"Sərhədçi" İdman və Olmpiya mərkəzində Braziliya ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib. Yarışın mükafatları uğrunda 13 ölkədən 30 komanda mübarizə aparıb. Ümumilikdə 172 idmançının gücünü sınadığı turnirdə müxtəlif çəki dərəcələrində və kəmər uğrunda döyüşlər baş tutub.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin protokol rəisi Şiraslan Kərimov ölkə rəhbərliyinin idmana diqqət və qayğısından danışıb. Daha sonra dünyanın tanınmış Braziliya ciu-citsu məktəblərindən sayılan “Ludus”un təsisçisi və rəhbəri, bu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria çıxış edib. Natiq ölkəmizdə bu idman növünün artıq yetərincə tanındığını və gündən-günə populyarlaşdığını bildirib. Və dövlətimizin bu yarışın keçirilməsi üçün dəstəyini əsirgəməməsindən məmnunluq hissi duyduğunu deyib.
Bundan sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov tədbirlə bağlı təəssüratını bölüşüb: "Bu gün belə beynəlxalq və mötəbər turnirin Azərbaycanda keçirilməsi məhz dövlətin apardığı idman siyasətinin bir nəticəsidi ki, biz də bundan bəhrələnirik. Azərbaycanda idmana olan diqqət və qayğı beynəlxalq federasiyaların da bu cür turnirləri ölkəmizdə keçirməyə can atmasına səbəb olur. Braziliya ciu-citsu idman növü üzrə belə böyük turnirin Azərbaycanda keçirilməsinə nail olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Çünki biz bu sahədə bir ilkə imza atmışıq".
Fəxri qonaqlar arasında yer alan Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisi Füzuli Musayev də açılış mərasimində çıxış edərək, ölkəmizdə bu idman növünə marağın artmasını və qısa müddət ərzində idmançılarımızın əldə etdiyi böyük nailiyyətləri qeyd edib.
Bədii hissədə "Suvar" ləzgi xalq ansamblının ifasında milli rəqslər nümayiş etdirilib. Məşhur müğənnilər Roza Zərgərli və Məryəm Şabanova da öz ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.
Braziliya ciu-citsu idman növü üzrə beynəlxalq turnirlər bir neçə nüfuzlu qurumun əlində cəmləşib ki, onlardan biri də Əbu Dabi Federasiyasıdı. Azərbaycanda isə bu idman növü üzrə artıq neçə ildi yerli çempionatlar keçirilsə də, ölkəmiz bu idman növü üzrə ilk dəfə belə böyük turnirə evsahibliyi edir. Yəni ilk dəfə ölkəmizdə "Abu Dhabi İnternational Pro" yarışı keçirilir. Bunda isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin böyük rolu var.
Məlumat üçün qeyd edək ki, Braziliya ciu-citsusunu ilk dəfə ölkəmizdə yayan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov olub. Yəni onun bu idman növünün populyarlaşmasında müstəsna xidmətləri var. Taleh Həsənov ictimai birliyi təsis etməklə yüzlərlə tələbənin yetişməsində, müxtəlif turnirlərdə ölkəmizi layiqincə təmsil etməsində rol oynayıb. "Abu Dhabi İnternational Pro" turnirinin ölkəmizdə təşkilində ictimai birliyin sədrinin birinci müavini Rəsul Məmmədovun, prezidenti Aqil Acalovun, 1-ci vitse-prezidenti Murad Cəfərovun, mədəniyyət üzrə vitse-prezidenti Zavir Nəcəfovun da əməyi qeyd olunmalıdı.
Döyüş meydanında yaşananlara gəlincə, Azərbaycan komanda hesabında nüfuzlu turniri qalib qismində başa vurub.