Hakimimiz CEV kubokunun finalını idarə edəcək
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. “Dinamo” İtaliyada şok məğlubiyyətlə üzləşib. Kazanlılar “Konelyano”ya müqavimət göstərə bilməyib – 0:3 (19:25, 18:25, 17:25). Natalya Məmmədova 14 xalla qonaqların ən məhsuldar voleybolçusu olub. Tərəflər arasında cavab görüşü aprelin 4-də Tatarıstanın paytaxtında keçiriləcək.
Yeri gəlmişkən, Rusiya çempionatında 5-8-ci yerlər uğrunda mübarizə start götürüb. Burda 4 komanda dairəvi sistem üzrə yarışır və yekunda toplanan xallara əsasən yerlər müəyyənləşir. “Leninqradka” ilk qarşılaşmada “Proton”a uduzub – 0:3 (23:25, 21:25, 22:25). İlk iki setdə oynayan Kseniya Poznyak cəmi 1 xal qazanıb. Sankt-Peterburq təmsilçisi ikinci görüşdə “Saxalin”ə qalib gəlib – 3:0 (27:25, 25:23, 28:26). Yığmamızın üzvü 8 xalla qələbədə pay sahibi olub.
Türkiyədə də müvafiq mübarizəyə start verilib. Ancaq burda reqlament bir qədər fərqlidi. Belə ki, 1/4 finalda uduzanlar mübarizəni yenə pley-off mərhələsi sistemi üzrə davam etdirir. Uduzanlar 7-ci, qaliblər 5-ci yer uğrunda savaşacaq. “Beşiktaş” İstanbulda “Halkbank” üzərində əzmkar qələbəyə sevinib – 3:2 (23:25, 24:26, 25:17, 25:23, 17:15). Marqarita Əzizova yalnız 2-ci və 5-ci setlərdə meydana çıxıb və 3 hücum şansını boşa verib. Tərəflər arasında cavab görüşü martın 28-də Ankarada keçiriləcək.
Bu arada Avropa Voleybol Konfederasiyası (CEV) hakimlərimizə növbəti təyinat verib. Eldar Əliyev qadınlar arasında ÇL-in pley-off mərhələsinin cavab matçında ədaləti qoruyacaq. Aprelin 5-də İtaliyada baş tutacaq “Novara” - “Qalatasaray” oyununda həmyerlimiz rus Yevgeni Makşanovun köməkçisi olacaq. Eldar Zülfüqarov isə kişilərin CEV kubokunun final oyununa təyinat alıb. Hakimimiz titulun sahibinin müəyyənləşəcəyi mübarizənin ilk pərdəsində əsas referi funksiyasını yerinə yetirəcək. Söhbət aprelin 3-də Serbiyada baş tutacaq “Beloqorie” – “Ziraat Bankası” qarşılaşmasından gedir. Onun köməkçisi bolqar İvan Momirov olacaq.