“Azərbaycan xalqı öyrəşib ki, mən həmişə qızıl medal qazanım”
Fevralın 20-də Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında İstanbulda taekvondo üzrə klublararası Avropa çempionatında və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə “1 Premyer Liqa” turnirində medal qazanan idmançıların iştirakı ilə mətbuat konfransı keçirilib. AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov bu turnirlərin gələcək yarışlar üçün tramplin olduğunu söyləyib: “Bunlar böyük qələbədi. Bu uğurlar bir daha göstərdi ki, Azərbaycan doğru yoldadı. İndiki turnirlər gələcək yarışlar üçün tramplindi. Taekvondoçularımızın Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacaqlarına ümid edirəm. Hər iki federasiyanın nümayəndələrinə yeni uğurlar diləyirəm”.
Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, əsas məqsəd Olimpiya Oyunlarında uğur qazanmaqdı: “İnanıram ki, ölkəmizi yüksək səviyyədə təmsil edəcəyik. Dünyada yeganə 5 qat dünya, 12 qat Avropa çempionu bizdədi. Rafael Ağayev ölkəmizi yüksək səviyyədə təmsil etdi. Bizi qarşıda Avropa və dünya çempionatı gözləyir. Yenə qızıl medal qazanacağımıza əminəm. Milli Olimpia Komitəsinin rəhbərliyi idmana qayğı ilə yanaşır. Biz isə bu etimadı doğrultmaq istəyirik”.
Karate üzrə kişilərdən ibarət yığmanın baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Şahin Xudaverdiyev çox çətin rəqiblərə qarşı çıxış etdiklərini söyləyib və idmançıların etimadı doğrultduqlarını vurğulayıb: “Ümumilikdə 4-5 medal qazana bilərdik. Gələcəkdə bizi böyük yarışlar gözləyir. Orda daha yaxşı nəticələr göstərməyə çalışacağıq”.
Daha sonra Dubayda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Rafael Ağayev ayaqüstü jurnalistlərin suallarını cavablayıb.
- Premyer Liqada qızıl medal qazandın. Təəssüratların necədi?
- Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Premyer Liqada zəif idmançı olmur. Əvvəllər bir çəkidə 120 karateçi çıxış edirdisə, bunlardan iki-üçünü məğlub etmək asan olurdu. Lakin artıq 64 nəfər iştirak edir. Mübarizə çətinləşib. Olimpiya Oyunlarına hər çəki üzrə 7 nəfər lisenziya qazanacaq. Daha 2 karateçi Olimpiadaya "güzəştli kart"la yollanacaq. Bir nəfər isə yerli idmançı - yapon olacaq. Yəni 150 idmançıdan cəmi 7-si lisenziya qazana biləcək. Çalışıram ki, birinci olum. Hazırda çəkimdə dünya reytinqində birinci yerdəyəm. Dubaydakı yarış mənim üçün çox yaxşı keçdi. Sadəcə, döyüşlər ardıcıl olduğu üçün iranlı idmançı ilə yarımfinal qarşılaşması çətin alındı. Dünya çempionatının finalında da onunla döyüşmüş və qələbə qazanmışdım. Qarşıdakı yarışlarda da əlimdən gələni edəcəm ki, qızıl medal qazanım və himnimizi səsləndirim.
- Parisdə finalda uduzmağına səbəb nə idi?
- Peşəkar idmanda hər saniyə hər şey ola bilər. Üç dəqiqənin 2 dəqiqə 59-cu saniyəsinədək öndə idim. Son saniyədə zərbə buraxdım. Bu, mənim səhvim idi. Hamı üçün gözlənilməz hadisə baş verdi. Döyüşün bitməsinə 15-20 saniyə və ya 1 dəqiqə qalsaydı, qələbə qazana bilərdim. Bu, mənə dərs oldu. Peşəkar idmançı zirvədə olmaq üçün aşağı düşməlidi ki, zirvənin dadını bilsin. Bu idmandı. Biz də robot deyilik. Qələbə qazanmağı və uduzmağı bacarmalıyıq. Bu il mənim üçün çox uğurlu keçir. İlk iki ayda iki dəfə finalda çıxış etmişəm. Qızıl və gümüş medallar qazanmışam. Azərbaycan xalqı öyrəşib ki, mən həmişə qızıl medal qazanım. Çalışıram ki, bu adət-ənənəni saxlayım, xalqımı sevindirim. Məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm.
- Bir çox idmançılarda görmüşük ki, uğurlu çıxışdan sonra çəki saxlaya bilmirlər. Bu baxımdan səndə vəziyyət necədi?
- Gənc yaşlarımda çəki salmaqda problemlə üzləşirdim. Artıq 33 yaşım olacaq. Hər şey qaydasındadı. İnsan yaş artdıqca peşəkarlaşır. Məşqə, qidaya fikir verəndə hər şey qaydasında olur. Əvvəl çəkim 82 kq idi. Onu 75 kq-a qədər salırdım. Hərdən 73-74 kq da oluram. Belədə özümü yaxşı hiss edirəm. Düşünürəm ki, peşəkar idmançıda çəkisalma problemi olmamalıdı. İnsan həyatda nəyəsə nail olmaq istəyirsə, çox şeyi qurban verməlidi.
- Dubaydakı yarışda yaponiyalı karateçi Ken Nişimura yox idi. Ondan əvəz çıxmaq istəyirsən?
- Əsas arzum əvəz çıxmaq deyil. Əksər idmançıların arzusu Olimpiadada iştirak etməkdi. Mənim isə arzum qızıl medalı Azərbaycan xalqına bəxş etməkdi. Martın 16-da Hollandiyanın Rotterdam şəhərində keçiriləcək yarışa yapon idmançı da gələcək. Qismət olsa, döyüşəcəyik. Revanşı isə Yaponyada alacam.
SƏRXAN