Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ötən həftə Rusiyanın Soçi şəhərində təşkil olunan yeniyetmə və gənclərin Avropa çempionatında uğurla çıxış edən yığmanın üzvləri ilə görüşüb. Federasiya prezidenti Yaşar Bəşirovla 1-ci vitse-prezident Fərid Əsgərov 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan idmançıları təbrik edərək, bu nəticəni aşağı yaş qruplarında tarixi uğur kimi dəyərləndirib. Millinin məşqçisi Anar Allahverdiyev qitə birinciliyinə hazırlıq işlərində lazımi dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. Görüş zamanı həmçinin növbəti yarışlara hazırlıq məsələləri müzakirə olunub. Yığıncağın sonunda Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıb.