“Hüquqlarımı müdafiə edən vəkil sənədləri toplamaqla məşğuldu”
Güllə atıcısı İradə Aşumovanın həyat yoldaşı, həm də Ruslan Lunyovun atası Vladimir Lunyovun başına gələnlərdən xəbərdarsız. Qısaca yadınıza salaq ki, dekabrın 8-də redaksiyamıza təşrif buyuran məşqçi “Azercell”in onu məhkəməyə verməsindən narazı olduğunu bildirmişdi.
Deməli, 2015-in aprelində Lunyov işlə bağlı ABŞ-da olarkən bilmədən adıçəkilən mobil operatorun internet rominq xidmətindən yararlanıb. Balansındakı pullar qurtarandan sonra adına borc yığılıb və sonradan məlum olub ki, məbləğ təxminən 2100 manatdı. “Azercell”dən məsələ ilə bağlı müştəriyə xəbərdarlıq edilsə də, Lunyov buna önəm verməyib. Nəticədə nömrəsini bağlayıblar, özünü məhkəməyə veriblər.
Aşumovanın həyat yoldaşı redaksiyamıza məhz məhkəmədən çıxıb gəlmişdi. Onu narazı salan “Azercell”dən müştərinin balansındakı pulun qurtarması ilə bağlı xəbərdarlığın gəlməməsiydi. Qısası, aldadıldığını düşündüyündən qarşı tərəfə pul ödəmək niyyətində deyildi. Sonradan “Azercell”ə məktub ünvanladıq. Mobil operatorun cavabı belə oldu ki, bəs Lunyovun bu söhbətdə dedikləri özünü “sığortalamqdan” başqa bir şey deyil. Tərəflər arasında müqavilə bağlanan vaxt bütün detallar rəsmi sənəddə göstərilib və müştəri öz imzasıyla bunu təsdiqləyib. Belə deyək, güllə atıcısı məşqçisi kimi, “Azercell” də özünü haqlı saydığını bildirmişdi.
Məlum qalmaqalın üstündən təxminən iki ay vaxt keçdiyini nəzərə alıb, dünən Vladimir Lunyovla əlaqə saxlayıb, problemin həll olunub-olunmadığını soruşduq. Cavabı belə oldu: “Birinci məhkəmədə hakim təfərrüata varmadan qərarı “Azercell”in xeyrinə çıxarmışdı. Mən isə qərarla razılaşmadığımdan apellyasiya şikayəti vermişdim. Hazırda hüquqlarımı müdafiə edən vəkil sənədləri toplamaqla məşğuldu. Bir-iki günə ezamiyyətə yollanmağa hazırlaşıram. Bir neçə gün burda olmayacam. Məncə, növbəti məhkəmə prosesi martda olacaq. Onların əlində sənəd ola bilər, amma əsas sənəd yoxdu. Məsələn, “Bakcell” bu cür hallarda müştərilərinə xəbərdarlıq, yəni təklif mesajı göndərir. Dünyanın hər yerində belədi. Müştəri razılıq vermədən adına borc yazılmır. “Azercell” isə məni məlumatlandırmayıb, söhbət bundan gedir. Təzəlikcə yeni xidmət növü açıblar. Balansın qurtarmağına az qalmış müştərini xəbərdar edirlər. Halbuki o vaxt belə şey yox idi. Nə isə, gələn aya qədər gözləyək, görək nə olur”.
HƏBİB