsud Xasmetov (49 kq) belaruslu Ramil Əliyevə, Nurlan Səfərov (60 kq) rusiyalı Kaqir Minatullayevə, Səbuhi Abışov (64 kq) Polşanı təmsil edən Arman Dabaqyana, Nicat Həsənov (69 kq) serb Stefan Ristanoviçə qalib gəlib. Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq) və Məhəmməd Yusifov (75 kq) isə məğlub olub.
1/4 final səddini yalnız iki boksçumuz adlayıb. Səfərov Danimarkanı təmsil edən erməni Nikolay Terteryanı üstələyərək, ən azı bürünc medalı təmin edib. Yığma üzvü bu gün final yolunda holland Van Peer Kasla qarşılaşacaq. Həsənov isə belaruslu Nikita Buçkodan güclü olub. Üçüncü yeri təmin edən boksçumuz bu gün yarımfinalda şotland Samuel Hikki ilə qüvvəsini sınayacaq. Xasmetov, Abışov, Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq), Vüqar Səmədov (+91 kq) və Ruhanə Məmmədova (60 kq) medalsız qalıb.