Almaniyanın Baden-Baden şəhərində keçirilən “GRENKE Chess Classic 2019” superturnirinə dünən yekun vurulub. Yarışdakı yeganə təmsilçimiz Arkadi Naydiç son turda yalnız qələbə qazanacağı təqdirdə uğurlu sonluğa ümid edə bilərdi. Rəqib də münasib idi. Turnirin autsayderlərindən Georq Mayeri ağ fiqurlarla sınağa çəkən yığmamızın üzvü oyunu qələbə ilə başa vurmaqda çətinlik çəkməyib. Dəqiq gedişlərin nəticəsi olaraq, almaniyalı qrossmeyster 40-cı gedişdə mübarizə aparmağın mənasız olduğunu dərk edərək “ağ bayraq” qaldırıb. Bu nəticə isə Naydiçin üçüncü yeri tutmasını şərtləndirib. Superturnirin qalibi adını şahmat tacının hazırkı sahibi Maqnus Karlsen qazanıb. Norveçlini son turda hətta heç-heçə belə qane edirdi. Bununla belə, ənənəsinə sadiq qalan Maqnus turnirdə 6-cı qələbəsini qazanmaqla hazırda “1 nömrə” olduğunu növbəti dəfə isbatlayıb.
9-cu tur
Vinsent Kaymer (Almaniya, 2516) - Fransisko Valyexo (İspaniya, 2693) 0:1
Maqnus Karlsen (Norveç, 2845) - Maksim Vaşye-Laqrav (Fransa, 2773) 1:0
Vişvanatan Anand (Hindistan, 2774) - Pyotr Svidler (Rusiya, 2735) 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2819) - Levon Aronyan (Ermənistan, 2763) 0,5:0,5
Arkadi Naydiç (2695) - Georq Mayer (Almaniya, 2628) 1:0
Karlsen 7,5 xalla turniri zirvədə başa vurdu. Karuana 6 xalla ikinci, Naydiç 5 xalla üçüncü oldu. Vaşye-Laqrav da eyni nəticəyə imza atsa da, əlavə əmsallara görə 4-cü yeri tutdu. Sonrakı pillələrdə uyğun ardıcıllıqla hərəyə 4,5 xal toplayan Svidler, Anand və Aronyan, 4 xala malik Valyexo, hərəyə 2 xal qazanan Kaymerlə Mayer qərarlaşdı.