Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel” turniri davam edir. Həftəsonu daha 2 tur geridə qalıb. Şənbə günü 7-ci turun oyunları keçirilib. Bir gün əvvəl partiyası hamıdan gec bitən Şəhriyar Məmmədyarov (2804) bu dəfə şahmat lövhəsini ən birinci tərk edib. Həmyerlimiz ağ fiqurlarla 30-cu gedişdə Yi Veyə (Çin, 2743) qalib gəlib. Bu, yığmamızın liderinin yarışda ardıcıl 3-cü, ümumilikdə 4-cü qələbəsi olub. Maqnus Karlsen (Norveç, 2834) Yifan Hounu (Çin, 2680), Sergey Karyakin (Rusiya, 2753) Fabiano Karuananı (ABŞ, 2811), Vladimir Kramnik (Rusiya, 2787) Vişvanatan Anandı (Hindistan, 2767) üstələyib. Uesli So (ABŞ, 2792) – Aniş Giri (Hollandiya, 2752), Maksim Matlakov (Rusiya, 2718) – Baskaran Adhiban (Hindistan, 2655) və Qaveyn Cons (İngiltərə, 2640) – Pyotr Svidler (Rusiya, 2768) görüşü heç-heçə bitib.
Dünən isə 8-ci tur geridə qalıb. Bu dəfə “qaralar”la oynayan Məmmədyarov 32-ci gedişdə yerli publikanın sevimlisinə uduzub. Başqa sözlə, Giri təmsilçimizin məğlubiyyətsizlik seriyasını qırıb. Belədə Şəhriyar vahid liderliyi əldən verib. Anişlə yanaşı, Maqnus da ona şərikdi. Dünya şahmatının lideri Consdan güclü olub. Karuana isə qadın şahmatının ən güclüsü olsa da, superturnirdə autsayder imicindən qurtula bilməyən Hounu yenib. Svidler – Anand, Kramnik – So, Adhiban – Karyakin və Vey – Matlakov duelində qalib müəyyənləşməyib.
Xal durumu: Giri, Karlsen, MƏMMƏDYAROV – 5,5, Kramnik, So – 5, Anand, Karyakin – 4,5, Svidler, Matlakov – 4, Cons – 3,5, Vey, Karuana – 3, Adhiban – 2, Hou – 1.
Bu gün turnirdə ikinci istirahət günü olacaq. 9-cu turun qarşılaşmaları sabah baş tutacaq: Cons – Hou,
Anand - Karlsen, So - Svidler, MƏMMƏDYAROV – Kramnik, Matlakov – Giri, Karyakin - Vey, Karuana - Adhiban.
Bu arada Məmmədyarov son iki qələbəsi və yarışdakı çıxışı ilə bağlı danışıb. Yarışın mətbuat xidmətinə açıqlama verən Şəhriyarın fikirlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Adhibanla oyun göstərdi ki, rəqib o qədər də yüksək formada deyil. Artıq debütdə üstünlüyüm var idi. Maraqlı vəziyyət yaranmışdı. Daha sonra təzyiqi artırdım və hücumlara davam etdim. Buna baxmayaraq, “ağlar”ın yetərincə səliqəli vəziyyəti var idi. Fikirləşirdim ki, heç-heçə pis nəticə olmaz. Ancaq lövhədə qeyri-adi gedişlərlə üstünlük əldə etməyə çalışdım. Hərçənd gedişlərimin bir çoxunun anlamını özüm də başa düşmürdüm. Seytnotda kobud səhvlərə yol verdim. Bu artıq məndə birinci dəfə deyil. Nəticədə hindistanlı şahmatçı qələbə qazanmağa yaxın oldu. Təcili vəziyyətdən çıxış yolu fikirləşməliydim. Lazımi gedişləri tapa bildim. Bu oyunda uduza da bilərdim. Səhvlərlə dolu və eyni zamanda çox maraqlı görüş alındı. Çox yaxşı ki, qarşılaşma xeyrimə yekunlaşdı. Belə yarışda lider olmaq xoşdu. Ancaq hələ irəlidə çoxlu oyunlar var. Çalışacam ki, yarışın qalan hissəsini də yüksək səviyyədə keçirim. Turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəm... Vey ehtiyatlı oyun sərgiləyirdi. Düşünmək olardı ki, qarşılaşma heç-heçəyə doğru gedir. Ancaq sonra Çin şahmatçısı səhvə yol verdi. Belədə partiyada təşəbbüs tam mənim tərəfimə keçdi. Gedişdən-gedişə üstünlüyüm daha da artdı və tezliklə mütləq qələbə reallaşdı... Bura ancaq həyat yoldaşımla gəlmişəm. Hazırda mənə şahmatda kömək edən cəmi 1 nəfər var. Bu da normaldı... Əslində xüsusi heç nə etmirəm. Təkrarlanan gedişlərdən imtina edirsənsə, riskə getmiş olursan. Bəzən belədə məğlub durumdan qələbəyə gəlirsən... Reytinqimin yüksəlməsi məni həyəcanlandırmır. Mən belə şeyləri çox sakit qarşılayıram. Əlbəttə, əmsalımın artması məni şad edir. Ancaq mən heç vaxt bunun üçün yaşamamışam və əsas arzum bu olmayıb. Reytinq arta da, 100 vahid düşə də bilər. Mənim karyeramda belə təcrübə olub. Bu üzdən çalışacam ki, mümkün qədər yaxşı oynayım. Görək bunun nəticəsi necə olacaq. Hələ ki hər şey yaxşı gedir. Mən vəziyyətimdən razıyam. Ümid edirəm ki, bundan da yaxşısına nail olaram”.
SƏRXAN