Dünən Milli Parkda “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda “Formula-1” çempionatının final yarışı baş tutub. Gərgin mübarizə şəraitində keçən yarışda Qubanın 7 saylı məktəbinin 11-ci sinif şagirdi Fərid İslamov Bakı Şəhər Halqasının dövrəsini 1 dəqiqə 46 saniyəyə (1:46:070) başa vuraraq, ən sürətli nəticəyə imza atıb. Bütün rəqiblərini üstələyən İslamov bunları deyib: “Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutan ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilən sınaq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm. Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqda məlumatlandırdı, həm də avtoidmana, xüsusən də “Formula-1”ə böyük maraq və həvəs oyatdı. Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra gəzməli-görməli yerlərdə, o cümlədən İçərişəhər və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızı daha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, finalda Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil edib. Bütün iştirakçılara BŞH tərəfindən İSMA şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verilib. Çempiona isə əlavə olaraq Azərbaycan “Qran-pri”si üçün tribunaya 2 nəfərlik 4 günlük bilet təqdim olunub.