Dünən “Bakı Marafonu-2018”in Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib. Tədbirdə mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq yarışda iştirak etmək üçün qeydiyyat prosesi, təlimlər, yarışa hazırlıq, marşrut və yeniliklər haqda məlumat verilib. Əvvəlcə “Bakı Marafonu-2018”in rəsmi videoçarxı nümayiş olunub. Məlumat verilib ki, ardıcıl 3-cü ildi təşkil olunan yarımarafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunan layihənin icraçısı isə “Sport Marketing Group” (SMG) şirkətidi. Yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burda iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, yarışların keçirilməsi nəzərdə tutulur. SMG şirkətinin direktoru Ayaz Əhmədov deyib ki, yarışda iştirak üçün 4000-dən çox şəxs qeydiyyatdan keçib. Martın 7-dən başlayan qeydiyyat prosesi mayın 5-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeydiyyat məntəqələri “28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall” ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10.00-dan axşam saat 22.00-a qədər işləyir. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdı. Korporativ qaydada qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdı) hər iştirakçıya görə 100 manat ödəməlidi. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər isə Heydər Əliyev Fondu tərəfindən ödənilir. Marafona fəxri iştirakçılar da dəvət olunub, onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da yer alacaq. Qeydiyyat daha erkən başladığından builki marafona daha çox iştirakçının qatılacağı gözlənilir. “Bakı Marafonu-2018”in Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimlər keçirilir. Marafon iştirakçıları məşqlərdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə templə qaçışa necə hazırlaşmaq lazım gəldiyini öyrənirlər. Yarımarafona qoşulmaq üçün qeydiyyatdan keçənlər məşqlərdə iştirak edə bilər. “Bakı Marafonu-2018” yarışında qaliblərin mükafatlandırma mərasimi iki kateqoriyada – kişi və qadınlar arasında ilk 3 yer üzrə aparılacaq. Hər iki kateqoriyada birinci yer üçün 3000, ikinci yer üçün 2000, üçüncü yer üçün isə 1000 manat məbləğində mükafat nəzərdə tutulur. Həmçinin qaliblərə hədiyyələr, medal və sertifikatlar veriləcək. Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə yarışda 4-10-cu yerləri tutanlara “Bakı Marafonu-2018”in sponsorları tərəfindən müxtəlif qiymətli hədiyyələr, həmçinin bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. “Bakı Marafonu-2018”in tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdı. Layihənin eksklüziv tərəfdaşı “Azercell” şirkətidi.
Qeyd edək ki, “Bakı Marafonu 2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı həyata keçirdiyi layihəsinə yönəldiləcək. İndiyədək Bakıda keçirilən yarımarafonda ən yüksək nəticəni Türkiyə vətəndaşı Veysi Aslan göstərib. O, ötən il finişə 1 saat 7 dəqiqəyə çatıb. “Bakı Marafonu-2016”nın qalibi Namiq Əsədov isə məsafəni 1 saat 17 dəqiqəyə başa vurub.