Dünən Koreyanın Pxençxan şəhərində keçiriləcək 23-cü Qış Olimpiya Oyunlarında mübarizə aparacaq yığmamızın məskunlaşdığı Olimpiya kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib. Tədbirə millimizin şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin rəsmisi Həsənağa Rzayev və başqa rəsmi şəxslər qatılıb. Sabah startı veriləcək və fevralın 25-dək davam edəcək Olimpiadada ölkəmizi yalnız Patrik Braxnerin təmsil edəcəyini daha öncə xəbər vermişdik. Belədə bayraqdar funksiyasını da yerinə yetirəcək 26 yaşlı avstriyalı slalom və nəhəng slalom növlərində çıxış edəcək.
Nümayəndə heyəti isə bu gün Koreyaya yollanacaq. Nümayəndə heyətinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Səfərə onunla birgə MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və başqa şəxslər də çıxacaq.