Fərid Cəlalov onu tənqid edənləri qınadı
“Çağırış” kuboku
LOKOMOTİV – Olimpiakos (Yunanıstan) 0:3 (12:25, 20:25, 24:26)
Lokomotiv: Pərviz Səmədov - 10, Vüqar Bayramov - 7, Dmitri Obodnikov - 5, Aleksey Çervyakov - 5, Dmitri Baranov - 4, İvan Kazaçkov - 3, Andrey Vasilenko – 1, Kənan Allahverdiyev (l), Murad Abdurazakov, Əli Məhəmmədov, Asif Əliyev.
Baş məşqçi: Fərid Cəlalov.
Olimpiakos: Jeroen Rauverdink - 11, Nikos Zupani - 8, Mikko Oyvanen - 7, Todor Alekseyev - 7, Markus Böhme - 7, Yannis Rumeliotakis - 4, Georgios Petreas - 3, Paraskevas Tselios - 3, Andreas Andreadis - 2, Fabian Drjiqa – 2, Konstantinos Kristofidelis, Konstantinos Stivaçtis, Georgios Stefanu (l), Teoloqos-Xristos Daridis.
Baş məşqçi: Fernando Munyos Benites.
Hakimlər: Matsiey Matsieyevski (Polşa), Nikolas Hekford (İngiltərə).
1 fevral. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 450 tamaşaçı.
Oyun vaxtı: 75 dəqiqə (23+25+27).
Pireydə “Olimpiakos”dan set ala bilməyən “Lokomotiv” Bakıda minimum 3:1 hesablı qələbə qazanmağı hədəfləmişdi ki, daha sonra “qızıl” setdə sevinən tərəf olsun. Ancaq Yunanıstan çempionatının lideri debütanta yerini göstərdi. “Çağırış” kubokunda iki mərhələ adlamaqla çoxlarını təəccübləndirən “dəmiryolçular” bu dəfə doğma meydan amilindən yararlana bilmədi. Hə, buna görə ölkə çempionuna biganə qalan voleybolsevərləri də qınamaq olar. Tribunaların heç üçdəbiri dolmursa, rəqibə təzyiqdən və yerli komandaya dəstəkdən danışmağa dəyməz. Yenə sağ olsun, “Azərreyl”in fanklubu. Sadiq fanatlar Dərnəgül Voleybol Mərkəzinin yolunu tutmuşdu.
Oyuna gəlincə, artıq ilk setdən qonaqların işi uzatmaq fikrində olmadıqları üzə çıxdı. Setin əvvəlindən təşəbbüsü ələ keçirən “Olimpiakos” bütün komponentlərdə “Loko”nu üstələyirdi. İkinci setin əvvəlləri xala-xal prinsipi ilə keçdi. Ancaq blokda olduqca səlist oynayan yunanlar tədricən üstünlüyü ələ keçirdi. Nəticədə bu set də əldən getdi. Bununla da təmsilçimizin mübarizəni 1/8 finalda dayandıracağı dəqiqləşdi. Çünki əzmkar qələbənin də bir faydası olmayacaqdı.
Fernando Munyos Benites 3-cü setdə ehtiyat oyunçulara şans vermək qərarına gəldi. Əsas heyət üzvlərindən yalnız Jeroen Rauverdink meydanda qalmışdı. Çalışdırıcı hətta liberonu da dəyişmişdi. Təbii, ikinci heyət əsas oyunçular qədər güclü deyildi. Bu da “Lokomotiv”in əl-qolunu açdı. Ancaq Fərid Cəlalovun komandası başabaş gedən setin sonunu uğurlu gətirə bilmədi. Beləliklə, 74 dəqiqə ərzində bütün suallara aydınlıq gəldi. Hər halda, mövsümlərarası fasilədə heyətin ciddi mənada güclənmədiyini, komandanın gec hazırlığa başladığını, çempionat dekabrda start götürdüyü üçün voleybolçuların oyun praktikası azlığından əziyyət çəkdiyini nəzərə alsaq, bu mərhələyədək irəliləməyi də “Lokomotiv” üçün uğur saya bilərik.
Reaksiyalar
Fernando Munyos Benites: “Evdə olduğu kimi, səfərdə də yaxşı oynadıq. Bilirdik ki, “Lokomotiv” bu oyuna yaxşı hazırlaşıb. Ancaq ilk iki setdə taktiki və texniki cəhətdən çox yaxşı çıxış edib, növbəti mərhələyə yüksəldik. Növbəti hədəfimiz yarımfinala çıxmaqdı. Fikrimcə, turnirin favoritləri “Bunqe” (İtaliya), “Qazprom-Yuqra” (Rusiya) və “Maliyə Piyanqo” (Türkiyə) sayılmalıdı”.
Fərid Cəlalov: “Əlimizdən gələni etdik. Sadəcə, komandaların güc nisbəti həlledici oldu. Oyunu görməmiş danışmaq asandı. Bizim səfərdə uduzmağımıza söz atanlar var idi. Buna çox təəssüf edirəm. Mən Azərbaycan voleybolunun inkişafına dəstək verilməsini gözləyirəm. Kənardan mətbuata əleyhimizə müsahibə verməsinlər. Rəqibin servislərini və müdafiəsini gördüz. Biz bacardığımızı etdik. Amma gücümüz bundan artığına imkan vermədi. Bu turnir “Lokomotiv”ə çox şey verdi. Əsas odu ki, komandaya özünəinam qazandırdı. Sadəcə, oyunçu çatışmazlığı daha da irəliləməyə imkan vermədi. Məsələn, ehtiyatda top qəbul edəcək voleybolçu yoxdu. Məcburiyyətdən diaqonal oyunçunu qəbula, orta oyunçunu isə diaqonala qoyuruq. Komandanı tam komplektləşdirmək lazımdı. 14 oyunçudan dördü top qəbul edən hücumçu, ikisi diaqonal olmalıdı. Bizdə cəmi bir diaqonal oyunçu var. O da Pərviz Səmədovdu”.
SƏRXAN